Braziliyada “İRS-Heranca” jurnalının portuqal dilində növbəti – beşinci buraxılışı işıq üzü görüb.
Azərbaycanın Braziliyadakı səfirliyindən Axar.az-a bildirilib ki, ənənəvi olaraq, jurnalın bu nömrəsində ölkəmizin mədəniyyətinə, qədim tarixinə, müasir inkişafına, tolerantlıq siyasəti və idman həyatına aid məlumatlar yer alıb.
Jurnalın baş redaktoru Musa Mərcanlı giriş sözündə Dağlıq Qarabağın tarixi, ermənilərin bu torpaqlara əsassız iddiaları və 27 ildən sonra ölkə başçısının rəhbərliyi altında bu torpaqların azad olunmasından söz açıb. Jurnalda həmçinin, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa haqqında, ölkəmizin arxitekturası və zəngin xalçaçılıq ənənələrindən bəhs edən məqalələr yerləşdirilib.
Bununla yanaşı, məşhur rəssamımız Səttar Bəhlulzadənin əsərlərində kəlağayı motivləri, Bakıda keçirilən Formula 1 yarışlarına həsr edilmiş yazılar da dərc olunub. Bundan əlavə, Qarabağ münaqişəsinə dair tədqiqatlar aparan Joao Xavyerin “Unudulmuş Dağlıq Qarabağ münaqişəsi” adlı, həmçinin, müəllif Klaudo Klaus tərəfindən yazılan və Azərbaycanın multikulturalızm ənənələrindən bəhs edən məqalələr dərc edilib. 500 ədəd tirajla çıxan “İRS” jurnalının 5-ci nömrəsi Azərbaycanın Braziliyadakı səfirliyi ilə birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.
Qeyd edək ki, bu jurnal Braziliyanın hökumət orqanları, Konqresi, Senatı, ali təhsil ocaqları və vətəndaş cəmiyyət institutları arasında yayılır.
Qarabağ müharibəsindəki uğursuzluğun məsuliyyətini üzərimə götürən kimi maraqlı proses başlayıb: hamı son 25-30 ildəki səhvləri mənə və hazırki hakimiyyətə yükləməyə çalışır.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
“O səviyyətə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran və danışıqları Ermənistan-Azərbaycan müstəvisində aparan şəxs (Robert Köçəryan nəzərdə tutulur – red.) Qarabağın ərazi bütövlüyü kontekstində mübahisələndirilməsinə görə bizi günahlandırır. Bu məsələ ərazi bütövlüyü çərçivəsinə o vaxt gəlib ki, Ermənistan danışıqları Qarabağın əvəzinə aparıb və bu, 20 il əvvəl olub”, - Paşinyan deyib.
Nikol Paşinyan eyni zamanda bu savaşla dünyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməsində də onu günahlandıran Köçəryana bu cür cavab verib:
“Bu ittihamı o adam səsləndirir ki, öz hakimiyyəti dövründə erməni cəmiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqda qəbul edilən beynəlxalq sənədlərin “heç bir təhlükə yaratmadığını” deyirdi. O deyirdi ki, təyyarədə tualetə girərkən və qapını bağlayarkən də “occupated” yazılır. Yəni “işğal edilmiş” sözündə dəhşətli heç nə yoxdur”.
Qeyd edək ki, ötən gün "5-ci kanal"a müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib.
“Dağlıq Qarabağ münaqişəsi” anlayışı artıq işlədilməməlidir. Qarabağ Azərbaycandır və nida!
Əlbəttə, gərginlik hələ uzun müddət davam edəcək, çünki Ermənistan ictimaiyyəti məğlubiyyət acısını yaşayacaq. Onlar qisas almaq istəyəcək ki, bu da prinsipcə indiki mərhələdə mümkün deyil.
Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.
Onun sözlərinə görə, Ermənistan dövlətin saxlanılması haqda düşünməlidir. Amma bir ay keçməmiş ölkənin yeni XİN başçısı münaqişə ritorikasını gücləndirməyə başlayıb.
Ermənistan tərəfinin Azərbaycan ərazilərinə vurduğu zərbələrdən danışan ekspert vurğulayıb ki, talan edilmiş abidələr, qəbirlər və dağıdılmış şəhərlər beynəlxalq hüquq normaları üzrə işğalçı ölkəyə qarşı irəli sürülmüş iddiaya daxil edilməlidir:
“Fikrimcə, Azərbaycana dəyən ziyanın dəyəri daha əvvəl səsləndirilən rəqəmlərdən qat-qat çoxdur. Qeyd edim ki, İrəvanın pulu yoxdur. Əgər ona borc verilsə, bu, bir neçə nəslin əsarəti olacaq. Digər tərəfdən, xatırladaq ki, İkinci Qarabağ müharibəsinin başlanğıcında dünyanın hər yerindən erməni iş adamları təklif edirdilər ki, Azərbaycandan ermənilər üçün Qarabağ torpağını satın alsınlar. Buna əsaslanaraq İrəvana Zəngəzuru və Bakı üçün vacib olan digər strateji obyektləri verməyi təklif etmək olar ki, bu da işğal dövrünün fəlakətli borclarının silinməsi ilə nəticələnər”.
Ermənistandakı vəziyyət və hakimiyyətə münasibətlə bağlı “Qallap” (Gallup International association) şirkəti sorğu keçirib.
Axar.az xəbər verir ki, 25 noyabr-2 dekabr arasında keçirilən sorğuda iştirak edənlərin 38%-i Paşinyanı dəstəkləyib və onun vəzifəsinə davam etməsi gərəkdiyini bildirib. 45% isə onun istefa verməsi gərəkdiyini söyləyib.
Növbədənkənar seçkilərə heç bir ehtiyac görməyənlər 41%, bunu lazımlı sayanlar isə 46% təşkil edib.
Respondentlərin 32%-i prezident üsul-idarəsinə qayıtmağı vacib sayıb, 38% isə hazırkı sistemi məqbul hesab edib.
Şirkət ilin sonuna qədər daha iki sorğu keçirəcəyini elan edib.
Qeyd edək ki, Paşinyanın iyun ayında reytinqi 85% olsa da, müharibəyə səbəb olması və kapitulyasiya imzalamasından sonra hələ də reytinqinin 38% olması yüksək nəticə sayılıb. Belə ki, onun ümumilikdə xalqın içində dəstəyinin tükənmədiyi üzə çıxıb.
Əksinə, bir müddət öncə keçirilən sorğuda Paşinyanın reytinqinin 30 faizə düşdüyünü qeyd edən ekspertlər hazırkı nəticəyə görə Ermənistan Baş nazirinin cəmi bir həftəyə vəziyyətini xeyli düzəltdiyini iddia ediblər.
Qarabağ bəyanatı Azərbaycan üçün siyasi və hərbi qələbədir.
Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı” portalına açıqlamasında rusiyalı filosof Aleksandr Duqin deyib.
“Azərbaycan öz əraziləri üzərinə nəzarəti bərpa etdi. “Pir qələbəsi” olur, amma Azərbaycanın qələbəsi əsl və birmənalıdır. İlham Əliyev Dağlıq Qarabağ ətrafındakı situasiyanın həlli ilə bağlı siyasi müdriklik göstərdi. Bu konfliktin Azərbaycanın xeyrinə həllində böyük rol oynadı. Əliyev bu müharibənin qəhrəmanıdır, tarixə düşən əsl qəhrəmandır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Əliyev hərbi əməliyyatları başlatmaqla bərabər, nüfuzlu müttəfiqlər arasında münasibətləri qoruyub saxlaya bildi ki, bu çox çətin bir şeydir:
“İlham Əliyev müharibə və siyasətdə Scilla və Xaribda arasından keçdi. Bu, böyük ustalıqdır. Düşünürəm ki, İlham Əliyev hazırda dünyada bir nömrəli siyasətçidir. Son illərdə heç kim Əliyev kimi belə möhtəşəm şəkildə öz xalqı və ölkəsi üçün milli maraqları reallaşdırmayıb”.
Duqin Əliyevi hazırda daha bir ciddi döyüşün gözlədiyini söyləyib:
“Rus sülhməramlıları hazırda Qarabağda ona görə yerləşiblər ki, Azərbaycan tərəfinə erməni əhalisinin haqlarını nəzərə alaraq nəzarətin ötürülməsini tam təmin etsinlər. Azərbaycan üçün çağırış budur. Burada düşünürəm ki, Əliyev onun da öhdəsindən gələcək, çünki bu – multikulturalizmin və xalqların haqlarının təminatı onun işidir. Burada məsələ xüsusidir. Rus icmasını dəstəkləmək başqa bir şey, kiçik xalqların haqlarını irəlilətmək ayrı bir şey, erməni əhalisi ilə konfliktdən sonra iş görmək tamam başqa məsələdir. Bu, çox ciddi, çox çətindir. Ona görə də əgər İlham Əliyev mənəvi döyüşü qazansa, Dağlıq Qarabağdakı dinc əhalinin hər şeydən sonra Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin etsə, bu, əsl qələbə olacaq və Ermənistanın özündə antiazərbaycan millətçi ritorikasının yumşaldılmasına təsir edəcək. Bu gün istənilən güc tətbiqi aktı, Azərbaycan əsgərinin istənilən düşünülməmiş reaksiyası Azərbaycanın qalib kimi qəbuluna neqativ təsir edə bilər. Əgər erməni dinc sakininin başından bir tük belə düşsə, əgər ermənilərə münasibətdə hansısa ədalətsizlik olsa, bu, Azərbaycana ziyan edəcək. Ona görə də bütün vasitələrlə belə şeylərə yol verilməməlidir”.
Duqin bunların reallaşdırılacağı halda Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı missiyasının bitəcəyini, azərbaycanlılar və ermənilərin Azərbaycan və Ermənistana qayıdacağını bildirib.
Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, dekabrın 1-də gecə saat 1 radələrində Beyləqan ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Mercedes” markalı avtomobilə saxla işarəsi verib.
Lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib. Həmin sürücü avtomobili ilə birlikdə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib. Araşdırmalarla onun Beyləqan rayon sakini Tural Əliyev olduğu müəyyən edilib.
Sürücü T. Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunaraq inzibati qaydada həbs edilib.
Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər. Sözügedən hal bilavasitə demokratik münasibətlərin təzahürüdür. Məlumat verildiyi kimi, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi şəkildə partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri təşkil olunur.
Axar.az xəbər verir ki, bu səpkidə növbəti görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 2-də Milli Məclisin deputatları - Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, həmçinin Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz ilə keçirilib.
Görüşlərdə Vətən müharibəsində qazanılmış böyük Qələbə, Ordumuzun şücaəti, Azərbaycanın keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçməsi, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunması, COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti, “Siyasi partiyalar haqqında” Qanunun yeni layihəsi və bir sıra digər önəmli mövzular müzakirə edilib.
Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, əslində, dünyaya yeni hərbi strategiya nümayiş etdirib. Əminliklə vurğulanıb ki, Azərbaycanın sözügedən təcrübəsi bir çox ölkələr tərəfindən öyrəniləcək. Belə ki, cəmi 44 gün davam edən müharibə, əslində, fərqli hərbi strategiyaların savaşı idi. Görüş zamanı xüsusi olaraq qeyd edilib ki, müharibədən sonrakı dövrdə aparılacaq sərt informasiya müharibəsində də siyasi həmrəyliyin nümayişi olduqca vacibdir. Odur ki, siyasi partiyaların birliyinin və qarşılıqlı dəstək mühitinin qorunması strateji vəzifədir.
Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli Qələbə nitqinə müraciət edərək sözügedən çıxışdan sitat gətirib:
“Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”.
Prezidentin bu sözlərini, əslində, ölkəmizi mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə çıxardığını vurğulayan Ə.Vəliyev Azərbaycan cəmiyyətinin bundan sonra da aparılacaq islahatlara hazır olmasının vacibliyini bildirib.
“Vətən müharibəsində əldə olunmuş Qələbə, eyni zamanda, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin həlli deməkdir. Odur ki, sözün əsl mənasında, Azərbaycanı yaxın gələcəkdə böyük quruluş işləri gözləyir”, – deyən Administrasiya rəsmisi sözügedən istiqamətdə də əməkdaşlığın önəmli olduğunu bildirib.
Adıçəkilən görüşlər əsnasında Qələbənin, eyni zamanda, şəhidlərin qanı hesabına əldə olunduğunu qeyd edən Ə.Vəliyev vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu kimi faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir. Bunu əsas tutaraq bütün görüşlərdə Vətənin şəhid olmuş övladlarına Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir, yaralılara isə şəfa dilənilib.
Ölkədə başlamış islahatların səmərəliliyi mütləq müvafiq qanunvericilik bazası ilə dəstəklənməlidir. Bu mənada Milli Məclisin rolunu vurğulayan Ə.Vəliyev islahatların ruhuna və demokratik dəyərlərin inkişafına dəstək olacaq yeni qanun layihələrinə böyük ehtiyac olduğunu bildirib. Odur ki, çeviklik, müasirlik və innovativlik kimi keyfiyyətlər müasir Milli Məclisin əsas xüsusiyyətlərinə çevrilməlidir.
Həmçinin görüşlərdə bütün dünyanı narahat edən COVID-19 pandemiyası və müşahidə olunan tendensiyalar müzakirə edilib. Ölkəmizdə koronavirusa yoluxma sayı Prezidentin rəhbərliyi ilə qəbul edilmiş qərarlar nəticəsində mümkün qədər minimal səviyyədə saxlanılıb. Bundan əlavə, dövlətimizin başçısının göstərişi ilə modul tipli yeni xəstəxanaların, həmçinin tibbi maska və dezinfeksiya vasitələri istehsal edən müəssisələrin istifadəyə verilməsi, zəruri tibbi avadanlıqların Azərbaycana gətirilməsi, xaricdən həkim-mütəxəssislərin ölkəmizə dəvət edilməsi pandemiya ilə mübarizəyə müsbət təsir göstərib.
Görüşlər zamanı siyasi partiyaların fəaliyyəti haqqında fikir mübadiləsi də aparılıb. Qeyd olunub ki, siyasi partiyaların fəallığı Azərbaycanda vətəndaş cəmiyyətinin əsaslarının inkişafı üçün zəmin yaradır. Bu səbəbdən də dövlət tərəfindən siyasi partiyalara ayrılan diqqət məhz demokratiyanın inkişafına yönəlmiş sərmayə kimi dəyərləndirilməlidir.
Partiya sədrləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Arzuxan Əlizadə və Yunus Oğuz çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda “Anım Günü”, “Zəfər Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunmasına dair sərəncamlarını yüksək qiymətləndirib, bu addımların ölkəmizdə milli birliyin inkişafına əvəzsiz töhfə olacağına əminliklərini bildiriblər.
Görüşə görə təşəkkürlərini bildirən partiya sədrləri dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını vurğulayıblar.
Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin iştirakı ilə videokonfrans şəklində keçirilən sammitdə gülünc vəziyyətə düşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Paşinyan II Qarabağ müharibəsi haqqında danışmağa və Azərbaycan və Türkiyəni ittiham etməyə cəhd edib. Elə bu anda Paşinyanın mikrofonunun səsi kəsilib və Paşinyan gülünc vəziyyətdə qalıb.
O, texniki problemə görə üzr istəyib, Putin isə "eybi yox, biz dinləyirik" deyib. Erməni Baş nazir ciblərində olan telefonları və digər elektron cihazları çıxararaq kənara qoyub, bundan sonra o, çıxışına davam edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Axar.az məktubun mətnini təqdim edir:
“Zati-aliləri möhtərəm cənab Prezident.
İcazə verin, bir daha Sizi Böyük Qələbə münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.
Qırx dörd gün davam edən Vətən müharibəsi Sizin misilsiz şücaətiniz, iradə və qətiyyətiniz, qardaş Azərbaycan xalqının və rəşadətli Azərbaycan Ordusunun nəyin bahasına olursa-olsun qalibiyyətə köklənməsi illərdir davam edən ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoydu. Bu böyük zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzi oldu.
Müharibənin ilk günlərindən etibarən Beynəlxalq Türk Akademiyası açıq mövqeyini ortaya qoydu, ədalətli müharibədə qardaş Azərbaycanın yanında olduğunu və mülki yaşayış məntəqələrinə Ermənistanın xain raket hücumunu kəskin pislədiyini bəyan etdi.
Bununla yanaşı, Akademiya əyani dəstəyini göstərməyə çalışaraq, xeyli müddətdir üzərində işlədiyi “Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” kitab-fotoalbomunu Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin dəstəyi ilə qazax dilində çap etdi. Azərbaycanın uzun illər işğal altında qalan ərazilərindəki tarixi abidələri, bu bölgənin mədəniyyəti, şəxsiyyətləri, təbiəti, eyni zamanda, işğala dair faktlar, sənədlərin toplandığı nəfis tərtibatlı kitab-albom bir beynəlxalq təşkilat tərəfindən hazırlanan ilk belə nəşr oldu.
Beynəlxalq Türk Akademiyası bu il UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirməyi planlaşdırdığı, lakin pandemiya səbəbindən təxirə saldığı tədbirləri - Əbdürrəhim bəy Haqverdiyevin 150, Üzeyir Hacıbəylinin 135 illik yubileylərini onların dünyaya göz açdıqları şəhərdə - doğma Şuşada 2021-ci ilin uyğun tarixlərində böyük beynəlxalq tədbirlə qeyd etməyi qərara almışdır. Planlaşdırılan tədbirlərin işğaldan azad edilən, türk dünyası üçün böyük mənəvi dəyərə sahib olan Şuşa şəhərində reallaşdırılmasını istərdik.
Möhtərəm cənab Prezident, bir daha Sizi, qardaş Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik edir, Zati-alinizə dərin ehtiramımı çatdırıram”.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş Nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər. Qətər xarici işlər naziri 10 noyabr 2020-ci il tarixində birgə bəyanatın imzalanmasını alqışlayıb və bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Nazirlər, həmçinin ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələr arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.