2020-ci ilin payızında Cənubi Qafqazda baş verən hadisələr Rusiya-Azərbaycan münasibətlərinin etibarlılığını və Moskvanın bölgədəki təsirinin əhəmiyyətini bir daha təsdiqlədi. 10 noyabrdan sonra formalaşan yeni reallıq həm Cənubi Qafqazda, həm də bütövlükdə Yaxın Şərqdə dövlətlərin iqtisadi inkişafı üçün yeni imkanlar açır.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.
“Tarixən rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətləri olub, inkişaf edib və çoxsaylı millətlərarası evliliklərlə möhkəmlənib. Unutmamalıyıq ki, problemli dövrlərdə kiçik fasilələrlə iki xalq bir dövlətin — əvvəlcə Rusiya İmperiyasının, daha sonra bir çox cəhətdən ortaq düşüncə formalaşdıran Sovet İttifaqının tərkibində idi”, - V.Arkov qeyd edib.
Politoloq 2000-ci ildə Vladimir Putinin Rusiya prezidenti vəzifəsinə seçilməsi ilə yeni postsovet tarixində Rusiya-Azərbaycan münasibətlərinə əhəmiyyətli bir təkan verildiyini də vurğulayıb:
“Son iyirmi ildə öncə ulu öndər Heydər Əliyevin, daha sonra müdrik İlham Əliyevin rəhbərliyi altında rəsmi Moskva ilə Bakı arasındakı münasibətlər bütün istiqamətlərdə sabit güclənmə və inkişaf nümayiş etdirir”.
V.Arkovun sözlərinə görə, Ermənistanın işğal etdiyi ərazilərin geri qaytarılması onların iqtisadi dövriyyəsindəki ciddi potensialını əhatə etməklə yanaşı, Laçın və Naxçıvan nəqliyyat arteriyalarının yaradılması ilə birlikdə bütün bölgənin “Şimal-Cənub” genişmiqyaslı Avrasiya nəqliyyat dəhlizinə daxil olmasına imkan verəcək və bunun faydaları isə beşlik dövlətlərinə (Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İrana — red.) bəllidir.
“Əlbəttə ki, gündəmdə ortaq Xəzər layihələri (iqtisadi və ekoloji), Azərbaycanın Aİİ və KTMT ilə yaxınlaşması, habelə beynəlxalq terrorizmə qarşı dövlətlərimizin rəhbərliyi və xüsusi xidmət orqanlarının sıx əməkdaşlığı var”.
“Moderna” və “Pfizer-BioNTech” RNT vaksinlərinin, eləcə də Rusiyanın “Sputnik V” və onun xarici analoqlarının yaradılması aparıcı elmi jurnal - “Science”in redaksiyası tərəfindən ilin əsas elmi sıçrayışı kimi qəbul edilib.
Bu barədə “Qafqazinfo” nəşrin saytına istinadən xəbər verir.
“Bu il biz yaxşı dərk edirdik ki, əsas elmi irəliləyiş hər halda koronavirusla bağlı olacaq, lakin yalnız son həftələrdə aydın oldu ki, bu şərəfə COVID-19-a qarşı yüksək effektiv vaksinlər layiq görüləcək. Uzun müddət bizə elə gəlirdi ki, onların yaranacağına ümid etməyə də dəyməz, lakin Yer əhalisinin vaksinasiyası prosesi artıq faktiki olaraq başlayıb”, - deyə “Science”in baş redaktoru Qolden Torp bildirib.
Ermənistan Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən narazıdır. Çünki gözlədiklərinin əksinə oldu: sülhməramlılar onları üçtərəfli müqaviləyə əsasən ətraf rayonlardan çıxardı, çıxmadıqları ərazilərdən isə zorla qovdu.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya sülhməramlılarının Qarabağda guya mühasirəyə alınması haqda Ermənistan Baş naziri Paşinyanın yaydığı xəbərlərin pərdəarxası məqamları haqda danışarkən deyib.
O bildirib ki, erməni təbliğat maşını indi də Rusiya sülhməramlıları üzərindən dezinformasiya yaymağa başlayıb:
“Rusiya Müdafiə Nazirliyi də məsələnin yalan olduğunu təsdiqlədi. Bu zaman belə bir sual ortaya çıxır: Bu və bu kimi xəbərlər nə üçün yayılır?
44 gün ərzində xalqını nadancasına aldadan Nikol Paşinyanın dezinformasiya şəbəkəsi yenə də öz işindədir. Məsələ ondadır ki, rus sülhməramlıları regionda sabitliyin bərpa olunması, tərəflərin hərbi toqquşmalardan çəkinməsi və ən əsası yerli xalqların bir-birinə uyğunlaşana qədər təhlükəsizliyinin qorunması üçündür. Lakin Ermənistan heç də bunu belə təsəvvür etmirdi. Ermənilər rus sülhməramlılarının onları qorumağa, Qarabağı onlara peşkəş etməyə gəldiyini sanırdı. Reallıq isə göz qabağındadır.
Rusiya sülhməramlılarının Qarabağda mühasirəyə alınması kimi bir xəbər həm Rusiyada, həm Ermənistanda ciddi ajiotaj yarada bilər. Erməni təbliğat maşını bu xəbərlərlə rus ictimaiyyətində antiazərbaycan ovqatı yaratmaq istəyirdi. Lakin dediyim kimi, dayaz və məntiqi əsas baxımından zəif olan bu xəbər nəinki hədəfinə çatmadı, erməni təbliğat maşınının olan-qalan nüfuzunu yerlə-yeksan etdi.
Ermənistan birmənalı olaraq anlamalıdır ki, qarşılarında hər cəbhədə qalib ölkə var. Bu və bu kimi hərəkətlər, sadəcə, acizlik və zəifliyin növbəti elanıdır”.
Avropanın əksər ölkələri dekabrın sonundan etibarən koronavirus peyvəndini tətbiq etməyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, Fransanın Baş naziri Jan Kasteks bu ayın sonunda ölkədə yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlərin vurulmasının başlayacağını bildirib. O, 100 milyon insan üçün 200 milyon doza peyvənd sifariş etdiklərini açıqlayıb.
İlk mərhələdə 1 milyon yaşlı insanın peyvəndlənəcəyini ifadə edən hökumət rəhbəri prosesin 6- 8 həftə davam edəcəyini söyləyib. Kasteks ikinci mərhələdə riskli qrupdakı təxminən 14 milyon insana vaksin vurulacağını bildirib.
Üçüncü və son mərhələdə, yazın sonlarında əhalinin qalan hissəsi peyvəndlənəcək.Bildirilib ki, hər kəsə 21 günlük aralıqlarla iki doza peyvənd veriləcək.
Almaniya isə vaksinlərin tətbiqinə 27 dekabr tarixində başlayacaq. İlkin mərhələdə istehsal etdikləri “BioNTech” firmasının vaksini qocalar evinin sakinlərinə vurulacaq.
Almaniyada peyvəndin istifadəsi üçün Avropa Dərman Agentliyinin (EMA) təsdiqi lazımdır. Bu təsdiqlənmənin isə 10 gün ərzində reallaşacağı qeyd olunub.
Polşa isə kütləvi peyvəndin vurulmasına yanvar ayında başlayacaq. Bu barədə ölkənin Baş naziri Mateuş Moravetski məlumat verib. Qeyd olunub ki, hökumət 60 milyon vaksin sifariş verib.
38 milyonluq ölkədə ilk növbədə səhiyyə, təhlükəsizlik işçiləri və qocalar evinin sakinləri peyvənd olunacaq.
Rusiya mümkün olan hər şeyi edir ki, regionda uzunmüddətli və möhkəm sülh olsun.
Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN rəsmisi bir neçə gün qabaq Dağlıq Qarabağda Hadrut rayonu ərazisində atəşkəsin pozulmasını şərh edərkən vurğulayıb ki, Rusiya regionda uzun və möhkəm sülhün yaranması üçün nə mümkündürsə, edir: "Biz ondan çıxış edirik ki, münaqişə tərəfləri də bu məqsədlərə istiqamətlənib. Buna nail olmaq üçün Bakı və İrəvanla daim təmasdayıq".
Zaxarova ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı və İrəvana səfərlərində Rusiyanın səfirlər səviyyəsində təmsil olunmasını isə belə şərh edib: “Düşünmürəm ki, Rusiya nümayəndə heyətinin niyə bu cür formalaşdırılmasının detalları açıqlanmalıdır. Bunun səbəbi var. Burada heç bir konspirologiyadan söhbət getmir. Logistika baxımından bunun düzgün olduğunu hesab etdik. Xahiş edirəm ki, burada hansısa siyasi mətnaltı məna axtarmayın”.
O, həmçinin bir müddət əvvəl Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əsirlərin mübadiləsinin baş tutduğunu xatırladıb və əsirlərin mübadiləsi prosesinin davam etdirildiyini bildirib.
Rusiyadan alınmış S-400 zenit-raket komplekslərinə görə (ZRK) ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi ədalətsiz, qərəzli qərardır. Türkiyə hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a müraciət etsə də, həmin sistemlər Türkiyəyə satılmayıb. Belə olan təqdirə rəsmi Ankara nə etməli idi?
Bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsini şərh edərkən deyib.
O bildirib ki, Türkiyə müstəqil ölkədir və öz milli maraqlarını qorumaq məcburiyyətindədir:
“Türkiyə milli maraqlarını və təhlükəsizlik məsələlərini əsas götürərək Rusiyadan müasir müdafiə sistemini alıb. Türkiyə NATO-ya daxil olan ölkələr içərisində tək ölkə deyil ki, Rusiya istehsalı olan sistemlərdən istifadə edir. Hər kəsə məlumdur ki, Yunanıstan həmin sistemləri Türkiyədən çox-çox əvvəl Rusiyadan alıb. Lakin bu, nə ABŞ, nə də NATO rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olub. Bu fakt belə özlüyündə verilən qərarın nə dərəcədə ədalətsiz olduğunu sübut edir”.
Ekspertin sözlərinə görə, Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi, qərəzsiz yolla həll etməyi təklif edib:
“Lakin Türkiyənin təşəbbüsünə hər hansı münasibət bildirilməyib. Görünür, müəyyən qüvvələr Türkiyənin dünyada artan nüfuzu və rolundan ciddi narahatlıq keçirirlər. İşin ironyalı tərəfi isə odur ki, bu gün Türkiyənin güclənməyindən qorxan qüvvələrin özü məhz Ankaranın güclənməsinə zəmin yaradır.
Baxın, ABŞ-ın yeni F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Ankaranın özünün yeni qırıcı təyyarələr istehsal etməsinə təkan verdi. ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə “Bayraqdar” dronlarını hazırladı və istehsala başladı.
Türkiyə “Altay” tankları, helikopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edir. Əgər vaxtilə ABŞ və NATO Türkiyəyə istədiyi silahları versəydi, bəlkə də rəsmi Ankara bunların heç birini etməz, bu gün yenə rəsmi Vaşinqtondan silah asılılığına davam edərdi”.
Böyük Britaniyanın Baş naziri Boris Conson yanvar ayında Hindistana səfər edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Bu, B. Consonun Baş nazir kimi Hindistana ilk səfəri olacaq. Səfərin məqsədi iki ölkə arasında ticarət, investisiya əlaqələrini və iqlim dəyişikliyi mövzusunda birgə əməkdaşlığı gücləndirməkdir.
"Hindistan Sakit okean regionunda əsas oyunçu olaraq Birləşmiş Krallıq üçün getdikcə əvəzolunmaz bir tərəfdaşa çevrilir. Biz iş yerlərini artırmaq, təhlükəsizliyimiz üçün ortaq təhdidlərlə qarşılaşmaq və planetimizi qorumaq üçün birgə çalışırıq", - deyə B. Conson bildirib.
B. Conson Hindistanın hər il Yeni Delhidə keçirilən Respublika Günü paradına da qatılacaq.
Azərbaycan hərbçilərinin Hadrutda atəşə tutulması və bunun acınacaqlı nəticələri sülhün hələ çox uzaqda olduğunun göstəricisidir.
Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.
“Mən Qarabağ müharibəsinin sona çatmasına dair razılaşmanın imzalanmasından sonra təxribatların olub-olmayacağı ilə bağlı suala cavab olaraq bunun baş verəcəyini hesab etdiyimi bildirirdim və yanılmamışam. Üstəlik, təxribatların erməni tərəfdən gələcəyini də qeyd etmişdim, elə də oldu. Heç kimə sirr deyil ki, Azərbaycan təxribatlarda maraqlı deyil və buna əl atmayacaq, çünki qalibdir və atəşkəsin bütün şərtlərinə əməl edir. Üstəlik, Bakıdakı hərbçilər, rus sülhməramlıları ilə tamamilə qarşılıqlı əlaqədə olaraq, atəşkəs şərtlərinə riayət etməkdə onlara kömək edirlər. Rəsmi Moskva açıq şəkildə onların (sülhməramlılar — red.) qarşısına meşələrdə qalan və İrəvanın nəzarəti altında olan silahlıların izinə düşmək vəzifəsini qoyub”, - ekspert bildirib.
Mixaylovun fikrincə, “böyük qədim xalqın" itkin düşmüş, yazıq “döyüşçüləri”nin İrəvana heç bir şəkildə yol tapa bilməməyi və rus sülhməramlılarından kömək dilənməyi barədə yazılanları oxumaq gülünc idi:
“Bu, hər şeydən öncə, Ermənistanda yerli və ya muzdlu hərbi qüvvələrini idarə edə bilməyən xaos haqqında çox şey deyir. Düşünürəm ki, rus sülhməramlıları verilən tapşırıqları yerinə yetirərək “itkinlərin” evlərinə qayıtmasına kömək edəcək və müharibə dövrünün qanunlarına görə itaət etməyənləri qanun qarşısına çıxaracaq”.
Mütəxəssis onu da əlavə edib ki, Azərbaycanın genişmiqyaslı antiterror əməliyyatı barədə danışmaq hələ tezdir:
“Quldur birləşmələrini ləğv etmək üçün sülhməramlılarla razılaşdırılmış tədbirlərin görülməsi ilə razılaşa bilərəm, amma rus hərbçilərinin nəzarət zonasında fərdi hərbi əməliyyatların baş tutması ehtimalı azdır”.
Hərbi ekspert, “Natsionalnaya Oborona” (Milli Müdafiə) jurnalının baş redaktoru İqor Korotçenko Bakıda ənənəvi keçirilən ADEX Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə bağlı müsahibə verib.
Axar.az müsahibəni təqdim edir.
- Rusiyanın “Natsionalnaya Oborona” jurnalı ADEX sərgisini dəstəkləyən ilk xarici tərəfdaşlardan biridir. Siz bu sərgilərdə olmusunuz. Təəssüratlarınızı bölüşə bilərsinizmi?
- ADEX sərgisi beynəlxalq ekspert və jurnalistlərdə, eləcə də bu silah sərgisində iştirak etmiş Rusiya müdafiə sənayesinin nümayəndələrində xoş təəssürat yaradıb. Öncə qeyd etmək lazımdır ki, həmin sərgi bu qəbildən olan tədbirlər üzrə yüksək meyarlara tam cavab verir. Sərgi yüksək səviyyəli hazırlıq, yaxşı maddi-texniki təchizat, məkan və ən əsası, həm Azərbaycan hərbi sənaye kompleksinin, həm də dünyanın aparıcı hərbi sənaye şirkətlərinin malik olduğu imkanların genişmiqyaslı təqdimatıdır. Yəni deyə bilərik ki, Bakıda keçirilən ADEX sərgisi təqdim olunan ekspozisiyaların miqyası və təşkilatçılıq səviyyəsi baxımından bu gün dünya səviyyəli tədbirlərdən biridir. Əminəm ki, bu sərginin nüfuzu getdikcə artacaq və ADEX sərgisi müasir silahların aparıcı alıcıları və istehsalçılarının görüşərək danışıqlar aparacağı, müqavilələr imzalayacağı platformalardan birinə çevriləcək.
- Müasir ordu quruculuğu və ordunun modernləşdirilməsi prosesində müdafiə sərgiləri nə kimi rol oynayır?
- Ümumilikdə, müdafiə sərgiləri müasir ordu və donanmanın yaradılmasında və modernləşdirilməsində çox vacib rol oynayır. Bu, ilk növbədə, onunla bağlıdır ki, belə tədbirlər silah alıcıları və istehsalçıları arasında birbaşa dialoqa imkan yaradır. Sərgilərə gələn nümayəndə heyətlərinin əsas hədəfləri odur ki, müəyyən silah seqmentində ən yaxşı məhsulu görmək, müasir silahların texniki xüsusiyyət və imkanları barədə suallar vermək və əlbəttə ki, həm ilkin, həm də artıq müqavilələrin imzalanması ilə nəticələnən danışıqlar aparmaqdır. Sözsüz ki, bütün dünyada silah sərgiləri həm də bu cür tədbirlərə ev sahibliyi edən ölkənin nüfuzunu göstərir. Bu baxımdan, Azərbaycanın yüksək beynəlxalq nüfuzu bu gün müasir dünyada keçirilən aparıcı silah sərgilərindən biri olan ADEX sərgisinin nüfuzu ilə daha da möhkəmlənir.
- Qlobal müdafiə sənayesinin inkişafını necə görürsünüz və yaxın gələcəkdə keçiriləcək sərgilərdə, xüsusən də ADEX -2022 sərgisində hansı ekspozisiyaları görə bilərik?
- Əlbəttə, bu gün qlobal müdafiə sənayesinin inkişafı koronavirus pandemiyası səbəbindən ciddi şəkildə ləngiyir. Lakin mən tam əminəm ki, yaxın altı ay və ya maksimum bir il ərzində koronavirus problemləri dünyanın bütün ölkələrində əhalinin kütləvi şəkildə peyvəndlənməsi sayəsində həll olunacaq. Hər yerdə hərəkət və təmas məhdudiyyətləri aradan qaldırıldıqdan sonra silah sərgiləri də yenidən öz işinə başlaya biləcək, müasir silah salonu olan sərgi (əsas ölkə bazarlarında istehsalçıların marketinq və təşviqat elementi olaraq) yenidən tam fəaliyyət göstərəcək. Bu baxımdan güman edirik ki, 2022-ci ildə Bakıda keçirilməsi gözlənilən növbəti ADEX sərgisi həm Azərbaycanı, həm də bölgənin digər ölkələrini müasir silah sistemləri və hərbi texnikanın alıcısı kimi nəzərdən keçirən hər kəs üçün müasir silah bazarında güclü sıçrayış olacaq. Rusiya ADEX-2022 sərgisində böyük ekspozisiya ilə iştirak edəcək və bu ekspozisiyada Rusiyanın bütün seqmentlər üzrə ən iri silah istehsalçıları və ixracatçıları təmsil olunacaq.
Zənnimcə, bu gün İkinci Qarabağ müharibəsində qələbədən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan etibarlı hava və kosmik müdafiə sistemi yaratmaq üçün, ilk növbədə, müasir qırıcılar, eləcə də müasir hava hücumundan müdafiə sistemləri əldə etməli və hadisələrin gedişatının geri sayımının, eləcə də Azərbaycanın maraqlarına yenidən qəsd etmək cəhdlərinin qarşısını birdəfəlik almalıdır. Bu baxımdan, artıq Azərbaycana dəyəri 5 milyard dollardan çox olan silah tədarük etmiş Rusiya Federasiyası yeni müqavilələr imzalamağa, yeni danışıqlar aparmağa və yenidən müasir silah sistemlərini təchiz etməyə, bir sözlə, Azərbaycanın təhlükəsizliyini, suverenliyini və Silahlı Qüvvələrini daha da gücləndirmək üçün lazım olan dəstəyi göstərməyə hazırdır.