Çeçenistan kənd və şəhərlərində Ramzan Kadırov və qohumlarının adına 346 küçə var.

Axar.az xəbər verir ki, bu məlumatı BBC yayıb. Məlumata görə, təkcə Kadırovun anadan olduğu Çeçenistanın Nojay Yurtovski rayonunda mövcud olan 53 yaşayış məntəsindən 48-də Kadırovların adına küçə mövcuddur.

Küçələrə daha çox Ramzan Kadırovun atası Əhməd Hacı Kadırovun adının verildiyi bildirilib. Ondan sonrakı yerlərdə Ramzan Kadırovun özü, anası və babasının adına olan küçələr yer alıb.

Bir neçə gün əvvəl rus sülhməramlıları 45 min erməni qaçqının Qarabağa qayıtdığını və indi Qarabağdakı erməni əhalisinin sayının 75 minə yaxınlaşdığını sevinclə bildirdi. Rəsmi açıqlamalarına görə, Kreml onları yükü rəsmi Bakının çiyinlərinə düşəcək potensial vətəndaşlar kimi görür. Əslində isə mənzərə Rusiya və onun siyasi rəhbərliyi üçün o qədər də nikbin deyil.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, tanınmı tarixçi alim Oleq Kuznetsov deyib.

“Mən şəxsən 18 noyabrdan 23 dekabradək Azərbaycanda olmuşam, Qarabağa səyahət etmişəm. Buna görə vəziyyətin canlı şahidi kimi danışa bilərəm.

Sözdə “təhlükəsizlik zonası”nın, yəni Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında işğal olunmuş rayonların bütün sosial-iqtisadi və məişət infrastrukturu məqsədyönlü şəkildə məhv edilib. Ağdam, Füzuli şəhərləri və ətrafdakı bütün kəndlər sadəcə dağıdılmayıb, evlərin tikinti blokları, qapılar, pəncərə çərçivələri, borular və su qızdırıcıları sökülərək İrana satılıb.

Əsrin sonuncu onilliyində İranın şimalında inşaat sektorunda müşahidə edilən sıçrayış Qarabağdakı Azərbaycan şəhər və kəndlərinin dağıdılmasından əldə edilən Azərbaycan inşaat materiallarına əsaslanırdı. Ermənilər bir milyon azərbaycanlını vətənindən didərgin salmaqla yanaşı, heç vaxt geri qayıda biməmələri üçün bu əraziləri səhraya çevirməyə çalışıblar”, - deyə ekspert qeyd edib.

Kuznetsov bildirib ki, 1960 rus sülhməramlısı və Rusiya FHN-nin 1500 əməkdaşı sözügedən mənzərənin canlı şahidi olduqlarına görə onlar yuxarı instansiyaları bu barədə məlumatlandırmaya bilməzdi:

“Ermənilərin barbarlığından sonra Kreml azərbaycanlıların və ermənilərin Qarabağda münaqişəsiz və dinc yaşamaq perspektivini necə düşünə bilir?”

Ekspertin sözlərinə görə, rəsmi Bakı açıq şəkildə Qarabağ ermənilərinin fiziki və siyasi varlıqlarının qayğısına qalmaq üçün onları qaçqın kimi tanımağa tələsmir. Çünki indiki Qarabağ ermənilərinin ən az yarısı Azərbaycan şəhərlərini dağıtdığı, azərbaycanlılara qarşı silahla vuruşduğu üçün bu ölkənin qanunvericiliyi baxımından cinayətkar hesab edilir:

“Şəxsən Qarabağa səfər edən insan kimi əminəm ki, oradakı ermənilər arasında Azərbaycana qarşı hərbi, iqtisadi cəhətdən heç bir cinayət törətməyən bir erməni belə yoxdur. Buna görə də mən yaxşı başa düşürəm ki, rəsmi Bakı bütün Qarabağ ermənilərini, xüsusən də Rusiya sülhməramlıları tərəfindən qaytarılmış erməniləri öz vətəndaşı elan etmək niyyətində deyil.

Orada yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşı olmaq üçün bir sıra yoxlama və filtrasiya tədbirlərindən keçməli, xarici vətəndaşlıqdan - erməni, rus, ukraynalı və s. imtina etməli, dövlət dilini yada salmalı və ya öyrənməlidir.

Bu proses aylarla deyil, illərlə, hətta onillərlə davam edəcək. Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası fərdi, uzun və qərəzli olacaq. Bütün bu müddət ərzində kimsə onları dəstəkləməli olacaq, çünki “dqr”in fiziki mövcudluğunu qorumaq üçün öz mənbəyi yoxdur.

Azərbaycan açıq şəkildə bu yükü götürməyə tələsmir və düzgün iş görür. Ermənistan Qarabağ ermənilərini xain və məğlub elan etdi. Ermənistan hökuməti rəsmi İrəvanın iqtisadi potensialı olmadığı üçün Qarabağdan gələn 50 min qaçqını qəbul etmədi və onları qovdu. Nəticədə Qarabağ iqtisadi bir yük kimi Rusiyanın boynunda qaldı”.

Rusiyalı politoloq bir ay əvvəl KTMT ölkələri başçılarının virtual zirvəsində Prezident Putinin bu yükü müttəfiqləri ilə bölüşməyə, onları Qarabağın bərpasına investisiya qoymağa çağırdığını xatırlatdı. Lakin dövlət başçıları nəzakətlə susaraq, hazırda rus sülhməramlıları tərəfindən qorunan separatçı Qarabağ rejiminin qalıqlarını dəstəkləməyəcəklərini və dəstəkləmək niyyətində olmadıqlarını açıq şəkildə bildirdilər. Bununla da Qarabağ təkcə Rusiya büdcəsi hesabına Qarabağ ermənilərini bəsləyib əzizləyən Kreml üçün bahalı bir oyuncağa çevrilmiş oldu:

“Qarabağdakı ermənilərin sayının artması onların qayğısına qalan Rusiyanın xərclərinin mütənasib artması deməkdir. Suriyada, Donetskdə və Luqanskda iqtisadi infrastruktur qorunub saxlanılır, yerli oliqarxlar heç yerə itməyib, müəssisələri də fəaliyyət göstərir. Bütün bunlar Qarabağda yoxdur, o, iqtisadi cəhətdən özünü təmin edən bir bölgə deyil, buna görə də dotasiyalı deyil, yalnız parazitar ola bilər.

Rəsmi Moskva onsuz da Rusiya FHN xətti ilə humanitar yardım göstərərək 70 min Qarabağ ermənisini yedizdirir, onlara həftədə 5 və ya ayda 20 kiloqram ərzaq verir. Rus təqaüdçüləri öz dövlətlərindən belə bir dəstək almır. Sadə arifmetik hesablamalar aparsaq, hər ay - sülhməramlıların və bir qrup rus FHN əməkdaşının ehtiyacları daxil olmaqla – Qarabağa, tikinti materialları, yanacaq və avadanlıqları nəzərə almasaq, 2000 ton sırf ərzaq göndərilir.

Çoxlarının düşündüyü kimi, nə Suriya, nə Donetsk, nə də Luqansk, məhz Qarabağ tədricən Rusiya üçün “İkinci Əfqanıstan”a çevrilir - resurslar gələcəkdə heç bir təzminat ümidi olmadan xərclənir, insanlar ölür, texnika isə sıradan çıxır. Bu vəziyyət isə prinsipcə yaxşılığa doğru dəyişə bilməz. Kremlin gələcəkdə Qarabağın statusunu onun deyil, Azərbaycanın təyin edəcəyini və buna görə də gec-tez rəsmi Bakının mərhəmətinə təhvil veriləcək separatçı rejimin qalıqları ilə oynamağın axmaq və təsirsiz olduğunu dərk etməsinin vaxtı çatıb. Rusiyanın siyasi rəhbərliyi bunu nə qədər tez anlasa, ölkəsinə o qədər az iqtisadi ziyan vurmuş olar”.

09:00

27 dekabrda Tuğ kəndində 6 erməni terrorçunun növbəti dəfə terror törətməsi və Azərbaycanın antiterror əməliyyatı keçirməsi ilə bir daha rus sülhməramlılarının mövqeyi gündəmə gəlib.

Axar.az xəbər verir ki, başda Oleq Kuznetsov olmaqla, bir çox rusiyalı politoloq bu hadisədən sonra rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti və ermənilərə qayğısını kəskin şəkildə tənqid edib.

Tanınmış rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko isə öz kanalından canlı yayımı zamanı rus sülhməramlılarının fəaliyyətinin 3-cü Qarabağ savaşına yol açdığını bildirib:

"Rusiyanın RBK telekanalı – yeri gəlmişkən, bu kanal Rusiya Prezident Administrasiyasına bağlıdır - açıq-aşkar Araiki (keçmiş və qondarma "dqr"in separatçı-terrorçu rəhbəri) "dqr"ın prezidenti adlandırır. Dövlət tərəfindən (Rusiya dövləti nəzərdə tutulur – red.) açıq şəkildə dəstəklənənlər də daxil olmaqla, Rusiyanın bir çox media qurumu Dağlıq Qarabağı "artsax" kimi qələmə verir. Bu, 10 noyabr Bəyannaməsinə açıq-aşkar xəyanətdir. Putin Dağlıq Qarabağı açıq şəkildə Azərbaycan ərazisi saydığını bildirir, amma dövlət mediası fərqli təbliğat aparır".

M.Şevçenko rus sülhməramlılarına Qarabağda heç bir ehtiyac olmadığını və onların fəaliyyətinin heç də sülhməramlı olmadığını da vurğulayıb. O deyib ki, Qarabağ – Azərbaycanın suveren ərazisidir:

"Rusiyada bəziləri sanki orda növbəti bir xəstəlik yaratmaq və sonra onunla alver etmək istəyir".

"Bu yaxınlarda Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qarabağda hər biri 300 sülhməramlı üçün nəzərdə tutulmuş 32-yə yaxın şəhərcik salacaqlar. Bu isə toplamda 10 min nəfər deməkdir. 10 min nəfərlik sülhməramlı kontingent? Bu rəqəm Qarabağda vuruşan erməni ordusunun az qala yarısı deməkdir. Kimə lazımdır bu qədər sülhməramlı?! Deməli, həmin şəhərciklər "dqr"in yeni "ordusu"nun hazırlanması üçün nəzərdə tutulub və bu ordu sonradan Azərbaycana qarşı vuruşacaq?" - o bildirib.

M.Şevçenko qeyd edib ki, ermənilər buna görə açıq şəkildə 3-cü Qarabağ savaşından danışırlar:

"Baxın, erməni politoloq İsgəndəryan mart-aprel aylarında 3-cü Qarabağ savaşının olacağını bildirib. Onlar rus qalxanının arxasında gizlənərək, ordunu modernləşdirərək, yeni qan tökülməsinə hazırlaşırlar? Bu ehtimal istisna deyil. Bəs bu, Rusiyanın nəyinə lazımdır? Bu, bizə, ruslara qətiyyən lazım deyil. Bizə azərbaycanlılarla qarşılıqlı əməkdaşlıq və sülh lazımdır. Orda olan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb getməlidirlər başqa ölkəyə".

Politoloq Rusiyada, o cümlədən Rusiya silahlı qüvvələri daxilində erməni lobbisi və erməni maliyyəsinə bağlı şəxslərin olduğunu qeyd edib, məsələn, Zatulin kimi və bu şəxslərin Putinin iradəsi əleyhinə getdiyinə işarə edib.

Ermənistan Strateji Araşdırmalar Mərkəzinin direktoru Tiqran Arutyunyan Baş nazir Nikol Paşinyan və komandasının hakimiyyətinin “dəhşətli nəticələrini” açıqlamaqla, əslində, erməni cəmiyyətindəki düşüncəni ortaya qoyub.

Axar.az xəbər verir ki, o, bu barədə öz Feysbuk səhifəsində yazıb.

Ekspert həyasızcasına iddia edib ki, ötən müddət ərzində Ermənistan ərazisi guya 42 min kv. km-dan 25 min kv. km-ya endirilib.

Qeyd edək ki, Ermənistanın ərazisi 29 min kv.km-dır. 42 min kv.km haradan yaranıb və niyə indi 25 min kv.km-ya düşüb? Bu sual özü Arutyunyanın işğalçılıq siyasətinin əsiri olması və Azərbaycanın işğal edilən ərazilərinə həyasız iddiasını əks etdirir.

O qeyd edib ki, Ermənistan ordusu məğlub, dağılmış və döyüş qabiliyyəti olmayan orduya çevrilib:

“Müharibədə təxminən 5 min adam ölüb, 10 min nəfər yaralanıb, təxminən 2 min itkin düşüb, 300 əsgər isə əsir düşüb.

Ölkə iqtisadi çöküş yaşayır, investisiyalar sıfır həddindədir, xarici borc 8 milyard dollara çatıb, ÜDM 7,5 faiz azalıb. Yoxsulluq artıb, alıcılıq qabiliyyəti və gəlir azalıb. Ən böyük qızıl yatağı (Kəlbəcər qızıl yatağı nəzərdə tutulur – red.), enerji ehtiyatlarının 15 faizi, kənd təsərrüfatına yararlı torpaqların təxminən 10 faizi itirilib”.

Azərbaycanın 27 il işğalda saxlanılan torpaqlarının azad edilməsini Arutyunyan “itki” sayır. Erməni ekspertin bu açıqlaması təsdiqləyir ki, Ermənistan işğaldakı əraziləri könüllü olaraq heç vaxt qaytarmağa hazırlaşmayıb və işğalda saxladığı ərazini artıq “öz ərazisi” sayırmış.

Arutyunyan hesab edir ki, hakimiyyət pandemiyaya qarşı mübarizədə iflasa uğrayıb, virusun yayılma sürəti və ölüm sayı baxımından Ermənistan dünyada ən pis göstəricilərdən birinə sahibdir (3 minə yaxın ölüm qeydə alınıb - red.):

“Təhsil sistemi, polis, Milli Təhlükəsizlik Xidməti, məhkəmə sistemi dağıdılıb. Parlament anlaşılmaz xarakterlərlə doludur, qanunvericilik təşəbbüsləri olduqca aşağı səviyyədədir”.

Erməni ekspert düşünür ki, ölkəsi beynəlxalq arenada subyektivliyini itirib və beynəlxalq münasibətlərin siyasi xəritəsindən yoxa çıxıb. Yaxşı və neytral əlaqələrin olduğu müttəfiq ölkələr itirilib.

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılması və bu məsələdə Azərbaycanın səyləri barədə mətbuatda müəyyən yazılar dərc olunur. Hazırkı anda bunu mümkün sayırsınızmı?

- Azərbaycan Respublikasının Prezidenti zamanında Türkiyə-Rusiya münasibətlərinin də yaxşılaşdırılması üçün müəyyən işlər görmüşdü və bu səylər uğurla nəticələnmişdi. İsraillə münasibətlərdə bu niyə olmasın? Bizim İsraillə etimadlı dost münasibətlərimizin olması, o cümlədən hər iki dövlətin maraqlarının dostluq və əməkdaşlıq etməkdən keçməsi nəticənin pozitiv olacağına ümid verir. Mən istərdim Azərbaycan İran-İsrail münasibətlərinin də yaxşılaşdırılmasında öz vasitəçilik missiyasını təklif etsin. Hər iki dövlətin və regionun təhlükəsizliyi üçün bu çox vacibdir. Həm də İran bizə Ermənistanla münasibətlərin tənzimlənməsində öz vasitəçiliyini təklif etmişdi. Eyni zamanda ərəb ölkələrinin bir-birinin ardınca İsraildə səfirliklər açdığını da nəzərə alıb Azərbaycan qısa müddətdə İsraildə səfirliyini açmalıdır.

- Büdcə müzakirələri zamanı böyük özəlləşməyə gedilməsini, dövlətə məxsus Qapalı Səhmdar Cəmiyyətlərin səhmlərinin 49%-nin satışa çıxarılmasını təklif etdiniz. Təkliflərinizin nəzərə alınma ehtimalı nə qədərdir?

- Prezident dövlət əmlakından istifadənin səmərəliliyinin artırılması, o cümlədən bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılmasını təmin etmək üçün Dövlət İnvestisiya Holdinqi yaradıb. 2021-ci ildə vergi və gömrük orqanları birlikdə qeyri-neft sektorundan 9 milyard manat vəsait toplayacaq, bu, 10 milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Bizə iqtisadiyyatda böyük sıçrayış lazımdır. İqtisadiyyatın aparıcı sahələri dövlətin nəzarətindədir. 74 illik dövlət mülkiyyətinə əsaslanan sovet sosialist təsərrüfat sistemi özünü doğrultmadı və iqtisadiyyatı neft ixracından asılı olan Sovetlər Birliyi neftin qiymətinin 9 dollara düşməsi ilə çökdü. Ona görə hər dəfə söyləyirəm ki, dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Dövlət müəssiələrində xərclər bəzən ağlasığmaz dərəcədə şişirdilir. Ona görə də büdcəyə az miqdarda vergi ödəyir, dövlət zəmanəti ilə xarici banklardan kredit götürür və həmin kreditləri də gəlirlə işləmədikləri üçün geri qaytara bilmirlər və nəticədə özləri yox, sonradan həmin vəsaiti biz büdcədən qaytarırıq. Ona görə geniş miqyasda özəlləşdirməyə getmədən sürətli iqtisadi inkişafı təmin etmək mümkün olmayacaq. Özəlləşdirilməyə gedilməsi beynəlxalq standartlara cavab verən maliyyə idarəçiliyinə, şəffaflığa və hesabatlılığa, o cümlədən sağlam rəqabətə geniş imkanlar açacaqdır. Bunlarsız isə güclü iqtisadiyyata sahib olmaq mümükün deyil.

- Siz eyni zamanda Qarabağın bərpası üçün hökuməti BMT-dən yardım istəməyə çağırmısınız. Beynəlxalq birliyin bərpa işlərinə kömək etmək ehtimalı nə qədərdir?

- Azərbaycan hər il BMT-yə 122 min dollara qədər üzvlük haqqı ödəyir. Biz ona görə bu təşkilata üzv olmuşuq və bu qədər üzvülük haqqı ödəyirik ki, BMT beynəlxalq sülhü və təhlükəsizliyi təmin etməlidir. Amma çox təəssüf ki, BMT TŞ-nın nüvə silahına sahib beş daimi üzvü beynəlxalq hüquq normalarını bir kənara tullayaraq, bu təşkilatdan beynəlxalq aləmdə öz maraqlarını təmin etmək üçün istifadə edir. Məhz onların, yumşaq desək, öz vəzifələrinə səhlənkar yanaşması və ondan sui-istifadə etməsi nəticəsində bir milyon azərbaycanlı 30 illdir məşəqqətli qaçqın və köçkün həyatı yaşayır. Torpaqlarımız 30 il idi işğal altında qalmışdı, hələ bu gün də bir hissəsinə nəzarət edə bilmirik. İşğal olunmuş ərazilər yerlə-yeksan edilmiş, bir hissəsi isə işğalçı ölkə tərəfindən məskunlaşdırılmışdı. Ona görə Milli Məclisdə çıxışım zamanı qeyd etdim ki, BMT bərpa işlərinə əhəmiyyətli ölçüdə yardım etməsə, onu ABŞ-da məhkəməyə verməliyik. 2010-cu ildə BMT-nin Nepaldan olan sülhməramlılarının Haitidə yaydığı xolera epidemiyası nəticəsində bir milyon insan xəstələnmiş, 10 min insan həyatını itirmişdi. Onlar BMT-yə qarşı ABŞ məhkəmələrində iddia qaldırdılar. BMT 1946-cı ildə qəbul olunmuş Konvensiya ilə ona verilmiş immunitet hüququndan istifadə edərək məhkəmə baxışından və beləliklə də məsuliyyətdən yayındı. Amma BMT Baş katibi Haitidən üzr istədi, onlara kömək məqsədilə xüsusi fond yaratdı. Haiti istədiyinə nail olmasa da, problemini dünya miqyasında ictimailəşdirdi və BMT-nin öz funksiyalarını layiqincə yerinə yetirmədiyini beynəlxalq birliyin diqqətinə çatdırdı.

Bununla yanaşı biz Qarabağın bərpası üçün ora investisiya qoyuluşunu stimullaşdırmalı, investorlar ən azı on il bütün növ vergilərdən tam azad olunmalı, növbəti on ildə isə 50% həcmində vergi ödəməlidır. Qarabağda dünyanın nüfuzlu banklarının filiallarının açılmasına nail olmalıyıq. Qarabağa daxili imkanlar hesabına investisiya cəlb etmək üçün vətəndaşlara öz vəsaitlərini gəlirli və təhlükəsiz sahələrə yatırmalarına kömək etmək məqsədilə məsləhətlər vermək üçün İqtisadiyyat Nazirliyi geniş xidmət sahələri yaratmalıdır.

- Prezident regionun bütün dövlətlərinə əməkdaşlıq təklif etdi, o cümlədən Ermənistana. Sülh sazişi imzalanmadan bü cür əməkdaşlığı mümkün sayırsınızmı?

- Ermənistanla sülh sazişinin imzalanması və əməkdaşlıq məsələləri Ermənistandan daha çox Rusiyadan asılıdır. Dünya təcrübəsində Rusiya ilə Yaponiya əməkdaşlıq etsələr də, 2-ci Dünya savaşından sonra hələ də sülh sazişi imzalamayıblar. Biz qalib ölkə olduğumuzdan bu istiqamətdə daha çevik siyasət yürütməliyik. Məsələn, sülh sazişi imzalanmadan belə sərhədlərimizi Ermənistan vətəndaşlarına açıb, Ermənistana digər MDB ölkələri ilə olan hüquqi rejimi tətbiq edə bilərik. Bu Ermənistan dövlətindən işğal etdiyi ərazilərdə törətdiyi vandalizmə görə kompensasiya tələbimizdən imtina kimi başa düşülməməli və biz müharibə canilərinin ədalət mühakiməsi qarşısına çıxarılması üçün əlimizdən gələni etməliyik. Amma sözsüz ki, Ermənistanla sərhədləri ilk növbədə, birtərəfli qaydada olmuş olsa belə, qardaş Türkiyə açmalı, ermənilərin Türkiyəyə vizasız gediş-gəlişnə şərait yaratmalıdır. Bir müddət sonra isə öncə qeyd etdiyim addımları biz ata bilərik. İşğal altında qalmış digər torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpası üçün müharibə variantını bir kənara qoyub, suverenliyimizin və ərazi bütövlüyümüzün müharibəsiz bərpası olunması, müasir dövlət quruculuğu istiqamətində çalışmalıyıq.

- Sosial Tədqiqatlar Mərkəzinin son sorğusunun nəticələrəni bəzi adamlar şübhə altına alır, onun rəhbəri Zahid Orucu ruspərəstlikdə, Türkiyəni sevməməkdə və s. bu kimi absurd məsələlərdə ittiham edirlər. Siz özünüz həmin qurumun keçirdiyi sorğuların mötəbərliyinə nə dərəcədə inanırsınız?

- Zahid Orucun fəaliyyətini yaxından izləməyənlər və sorğunun nəticəri ilə tam tanış olub onu ciddi təhlil etməyən insanlar, yumşaq desək, belə ədalətsiz mövqe sərgiləyə bilər. Həmin sorğuda iştirak edənlərin yalnız 1% bildirib ki, Rusiya sülhməramlıları təkbaşına uğurlu ola bilər. Respondentlərin 95,1%-i bildirib ki, Azərbaycan bayrağı ilə bərabər Türkiyə bayrağına da sevgi duyurlar. Bu rəqəmlər rəsmi nəticələrdə öz əksini tapıb və ictimaiyyət üçün açıqlanıb. Məgər bu xalqımızın ümumi əhval ruhiyyəsini əks etdirmirmi? Hardadır burda ruspərəstlik və Türkiyəni sevməmək? Zahid Oruc öz xalqını sevən və onun üçün fədəkarlıq etməyə hazır olan bir siyasətçidir. O, utopiyadan uzaq və realistdir. Z.Oruc ölkəmizin və bölgənin xoş gələcəyini Türkiyə, Azərbaycan və Rusiyanın sıx əməkdaşlığında görür. Xalqımız üçün nəyin doğru və faydalı olduğunu düşünürsə onu da deyir. Onun fikirləri ilə kim istəsə razılaşmaya bilər və bu çox normaldır, amma onu milli maraqları nəyəsə qurban verməkdə günahlandırmaq özü ən böyük günahdır.

Növbəti illərdə İsrail-Türkiyə-Azərbaycan arasında üçlü iqtisadi formatın yaradılması mümkündür. Bu, real bir yanaşmadır, çünki Azərbaycan nefti, Türkiyə hərbi sənayesi və İsrail maliyyəsi bir araya gələrək, geniş imkanlara malik formata çevrilə bilər.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu son günlər İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması haqda müzakirələri şərh edərkən deyib.

O bildirib ki, Fələstin ətrafında baş verən proseslər səbəbilə uzun müddətdir Türkiyə-İsrail münasibətlərində soyuqluq, bəzən isə gərginliklər yaşanmaqda idi:

“Bu soyuq münasibətlərə baxmayaraq, iki ölkə arasında ciddi bir iqtisadi münasibətlər qalmaqda idi. Digər tərəfdən, İsrail Azərbaycandan aldığı neft-qazı Türkiyə üzərindən daşıyırdı. Bildiyiniz kimi, İsrailin neftə olan tələbatının 40-50 faizini Azərbaycan ödəyir.

Ümumiyyətlə, İsrail-Türkiyə münasibətlərinin normallaşması gözlənilən idi. Çünki real yanaşsaq, hər iki ölkənin bir-birinə ehtiyacı var. Türkiyə yaxşı başa düşür ki, İsrail kiçik ölkə olsa da, dünya maliyyə sistemində, diaspor sahəsində kifayət qədər nüfuza sahibdir. Bundan başqa, İsrail bu regionun bir parçasıdır və istər-istəməz bu ölkə ilə də əməkdaşlıq vacibdir”.

Politoloq qeyd edib ki, İsrail regionun müsəlman ölkələri ilə münasibətləri bərpa etməkdə maraqlıdır:

“İsrailin Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, hətta Mərakeşlə münasibətlərdə normallaşma mərhələsinə qədəm qoyub. Bu reallıqlar çərçivəsində niyə Türkiyə ilə normallaşma olmasın? Düşünürəm, hazırda iki ölkənin bir-birinə ehtiyacı var və bu yaxınlaşma gələn il də davam edəcək”.

Politoloq Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında Azərbaycanın rolu haqda da danışıb:

“Türkiyə-İsrail münasibətlərinin pisləşdiyi dövrdə bu vəziyyətdən ən çox narahat olan Azərbaycan idi. Real mənzərə onu göstərir ki, Azərbaycanın səyləri bu gün bu iki ölkənin yaxınlaşmasında mühüm rol oynayır. Həm Türkiyə, həm İsrail Azərbaycanın strateji müttəfiqləridir. Hər iki ölkə ilə tarixi və çoxtərəfli münasibətlərimiz var. 44 günlük müharibə zamanı biz bunun bir daha şahidi olduq. Mən deyərdim, bu gün İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycan diplomatiyasının səyləri misilsizdir”.

Rusiyada yeni zenit idarəolunan "Strela-9M333" raketinin sınaqları uğurla başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Kalaşnikov” konserni məlumat yayıb.

Bildirilib ki, “Strela-9M333" istənilən fəsildə atılan və modullaşdırılmış optik əngəllərin, həmçinin pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin tətbiqi şəraitində təyyarələri və helikopterləri məhv edə bilir.

Bundan əlavə, "Strela-9M333"-ün istiqamət başlığının üç iş rejimi var: fotokontrastik, infraqırmızı və maneəli. Həmin xüsusiyyət bu cihazı digər qurğulardan fərqləndirir.

Sınaqların başa çatdığına görə konsern Rusiya Müdafiə Nazirliyinin maraqlarına uyğun olaraq sözügedən raketin istehsalına başlayıb.

 

Dekabrın 25-dən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlarının keçirilməsinə start veriləcək.

Ardını oxu...


Ermənistanda etirazçılar magistral yolları bağlayır

Ermənistanda 20-yə yaxın müxalifət partiyası Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası təşkil edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, mitinq İrəvanda hökumət binası ilə üzbəüz Respublika Meydanında keçirilir.

Etirazçılar Paşinyanın ötən gün Sünik bölgəsinə səfərini dayandırmağa məcbur edən bölgə sakinlərini alqışlayıblar.

“Daşnaksütyun” müxalifət partiyasının nümayəndəsi Qeqam Manukyan “Nikolsuz Ermənistan” şüarını “Onsuz Ermənistan” ilə əvəzləməyə çağırıb. O bildirib ki, Baş nazirin adı insanları qıcıqlandırır.

Qeyd edək ki, İrəvanda artıq bir neçə həftədir ki, müxalifət mitinqlər keçirir. Mitinq iştirakçıları Paşinyanın üçtərəfli bəyanatı imzalaması səbəbindən istefasını tələb edirlər. Hökumət rəhbərinin istefasını tələb edən müxalif qüvvələr ölkənin hökumətinin keçmiş başçısı Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüblər.

***

Etirazçılar iki şəhərlərarası magistral yolu bağlayıblar. Bu barədə hökumət binası qarşısında keçirilən mitinqdə iştirak edən “Daşnaksütyun” müxalifət partiyasının nümayəndəsi Qeqam Manukyan bildirib.

“Biz Vanadzor-İrəvan və İcevan-İrəvan magistral yollarının bağlanması barədə bir məlumat aldıq. Paşinyanın həmyerliləri onun istefasını tələb edirlər”,-deyə Manukyan qeyd edib.

Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şərait yaradılacaq. COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, Vətən müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemləri, cəbhə bölgəsində yaşayan tələbələrin, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün güzəştlər tətbiq ediləcək.

Bu barədə Axar.az-a BDU-dan məlumat verilib.

Bildirilib ki, universitetin Elmi Şurasının iclasında ötən imtahan sessiyasında olduğu kimi, bu dəfə də tələbəyönümlü qərarlar qəbul edilib. Belə ki, mövcud şəraitə uyğun olaraq bütün tələbələrin cari semestrdə tədris olunan fənlər üzrə imtahanlara buraxılması qərara alınıb. Cari qiymətləndirmədə bütün tələbələrə davamiyyət və sərbəst işlər üçün ümumilikdə 20 bal (hər biri 10 bal olmaqla) veriləcək, tələbənin semestr ərzində biliyi isə 30 baladək qiymələndiriləcək.

Bütün fənlər üzrə imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək sadələşdiriləcək və ixtisasın tədris planında fənnə ayrılmış saatların miqdarından asılı olaraq 20-30 faiz azaldılacaq.

Bakalavr və magistratura səviyyələrinin bütün kurslarında 1 fənn üzrə ümumi qiymətləndirilmə tələbənin cari imtahan sessiyasında əldə etdiyi nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricinə) uyğun olaraq aparılacaq. Belə qiymətləndirmə ilə razılaşmayan və həmin fəndən imtahan vermək istəyən tələbələr üçün mövcud qaydalar əsasında imtahanlar təşkil ediləcək.

Sessiya imtahanları 2021-ci il yanvarın 11-dən başlayaraq distant (məsafədən) olaraq şifahi formada təşkil ediləcək. Nəticələr imtahanın gedişində tələbələrə elan ediləcək. Qiymətləndirmə ilə razılaşmayan tələbələrin müraciətlərinə imtahan prosesinin sonunadək rektorun nümayəndəsi, fakültə dekanı, müvafiq kafedranın müdiri və fənn müəlliminin iştirakı ilə yenidən baxılacaq. Mövcud vəziyyətlə əlaqədar olaraq, tələbələrin şikayət və təkliflərinə həssaslıqla yanaşılacaq, hər bir hal üzrə müraciət BDU rektorunun yanında yaradılmış Apelyasiya Komissiyasında dəqiq və operativ şəkildə araşdırılaraq cavablandırılacaq, imtahanların təşkilində və gedişində nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Müəyyən səbəblərdən tədris materiallarını mənimsəməyən və ya imtahan sessiyasında onlayn iştirak edə bilməyən tələbələr üçün də bütün şərait yaradılacaq. Bu qəbildən olan tələbələr üçün 2021-ci ilin yanvar ayının sonunadək distant formada və ya “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət etməklə ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq və növbəti semestr başlayanadək imtahan vermələri üçün müvafiq şərait yaradılacaq.