Çində son günlər koronavirusa yoluxmada artım müşahidə olunur.
Axar.az xəbər verir ki, xüsusilə Hebey əyalətində COVİD-19 diaqnozu qoyulan xəstələrin sayı 200 nəfərdən çox artıb.
Koronaya yoluxan 234 pasiyentdən 144-ü xəstəliyi simptomsuz keçirib.
Hazırda Çin hökuməti yoluxma hallarının daha da artacağından ehtiyat edərək müvafiq tədbirlərə hazırlaşır. Artıq Hebeyin Şijiazhuanq şəhərində avtobus, dəmir yolu və hava nəqliyyatının fəaliyyəti dayandırılıb.
11 milyon əhalisi olan şəhərdə operativ koronavirus testləri edilir. Şəhərin bir neçə rayonuna giriş qapadılıb. Həmçinin, uşaq bağçaları, ibtidai və orta məktəblər də müvəqqəti olaraq bağlanıb.
Pekin administrasiyası şəhərə əlavə tibbi heyət göndərməyi planlaşdırır.
ABŞ Türkiyəyə qarşı sərhədə ballistik raket yerləşdirib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin ehtiyatda ola polkovniki Midhət İşıq çıxış edib.
ABŞ-ın Suriyada cənuba - Hasekə, Deyr əz-Zor və Rakka bölgəsinə geri çəkildiyini deyən M.İşıq amerikalıların bu bölgədə PYD/PKK terror təşkilatı ilə neft alış-verişi etdiyini söyləyib:
"Suriya neftinin 90 faizi bu bölgədədir və ABŞ-ın burada 600 əsgəri yerləşdirilib. ABŞ-ın nəzarətindəki terror təşkilatları Suriya hökumətinə neft satır. ABŞ geri çəkildiyi bölgələrdə patrul fəaliyyətini həyata keçirir və Rusiya ilə əməkdaşlıq edir".
Polkovnik ABŞ-ın ötən həftə Hasekəyə ballistik raketlər yerləşdirdiyini söyləyib:
"Türkiyə bu bölgənin təmizlənməsini istəyir, yaxud özünün təmizləyəcəyini israrla ABŞ və Rusiyaya bildirir. Bu səbəbdən ABŞ quru və hava yolu ilə Hasekəyə ballistik raketlər gətirərək burada yerləşdirir. Raketlərin mənzilləri 130-500 kilometr arasında dəyişir. Diyarbəkirə qədər uzanan bir əhatə dairəsi var. ABŞ bunlardan kimə qarşı istifadə edəcək?"
ABŞ və Tayvan arasında hərbi dialoqun qurulmasına qarşıyıq və lazımi cavabı verəcəyik.
Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Tayvanın Çinin milli suverenliyi və ərazi bütövlüyü məsələsi olduğunu söyləyən XİN sözçüsü gedişata uyğun olaraq lazımi cavab veriləcəyini və təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacaqlarını vurğulayıb.
O, ABŞ-ı Tayvanla bütün hərbi və rəsmi münasibətləri dayandırmağa çağırıb.
Qeyd edək ki, ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə yardımçısı Klark Kuper bu gün Tayvanla siyasi və hərbi dialoq çərçivəsində video-görüş keçirəcəyini bəyan edib.
London Məhkəməsi “Wikileaks”in qurucusu Culian Assanjın girov müqabilində azadlığa buraxılması ilə bağlı müraciəti rədd edib.
“Qafqazinfo” xəbər verir ki, məhkəmə imtina qərarı vermə səbəbini Assanjın əvvəllər girov müqabilində azadlığa buraxılma şərtlərini pozması ilə əsaslandırıb. O, məhkəmə tərəfindən ekstradisiya ilə bağlı ABŞ apelyasiya müraciətinə baxılana qədər həbsxanada qalacaq. Bu prosesin isə aylar çəkəcəyi ehtimal olunur.
Xatırladaq ki, daha əvvəl London Mərkəzi Cinayət Məhkəməsi C. Assanjın ABŞ-a ekstradisiya olunması ilə bağlı müraciəti də rədd etmişdi.
Qeyd edək ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və 7 ilə yaxın orada gizlənib.
11 aprel 2019-cu ilin səhəri ABŞ-ın istəyi ilə London polisi tərəfindən saxlanılıb. Ekstradisiya məhkəməsi 2 may 2019-cu ildə başlayan Assanja qarşı daha sonra ABŞ tərəfindən casusluq və gizli məlumatların açıqlanması qanunlarının 17 maddəsi ilə əlaqədar yeni ittihamlar irəli sürülüb. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanjı 175 ilə qədər həbs cəzası gözləyir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyini araşdırmaq üçün göndərdiyi beynəlxalq ekspertlər qrupunun səfər tarixi və səfərin dəqiq araşdırma məsələləri hələ də müzakirə edilir, bu, yalnız vizaların rəsmiləşdirilməsi məsələsi deyil.
Axar.az xəbər verir ki, bunu Çin Xalq Respublikaslnın xarici işlər naziri Xua Çunyin Çinin ÜST ekspertləri üçün lazımi icazələri rəsmiləşdirmədiyini şərh edərkən deyib.
Qeyd edək ki, ötən gün ÜST-ün baş direktrou Tedros Qebreyesus Çinin beynəlxalq ekspertləri ölkəyə buraxmadığına dair narahatlığını ifadə edərək bildirib ki, qrupun 2 üzvü artıq yola çıxıb, digərləri isə son dəqiqədə getməkdən imtina edib.
Ermənistanın baş naziri Nikol Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqalə yazıb və həmin məqalə onun rəsmi saytında yerləşdirilib.
Axar.az xəbər verir ki, məqalədə Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, ölkəni hazırkı acınacaqlı vəziyyətə gətirən yol barədə söhbət açılır. Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Köçəryan-Sarkisyan cütlüyü olduğunu bildirir. O, eyni zamanda, uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunur. Baş nazir etiraf edir ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib.
Paşinyan bildirir ki, Azərbaycan bölgədəki prosesləri diqqətlə izlədi və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalanmağı bacardı.
Özündən əvvəl hakimiyyətdə olanları ittiham edən Paşinyan yazır ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bəri aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib. Hələ 1996-cı ildə keçirilmiş Lissabon sammitində Heydər Əliyev Ermənistanı çıxılmaz vəziyyətə saldı. Bu sammit Ermənistanın dünyada tək qalmasının əyani nümunəsidir.
Aprel döyüşlərində də uğursuzluğun olduğunu etiraf edən Paşinyan qeyd edir ki, Dağlıq Qarabağdakı qondarma qurumu danışıq tərəflərindən birinə çevirmək üçün çox cəhdlər etsə də, hər şey üçün artıq gec idi.
Məqalədə ötən ilin iyul ayında Ermənistanın törətdiyi təxribatdan söz açan baş nazir “iyul döyüşləri”nin guya Ermənistanın xeyrinə olduğunu iddia edir və bundan ürəkləndiklərini bildirir:
“Lakin həmin vaxt Azərbaycanın güc və imkanlarını düzgün hesablamadıq”.
Sentyabrda müharibəyə tək başlamadığını bildirən Paşinyan müharibə qərarının Ermənistan hakimiyyətində geniş müzakirə edildiyini, kollektiv şəkildə verildiyini qeyd edir.
Bu məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi də qiymətləndirilə bilər. Ancaq Paşinyan bu amillərin gələcəyə realist baxışda nəzərə alınmasını istəməklə bir növ öz cəmiyyətini nəticələrlə, Azərbaycanın və onun liderinin yaratdığı vəziyyətlə barışmağa çağırır.
Ermənistan Prezidenti Armen Sərkisyan koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, bu barədə RİA-ya Ermənistan Prezident Administrasiyasından məlumat verilib.
“Sərkisyan yanvarın 3-də Londonda ayağından əməliyyat olunub, əməliyyat uğurla keçirilib. Lakin onun yeni növ koronavirusa yoluxduğu aşkarlanıb. Verdiyi testin cavabı müsbət olub", — məlumatda bildirilir.
Qeyd edək ki, Sərkisyan Yeni ili Londonda ailəsi ilə keçirib.
Uranın zənginləşdirilməsinin 4 faizdən 20 faizə qədər qaldırılması İrana nüvə silahı əldə etməyə imkan verəcək. Bəs, İran niyə uranı məhz indi bu səviyyədə zənginləşdirməyə qərar verdi?
Axar.az xəbər verir ki, bu mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu baxışlarını təqdim edib.
O bildirib ki, Donald Tramp prezident seçildikdən dərhal sonra İranla nüvə anlaşmasından çıxdı:
“Buna baxmayaraq, İran Trampın hakimiyyətdə olduğu 4 ildə açıq şəkildə uranı zənginləşdirməkdən çəkindi. Digər tərəfdən nüvə anlaşmasını imzalayan digər ölkələr İranı anlaşmadan çıxmamağa çağırırdılar, əvəzində Tehrana qarşı ABŞ sanksiyalarına qoşulmayacaqlarını vəd edirdilər. Ancaq İranla ortaq layihələri olan Avropanın böyük şirkətləri ABŞ sanksiyalarından çəkinərək, İranı tədricən tərk etdilər. Yəni Avropa Birliyi sözdə Amerikanın sanksiyalarına qoşulmayacağını vəd etsə də, nə İrana investisiya yatırımları etdi, nə də İran bazarını tərk edən şirkətlərinin qarşısını kəsdi”.
Politoloq xatırladıb ki, bu zaman kəsiyində İran iki tanınmış simasını sui-qəsd nəticəsində itirdi: general Qasım Süleymani və nüvə alimi Möhsün Fəxrizadə:
“İran ikinci sui-qəsddə İsraili ittiham etdi. Həqiqətən son illərdə İranda nüvə çalışmalarında iştirak edən neçə-neçə alim müəmmalı şəkildə qətlə yetirildilər. İranın nüvə silahına yiyələnməsinə qarşı çıxan başlıca dövlət İsraildir. Bəllidir ki, İran nüvə silahı əldə etsə, hədəfindəki əsas ölkə İsrail olacaq. Buna baxmayaraq, İranın uranı zənginləşdirməsini nə Trampın nüvə anlaşmasından çıxmasıyla, nə də haqqında danışdığım sui-qəsdlərlə əlaqələndirirəm”.
Politoloq deyib ki, Tehran hiyləgər gediş edir:
“İranın hakim və dini dairələri tez və ya gec nüvə silahı əldə etməyi hədəfləyib. Tehran uranı nüvə silahı əldə etmək səviyyəsində zənginləşdirmək qərarını Trampın Ağ Evdən getməsinə sayılı günlər qaldığı vaxtda elan etdi və bununla Vaşinqtonu çətin seçimə sürüklədi. Tehranda düşündülər ki, “ya indi, ya da heç vaxt” və indini seçdilər. Təsəvvür edin ki, Tramp Ağ Evi tərk etməyə hazırlaşdığı dövrdə İranla müharibəyə başlayır. Bu halda Amerikanın daxili siyasətində aləm bir-birinə qarışır. Əsas sual bu olacaq: müharibəyə kim başçılıq edəcək?
Birinci variant odur ki, İranı bombalayan Donald Tramp prezident seçkisində məğlub olmasına baxmayaraq, Ağ Evi tərk etmir və müharibəni davam etdirir. Onsuz da Tramp rəqibi Cozef Baydenin saxtakarlıq nəticəsində seçkidə qələbə çaldığını iddia edir. Trampın son günlərdə İranla müharibəyə başlaması və Ağ Evi tərk etməməsi qərarı Amerikanı qarışdıracaq.
İkinci variant odur ki, Tramp İranla başladığı müharibəni yanvarın 20-də andiçmə mərasimindən sonra Ağ Evin yeni sahibi Baydenə ötürür. İlk gündən İranla müharibə Baydenə yaxşı heç nə vəd etmir. Əlbəttə, Amerika İranda hansısa hədəfləri vura bilər, ancaq İran və onun müxtəlif ölkələrdəki silahlı satellitləri də boş dayanmayaraq, harda mümkündür, Amerika hərbçilərini və vətəndaşlarını hədəf alacaqlar. Bayden hakimiyyətə gəldiyi ilk gündən itkilərlə üzləşmək istəmir”.
Politoloqun iddiasına görə, İrandakı siyasi dairələr bu iki variantı hesablayaraq uranı məhz indi zənginləşdirməyə qərar veriblər:
“Əlbəttə, Amerika İranın uranı zənginləşdirməsinə hansısa şəkildə reaksiya verməlidir və görünür, Tehran bu dəfə özünü mümkün əks-reaksiyalara hazırlayıb. İranın itirəcəyi heç nə yoxdur, iqtisadiyyatda ağır günlər yaşanır, pandemiya minlərlə insanın ölümünə səbəb olub. Ortaq düşmənə qarşı mümkün müharibə İran hakimiyyətinin və cəmiyyətinin üzləşdiyi problemləri arxa plana atacaq”.