Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada liderlərin ortaq mətbuat konfransında narazılığını səsləndirməkdən çəkinmədi. Təəssüflə dedi ki, bugünkü görüşdə humanitar məsələləri həll edə bilmədik, Dağlıq Qarabağın status məsələsi də açıq qalır...
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan baş nazirinin Moskvada səsləndirdiyi etirazlar haqda danışarkən qeyd edib.
Politoloq bildirib ki, Paşinyanın bu etirazının səbəbi Ermənistanın daxili auditoriyasıdır:
“Əvvəla, bizim üçün status məsələsi bitib, bu müzakirə predmeti deyil, ikincisi, Azərbaycan Prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər.
Paşinyan “status və əsirlərlə” bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər. O, Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi”.
20:04
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinin bəyanatı
- İlk növbədə, həmkarlarıma - həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə bu gün Moskvaya gəlməyə, bizim keçən ilin 9 noyabr tarixli sülh razılaşmamızın şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyə razılıq verdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm.
Bu razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik.
Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir.
Bugünkü görüşümüzün əvvəlində dediyim kimi, 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır.
Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam.
Bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər.
Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək. Sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, bu dəvətə və bu görüşün keçirilməsi təşəbbüsünüzə görə Sizə təşəkkür etmək istərdim. Mən də Sizin fikrinizə şərikəm ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.
Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.
Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.
Vladimir Vladimiroviç, dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm və hesab edirəm ki, görüş çox faydalı və səmərəli olub. Sağ olun.
Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatı
- Hörmətli Vladimir Vladimiroviç.
İlk növbədə, icazə verin, bizim regionda sabitliyin və təhlükəsizliyin bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür edim. Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir. Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik. Lakin deməliyəm ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir. Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantiyalarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq. Lakin dediyim kimi, təəssüf ki, bütün məsələləri bir görüş ərzində həll etmək mümkün deyil. Ümidvaram ki, biz daha irəli gedəcəyik. Bir daha vurğulamaq istəyirəm, indiki məqamda bizim üçün ən başlıca məsələ humanitar məsələlər - bizim 9, yaxud 10 noyabr tarixli birgə Bəyanatın 8-ci bəndi ilə nəzərdə tutulmuş hərbi əsirlərin dəyişdirilməsi məsələləridir.
Vladimir Putin: Bütövlükdə bugünkü konstruktiv işə görə həmkarlarıma bir daha təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm.
İtaliyada koronavirusa qarşı peyvəndlənən şəxslərin sayı artıq yarım milyon nəfəri ötüb.
Axar.az xəbər verir ki, yanvarın 10-dək ölkədə 583 min 50 nəfərə vaksinasiya kampaniyası çərçivəsində peyvənd vurulub. Bununla da İtaliya Avropa İttifaqı ölkələri arasında koronavirusa qarşı ən çox peyvənd tətbiq olunan ölkə olub və ölkənin müxtəlif regionları üzrə paylanmış peyvənd dozalarının 63,5 faizi artıq istifadə edilib.
Ölkənin səhiyyə qurumlarının verdiyi məlumata görə, gündəlik peyvənd hədəfi 70 min nəfərə çatdırılmalıdır və hazırda peyvənd vurulan şəxslərin orta yaş həddi 50-59 arasındadır.
Baş nazir Cüzeppe Konte kampaniyanın ilkin mərhələsindən məmnunluq ifadə edərək, qarşıdakı aylarda mürəkkəb olaraq qalacaq bu vəziyyətin öhdəsindən gəlmək üçün hazırkı tempin qorunub saxlanmasının vacibliyini vurğulayıb.
İtaliyada əhalinin peyvənd kampaniyasında iştiraka təşviq edilməsində Roma Papası Fransisk də mühüm rol oynayıb. O, möminlərə ünvanladığı müraciətlərində kampaniyanı ciddiyə almağa və iştiraka çağırışlar edib. Roma-katolik kilsəsinin rəhbəri yerli telekanallara verdiyi müsahibədə bildirib ki, insanlar aktiv şəkildə peyvənd vurdurmalıdırlar, bu prosesdən yayınmaq onun üçün “intihara bərabər imtina”dır və bu cür addım atanları anlamaq mümkün deyil. 84 yaşlı Papa bildirib ki, növbəti həftə Vatikanda təşkil olunacaq vaksinasiya prosesində iştirak edəcək və koronavirusa qarşı peyvənd vurduracaq.
2021.01.09 - 20:32
Qətər ilə Səudiyyə Ərəbistanı arasındakı “Salva” sərhəd-keçid məntəqəsi bu gün açılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanına gələn Qətər vətəndaşı buranın ikinci vətəni olduğunu deyib.
Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn “terror qruplarını dəstəkləmək” ittihamı ilə Qətərlə bütün diplomatik əlaqələri kəsmiş, eyni zamanda bu ölkəyə iqtisadi embarqo tətbiq etmişdilər.
***
Səudiyyə Ərəbistanından Qətərə aviareyslər yenidən açılır.
Bu barədə Səudiyyə Ərəbistanı Hava Yolları məlumat yayıb.
Bildirilir ki, ilk uçuş yanvarın 11-də Ciddə və Ər-Riyaddan Dohaya baş tutacaq.
"Bəyanatda nə “Mehri”, nə də “dəhliz” sözü var" deyən Ermənistanın məğlub baş naziri görəsən başa düşürmü ki, qeyd etdiyi bəyanatda adı keçən 5 km-lik Laçın dəhlizinin sahibi kimdir? Paşinyan xalqının gözündə özünə bəraət qazanmaq üçün bəyanatı təhrif edə bilər, lakin reallıq ondan ibarətdir ki, Azərbaycandan Naxçıvana sərbəst keçid olacaq. Ermənistan istəsə də, istəməsə də!
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın 10 noyabr Bəyanatı haqda açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında quru dəhlizi bu ölkənin regiondakı 200 illik süni varlığının üzərindən xətt çəkir:
“Ermənilərin 200 il öncə regiona gətirilməsində, hətta kompakt halda İrəvan və Qarabağa yerləşdirilib, Ermənistan dövləti adı altında birləşdirilməsində tək səbəb türk dünyasını ayırmaq idi. Diqqət etsəniz, coğrafi xəritələrdə də Ermənistan regiona batırılmış bıçağa bənzəyir. Bu mənada bu gün Naxçıvanla Azərbaycanın birləşdirilməsi bu “bıçağ”ın tiyəsinin ortadan sınması deməkdir”.
Politoloq bildirib ki, 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğrayan Paşinyan xalqının qəzəbindən qurtulmaq üçün indi də Bəyanata sığınmağa, hətta bunun guya Ermənistanın xeyrinə olduğunu göstərməyə çalışır:
“Paşinyan qeyd edib ki, regionun bütün iqtisadi və nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması lazımdır. Bu da Ermənistanın Azərbaycan vasitəsilə Rusiyaya və İrana həm yükdaşımaları, həm də Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisi ilə yükdaşımaları və nəqliyyat əlaqələrinin həyata keçirilməsi deməkdir. Azərbaycan tərəfi müharibə olmadan da buna razı idi. Lakin Ermənistanın avantürist, xəyalpərəst rəhbəri o zamanlar sərxoş halda Cıdır düzündə yallı gedərək bizə acıq verməklə məşğul idi. Nə oldu indi?! Nə dəyişdi?! "Dəmir Yumruq" və onun təsirləri bax budur!
Ermənistan istəsə də, istəməsə də Naxçıvanla quru yolunu açmalıdır. Əks təqdirdə İrəvan 5 km-lik Laçın dəhlizini unutmalı olacaq”.
Koronavirus (COVID-19) epidemiyasına qarşı mübarizə çərçivəsində Fransada tətbiq olunan komendant saatı uzadılıb. "Qafqazinfo" xəbər verir ki, yanvarın 6-da bitəcək olan məhdudiyyətlər 20-dək davam edəcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Jan Kasteks məlumat verib. O, keçirdiyi mətbuat konfransında vəziyyətin son həftələrdə daha da pisləşdiyini açıqlayıb. Kasteks ölkənin 10 yeni bölgəsində küçəyə çıxma qadağasının saat 20:00 əvəzinə 18:00-da başlayacağını bildirib.
Baş nazir lazım olduğu təqdirdə karantin tətbiqinin üçüncü dəfə elan edilə biləcəyini qeyd edib. Kasteks məktəblərin bağlanmasını son seçim kimi qəbul etdiklərini söyləyib.
Epidemiyanın yaya qədər bitəcəyinə ümid etdiyini söyləyən nazir peyvəndləmənin Fransada digər Avropa ölkələrinə nisbətən daha yavaş başladığını, ancaq sürətləndiyini qeyd edib.
Baş nazir muzeylərin, kinoteatr və teatr salonlarının "COVID-19" səbəbilə ayın sonuna qədər bağlı qalmağa davam edəcəyini bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatın Ermənustan üçün gələcək prioritetlərini açıqlayıb.
Axar.az xəbər verir ki, o, bu barədə Feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, Ermənistan üçün prioritet mövzular aşağıdakılardır:
“1. Ərizənin 8-ci bəndinin tam həyata keçirilməsi: bununla əlaqədar əsirlərin, girovların, habelə meyitlərin mübadiləsi aparılmalıdır. Hərbi əməliyyatlar zonasında genişmiqyaslı axtarış-xilasetmə işlərinin aparılması da bizim üçün vacibdir.
2. Regionun bütün iqtisadi və nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması. Bu da Ermənistanın Azərbaycan vasitəsilə Rusiyaya və İran İslam Respublikasına həm yükdaşımaları, həm də Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisi ilə yükdaşımalar və nəqliyyat əlaqələrinin həyata keçirilməsi deməkdir.
Bir daha nəzərə çardırıram ki, Bəyanatda Ermənistanın hər hansı ərazisi ilə bağlı nə “Mehri” sözü, nə də “dəhliz” sözü var.
Ermənistan və Rusiyanın, eləcə də Azərbaycanın və Naxçıvanın marşrutlarının seçilməsi ayrıca müzakirə mövzusudur”.
İsraillə Azərbaycanın bir-birinə ehtiyacı var və ötən il bunu bir daha təsdiqlədi. Ölkələrimiz arasında iqtisadi əlaqələr güclənir.
Axar.az xəbər verir ki, bu sözləri “Soxnut” yəhudi agentliyinin Azərbaycandakı fəxri səfiri, Azərbaycan Yazıçılar Birliyinin İsrail bölməsinin rəhbəri, politoloq Roman Qureviç söyləyib.
O bildirib ki, 2020-ci il bəlalar gətirməsinə baxmayaraq, yaxşı xəbərlər və tarixi nailiyyətlərlə də yadda qaldı:
“Ən çətin şərtlər altında 44 gün davam edən döyüşlər nəticəsində tarixi bir qələbə qazanıldı və ölkənin ərazi bütövlüyü bərpa edildi. Azərbaycan xalqının Vətən müharibəsindəki bu qələbəsi tarix kitablarına həm XXI əsrdə yüksək peşəkarlıqla aparılan müharibə baxımından, həm də ədalətin qələbəsi kimi yazılacaq”.
Qureviç hər şeyə rəğmən öz komandası ilə birlikdə dost Azərbaycanın yanında olduğu üçün şərəf duyduğunu dilə gətirib:
“Ürəyə əmr etmək mümkün deyil. Vətən müharibəsi zamanı dünya mediasında Azərbaycanın ədalətli mövqeyini müdafiə etmək üçün mənə məxsus “Qureviç kommunikeyşns” (Gurevich communications) PR agentliyinin bütün resurslarını, əməkdaşlarını səfərbər etmək mənim üçün böyük şərəf idi.
Biz ingilis, ivrit və rus dillərində onlarla məqalə, video-reportaj, müsahibə və radio buraxılışları təşkil edirdik. Əsas auditoriyamız İsraildə olsa da, televiziya və internet Azərbaycanda və dünyanın onlarla ölkəsində minlərlə insanı buraya cəlb edib. Sözsüz ki, biz könüllü və ümumi iş naminə ürəkdən işləmişik”.
Politoloq, həmçinin qeyd edib ki, Azərbaycanda antisemitizm yoxdur və olmayıb:
“Ölkənin yəhudi icması həmişə Azərbaycanda layiqli hörmət və ehtiram görüb. Yəhudilər çoxmillətli Azərbaycan xalqının ayrılmaz hissəsi olub və qalırlar. Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunova ölümündən bir müddət öncə Qarabağdakı bir döyüşdə “yəhudini bu torpaq uğrunda döyüşməyə vadar edən nədir" sualı verildikdə, o, “mən burada doğulmuşam! Burada böyümüşəm! Ailəm və dostlarım burada yaşayır! Bura mənim evimdir. Başqa heç bir şey məcbur etmir!” deyə cavab vermişdi.
Buna görə də Azərbaycanda doğulub-böyüyən bir çox yəhudi bu gün yaşadıqları hər yerdə Azərbaycana məhəbbət bəsləyirlər”.