Dünən Gürcüstan parlamenti Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın deputat toxunulmazlığını ləğv edib.
Axar.az xəbər verir ki, layihənin lehinə 88, əleyhinə isə 2 deputat səs verib.
Parlamentin qərarı ölkədə etirazları daha da artırıb. Belə ki, parlament qarşısındakı etirazçılar deputatlar üçün “utanc dəhlizi” yaradaraq, onlara qarşı “siz Bidzinoviç Qavrilovun qullarısınız” şüarları səsləndiriblər.
Meliya ilə bağlı qərarı alovlandıran məqam isə rusiyalı deputat Sergey Qavrilovun çıxış etməsi olub. Belə ki, Gürcüstan mətbuatına açıqlama verən Qavrilov Meliyanın ölkəni əsir saxladığını və təkcə dövlətdən yox, ondan da üzr istəməli olduğunu deyib:
“Əgər mən heç bir kresloya oturmasaydım, Gürcüstan parlamentinə gəlməsəydim belə, onlar dövlət çevrilişinə getməyə, Rusiya və Gürcüstan arasında münasibətləri gərginləşdirməyə və hakimiyyəti dövlət çevrilişi ilə ələ keçirməyə cəhd edəcəkdilər”.
Meliya isə özü haqqında parlamentin qərarını ənənəvi tərzini pozmadan kəskin tənqid edib. O, parlamentin təkcə onun yox, ölkənin də qarşısında üzr istəməli olacağını söyləyib. Öz ofisindən prosesi izləyən partiya rəhbəri hakimiyyətin onu həbs edə bilməyəcəyini deyib və sərt dillə deputatlara müraciət edib:
“Siz Qavrilovun yox, Bidzina İvanişvilinin qullarlısınız. Bidzina İvanişvili sizin kimi qullarıyla Qavrilov və rəhbərliyinin quluna çevrilməkdən razıdır. Siz matryoşka kimisiniz. Qul, onun içində daha kiçik qul və yenə qul, qul... Hətta canım hesabında mən ədalətsizliklə barışmayacağam. Bəsdirin, insanların qanun adıyla qınanması nə vaxta qədər davam etməlidir?!”
Qeyd edək ki, Nika Meliya 2019-cu ilin iyununda “Qavrilov gecəsi” adlanan hadisə zamanı parlamentin etirazçılar tərəfindən ələ keçirilməsini təşkil etməkdə ittiham olunub. Tiflis Şəhər Məhkəməsi onun əvvəlcə 30000 lari girov ödəməsini tələb edib. Sonradan məhkəmə bu girovu 40.000 lariyə qədər qaldırıb. Meliya isə bu girovu heç vaxt ödəməyəcəyini, çünki ona qarşı sürülən ittihamların tam əsassız olduğunu bildirib.
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan “Armnyuz” kanalına verdiyi müsahibədə maraqlı açıqlamalar verib.
Axar.az Yeni Sabah-a istinadən xəbər verir ki, keçmiş prezident Ermənistan ordusunun oktyabr ayının əvvəlində Lələ-təpəni geri almaq üçün başladığı əməliyyatın fəlakətlə sonuclandığını, bunun nəticəsində ordunun rezerv hissələrdən məhrum olduğunu qeyd edib.
S.Sərkisyanın sözlərinə görə, Nikol Paşinyan hökuməti müharibədən öncə və onun gedişatında bağışlanmaz səhvlər buraxaraq məğlubiyyətə zəmin hazırlayıb. Onun sözlərinə görə, Şuşa məhz həmin səhvlərdən irəli gələrək “təslim edilib”. Serj Sərksyan elə müharibənin əvvəlindən Şuşanın Azərbaycan üçün əsas hədəf olduğunu vurğulayıb.
Keçmiş prezident Türkiyənin müharibənin aktiv fazasında yer aldıını bildirərək, bunun da günahının Nikol Paşinyan diplomatiyasında olduğunu söyləyib. O, Ermənistan baş nazirinin yersiz təkəbbürlə Rusiya prezidentinin rəsmi ziyarəti zamanı onu hava limanında qarşılamayaraq uşaq hərəkətinə yol verdiyini bildirib.
Serj Sərkisyan Ermənistan rəhbərliyinin müharibənin əvvələrində “İsgəndər” raketlərindən istifadə etməməsinin anlaşılmaz olduğunu söyləyib. Onun fikrincə, əsas zərbə müharibənin 4 və ya 5-ci günlərində Azərbaycanın Horadizdəki hərbi birləşmələrinə vurulmalı idi. Lakin bunun əvəzində dinc sakinlərin yaşadığı şəhərlər bombalanıb.
“Axmağın biri hətta Gəncədə hərbi hava limanını havaya uçurduqlarını söylədi. Sonradan bunun yalan olduğu ortaya çıxdı. Onlar başqa raketlərlə dinc əhalinin yaşadığı məhəllələri vurdular. Bu isə Ermənistana qarşı güclü beynəlxalq təpkiyə nədən oldu, həm də Azərbaycanın daha amansızlıqla Xankəndini bombalamasına gətirib çıxardı.
Azərbaycan tərəfi yalnız hərbi hissələri və elektrik stansiyaları nişan alırdı”, - deyə o qeyd edib.
5 saylı Şəhər Klinik Xəstəxanasının 450 nəfərlik işçi heyətindən 300-ü Çinin “SinoVak” şirkətinin istehsal etdiyi “KoronoVAK” vaksininin ilk dozasını vurdurub və hamısının səhhəti normaldır, heç bir problem müşahidə olunmayıb.
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında xəstəxananın baş həkimi Fazil Alməmmədov deyib.
O bildirib ki, digər tibb işçilərinin bəziləri virusa yoluxduğundan onlara peyvənd vurulmayıb:
“İlk dozanı vurduran işçilər yaxın günlərdə ikinci dozasını qəbul edəcəklər”.
Özünün də COVID-19 əleyhinə peyvənd olunduğunu deyən F.Alməmmədov vurğulayıb ki, səhhətində hər şey qaydasındadır:
“Yüngül hərarət və baş ağrısı oldu. Bu da təbiidir. Çünki bir çox peyvənddə belə yan təsirlər mümkündür. Əhaliyə tövsiyə edərdim ki, mütləq şəkildə vaksinasiya prosesinə qoşulsunlar. Vaksinasiya olunmaq şərtdir. Ən azından virusa yoluxsalar belə, bunu yüngül formada keçirəcəklər. Vaksinasiya prosesi nə qədər çox insanı əhatə etsə, ölüm halı bir o qədər aşağı düşəcək. Vaksin həyat xilas etmir, vaksinasiya həyat xilas edir”.
O həmçinin əhalini vaksinin tərkibi ilə bağlı narahat olmamağa çağırıb:
“Əhalinin sağlamlığı üçün istehsal edilən vaksinin ciddi yan təsirlərinin olması qeyri-mümkündür. Bu günə qədər vaksin vurduran şəxslərdə ciddi fəsad aşkarlanmayıb”.
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır.
Fevralın 2-dən isə vaksinasiyanın 2-ci mərhələsinə start verilib. Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.
Yanvarın 22-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanla hərbi əlaqələrin inkişafında maraqlı olduğunu elan etdi.
İlkin addım kimi Britaniyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə kömək edə biləcəyini vurğuladı. Bir deyil, iki NATO üzvü (Türkiyə və Böyük Britaniya) strateji cəhətdən xüsusi əhəmiyyət daşıyan, Cənubi Qafqaz ölkəsi olan Azərbaycanla daha yaxın hərbi münasibətlərə ciddi maraq göstərir.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu məlumatı 3 fevralda “jamestown.org” saytı yayıb.
“Deyli Breyf” nəşri də fevralın 12-də bu məsələyə toxunub. Sayt yazır:
“Azərbaycanın xarici hərbi təmaslara daha çox maraq göstərəcəyi və hərbi əlaqələrini daha da genişləndirəcəyi gözlənir. Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərini minalardan təmizləməsi təşəbbüsünə kömək etməkdə maraqlı olduğunu göstərir və bu niyyəti ilə bağlı rəsmi Bakıya açıq siqnallar verir. Bundan əlavə, potensial Ermənistan tərəfdarı olan Rusiyanın bölgədəki təsirini balansda saxlamaq üçün Bakının Ankara ilə əlaqələrini daha da dərinləşdirəcəyi ehtimal olunur”.
Qeyd edək ki, Böyük Britaniya Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Britaniyanın Azərbaycanda son dərəcə ciddi biznes maraqlarının olması heç kimə sirr deyil. Bu maraqlar xüsusən neft və qaz hasilatında daha qabarıq nəzərə çarpır.
Göründüyü kimi, Britaniyanın hərbi baxımdan Azərbaycana daxil olmaq ehtimalı getdikcə ciddiləşir. Rəsmi Bakının Böyük Britaniyanın bu təşəbbüsünə reaksiyası necə olacaq? Bəri başdan konkret nəsə demək çətindir. Şübhəsiz ki, Azərbaycan və Türkiyə rəhbərliyi bu məsələdə ortaq məxrəcə gəldikdən sonra ortaya müəyyən mövqe qoyula bilər.
Ordunun texniki baxımdan savaşa hazır olmamasında təkcə Baş nazir Nikol Paşinyan deyil, keçmiş prezident Serj Sərkisyan da günahkardır.
Axar.az xəbər verir ki, bunu rusiyalı kinorejissor, Kremlin əsas təbliğatçısı Tiqran Keosayan deyib. Onun sözlərinə görə, Serj Sərkisyanı hakimiyyətə gətirmək eks-prezident Robert Köçəryanın ən böyük səhvi olub.
O, Ermənistanın zəifliyinin ən böyük səbəbinin blokada olduğunu bildirib:
“Blokada ucbatından iş yoxdur, yollar bağlıdır. 90-cı illərin əvvəllərində ağıllı insanlar başa düşürdülər ki, öz ailələrini doyura bilməyəcəklər. Onların qüvvələri, ideyaları, arzuları var idi və ona görə də kütləvi şəkildə getməyə başladılar. Haqlı olaraq güman edirdilər ki, biz Moskvada, Sankt-Peterburqda, İrkutskda, Los-Ancelesdə, Keyptaunda möhkəmlənəcəyik və çox sayda qohumumuza yardım edəcəyik. Çoxlarında bu alındı. Nəticədə ilbəil, onilliklər ərzində Ermənistan ən aktiv sinfindən, biznesi və iqtisadiyyatı irəli aparacaq şəxslərdən məhrum oldu”, – deyə o bildirib.
Fevralın 11-də Yeni Azərbaycan Partiyasının və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda videokonfrans keçirilib.
YAP-dan Axar.az-a verilən məlumata görə, əvvəlcə konfransın moderatorları, YAP-ın Türkiyə üzrə koordinatoru, Milli Məclisin deputatı Ramil Həsən və AK Partinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, Türkiyə Parlamentinin üzvü Mehmet Ceylan keçirilən tədbirin önəmini vurğulayıblar.
Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, bu gün hər iki ölkənin hakim partiyaları arasında yeni layihəyə start verilir. Bu layihə çərçivəsində hər iki partiya ölkələrimiz arasında münasibətlərə, əməkdaşlığa həsr olunmuş müxtəlif tədbirlər, konfranslar keçirəcək.
Əli Əhmədov qeyd edib ki, 2020-ci il təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar il oldu. 30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycan müzəffər ordusu tərəfindən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu, öz yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtmaq imkanları tanınmış oldu. Düşünürəm ki, bu qələbənin əldə olunması bir sıra ciddi səbəblərlə əlaqədardır. İlk növbədə, İkinci Qarabağ savaşında qazanılan qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəb isə, Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm qələbəmizin digər əsas mühüm amili Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır.
O həmçinin qeyd edib ki, bu qələbənin əldə olunmasında bizə böyük dəstək göstərmiş qardaş Türkiyənin xüsusi rolu qeyd edilməlidir. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə biz bu dəstəyi daim hiss etdik. “Dünyada elə bir iki dövlət tanımaq olmaz ki, onlar arasındakı əlaqələr Türkiyə və Azərbaycan arasında olan münasibətlər kimi saf, səmimi və etibarlı olsun. Bu qardaşlıq əsrlər boyu çox sınaqlardan çıxıb. Çanaqqala döyüşü, Qafqaz İslam ordusunun Azərbaycanı işğaldan azad etmək üçün ölkəmizə gəlməsi bu sınaqlardandır. İkinci Qarabağ savaşı isə bu qardaşlıq münasibətlərini bir daha təsdiq etdi”, - deyə Əli Əhmədov vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, Türkiyə işğaldan azad edilən ərazilərimizin bərpası işində də Azərbaycanın yanında olacaq. YAP Sədrinin müavini Türkiyə və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində iki partiyanın böyük rol oynayacağından əminliyini ifadə edib. O, hər iki ölkənin liderləri – Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlər arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Videokonfransda qəhrəman Azərbaycan Ordusunu hörmətlə salamlayan AK Partinin sədrin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş qeyd edib ki, bundan sonrakı dövrdə görüləcək işlər həm Türkiyəyə, həm də Azərbaycana böyük fayda gətirəcək.
Numan Kurtulmuş deyib ki, Qarabağ zəfəri ilə ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından yeni qapılar açıldı. Bu zəfər dünyanın yeni düzənə keçdiyi dövrdə xüsusilə əhəmiyyətlidir. Belə həssas dönəmdə Azərbaycan və Türkiyə xüsusilə güclü olmalıdır. AKP Sədrinin birinci müavini qeyd edib ki, ölkələrimiz arasında iqtisadi münasibətlər daha da inkişaf etdirilməlidir. Naxçıvan üzərindən keçəcək yeni yol bu baxımdan əhəmiyyətli rol oynayacaq. Geniş ortaq istehsal imkanları da ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm amildir.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən danışıb. Bildirib ki, son 15 il ərzində ölkələrimiz arasında ticarət əlaqələri 9 dəfə artıb. Yaxın zamanlarda ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollar həcminə çatdırılması istiqamətində işlər görülür. Müqayisə üçün deyək ki, bu gün Türkiyə ilə Çin arasında ticarət dövriyyəsi 20 milyard dollar həcmindədir. SOCAR Türkiyə qardaş ölkənin xaricdən enerji asılılığını azaltmaq istiqamətində böyük işlər görür. Türkiyə şirkətləri də Azərbaycanda olduqca fəal iş aparırlar. Bu qarşılıqlı etimadın növbəti təzahürüdür.
İstanbul Mediapol Universiteti, SETA İqtisadi Araşdırmalar bölümünün direktoru Nurullah Gür isə çıxışında deyib ki, son iki ildə dünya, eləcə də ölkələrimiz həssas siyasi-iqtisadi dönəmdən keçir. Qarabağın erməni işğalından azad edilməsi Azərbaycan və Türkiyə üçün iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə ki, ölkələrimiz arasında yeni iqtisadi perspektivlər açılır. Nurullah Gür əmin olduğunu ifadə edib ki, Azərbaycan və Türkiyə bu fürsəti yüksək səviyyədə dəyərləndirəcək.
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında qeyd edib ki, Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Ölkələrimiz iqtisadi-siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar. Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da mühüm rol oynayacaq.
Çıxış edən AK Partinin Sədrin xarici əlaqələr üzrə müavini, Türkiyə parlamentinin üzvü Efkan Ala hazırda dünyada yeni düzənin formalaşdığını qeyd edib. Bildirib ki, Azərbaycan və Türkiyə dövlət başçıları bu yeni düzəndə hansı siyasi xətt üzrə işlərin görülməsi ilə bağlı bütün dünyaya nümunələr göstərirlər. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra hər iki dövlət başçısının apardığı siyasəti xüsusi vurğulamaq lazımdır. Dövlətlərimizin başçıları əldə edilən iqtisadi perspektlərdən ölkələrimizin mənafeyi naminə maksimum yararlanmaq istiqamətində böyük işlər görürlər.
Sonda AK Partinin sədrin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş və Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov konfransın əhəmiyyətini vurğulayaraq hər iki partiyanın əməkdaşlığının inkişafından məmnunluqlarını ifadə ediblər.
Ermənistanın Daşnaksütyun Partiyası Ermənistan xarici işlər nazirinin Türkiyə ilə sərhədlərin açılmasıyla bağlı bəyanatını tənqid edib.
Axar.az xəbər verir ki, partiya nazirin bu mövqeyinin problematik olduğunu bildirib.
Daşnaksütyun hökumətin bununla yeni status-kvo ilə barışmaq istədiyini deyib. Partiya hökumətin həmçinin Qarabağın təhlükəsizliyinin qarantı olma öhdəliyini üzərindən atmaq istədiyini bəyan edib.
Qeyd edək ki, bundan öncə Ara Ayvazyan II Qarabağ savaşından sonra Ankaranın Ermənistanla sərhədləri bağlı saxlamaq üçün səbəblərinin olmadığını və blokadanın ortadan götürülməsi gərəkdiyini söyləyib.
Mən fürsətdən istifadə edərək, Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötən ilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə İSESKO-ya, şəxsən onun Baş direktoru doktor Salim Al Malikiyə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Bir ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə İSESKO-nun nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Qonaqlarımız azad olunmuş bəzi ərazilərə səfər etmək imkanı əldə etmiş və onlarla məscidlərimizin təhqir olunması və yüzlərlə tarixi abidələrimizin dağıdılması daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi olmuşlar.
Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İSESKO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edərkən deyib.
"Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində İSESKO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, İSESKO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər", - Mehriban Əliyeva bildirib.
Daşnaklar xarici işlər naziri Ara Ayvazyanın Türkiyə ilə sərhədin açılması mümkünlüyü haqda açıqlamasını tənqid ediblər. Erməni radikalların fikrincə, sərhəd açılarsa, Ermənistanla dünyadakı erməni lobbisi arasında uçurum yaranacaq. Çünki ikincilər Türkiyə ilə istənilən təmasın əleyhinədirlər, daşnaklar isə məhz lobbinin maliyyəsi hesabına Ermənistanda siyasi varlıqlarını davam etdirə bilirlər.
Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, daşnaklar hardasa haqlıdırlar, erməni lobbisinin özünün “antitürk” dünyası var. 100 ildən çoxdur bununla yaşayırlar, ancaq bu “dünyanın” bu illərdə Ermənistana xeyri olmadı, müxtəlif parlamentlərin “soyqırım qətnamələri” Emənistanın qonşusu Türkiyə və türk dünyası ilə problemlərini dərinləşdirdi:
“Beləliklə, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb. Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, eyni zamanda İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq. Ermənilər özləri də deyirlər ki, əgər Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu o deməkdir ki, İrəvan faktiki Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb.
İrəvan ikinci reallığı sakitcə qəbul edib. Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Qarabağa “hərbi xidmətə” heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır.
Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıların tərk-silahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. “Dəmir Yumruq” kitabımda da yazdığım kimi, növbəti mərhələdə - “ağıl oyunlarında” da üstün olacağıq”.
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Milli Məclisin 15 deputatını məhkəməyə verib.
Axar.az xəbər verir ki, bu sensasion iddianı “Azpolitika.info” saytı yayıb.
Sayt bu haqda mötəbər mənbədən məlumat aldığını yazıb. AMEA prezidenti məhkəməyə təqdim etdiyi iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini iddia edib.
R.Mehdiyevin məhkəmədən tələbi nədir və hansı deputatlar məhkəməyə verilib, təfərrüat məlum deyil. Lakin AMEA prezidentinin kimləri məhkəmə vasitəsilə cəzalandırmağa çalışdığını təxmin etmək olar. Ötən ilin avqust ayının 25-də R.Mehdiyev ona qarşı hücumlara AMEA-nın saytı vasitəsilə yaydığı cavab yazısında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrini xatırladaraq, 16 deputatın adını çəkmiş, onları açıq şəkildə hədələmişdi. Həmin məqalədən sitat: "... Məsələnin siyasi və hüquqi aspektləri onun mənəvi tərəfindən daha ağırdır. Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram. Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov ... unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm".
Belə görünür ki, R.Mehdiyev xatırlatdığı hüququndan istifadə edib və deputatlarla məhkəmə yolu ilə haqq-hesab çəkmək qərarına gəlib. Lakin belə görünür ki, AMEA prezidenti adlarını çəkdiyi deputatlardan birini "əfvə salıb" - bəyanatda 16 deputatın adını çəksə də, onlardan 15-ni məhkəməyə verib.
Digər bir maraqlı məqam R.Mehdiyevin təqdim olunan bəyanatında deputatları xüsusi ittiham qaydasında məhkəməyə verə biləcəyini elan etməsidir. Çox böyük ehtimalla, elə bu qaydada da verib və deputat toxunulmazlığına əhəmiyyət verməyərək, onların həbsini tələb edir.