01:44

Rusiya Prezidenti Putinlə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski arasında maraqlı dialoq yaşanıb.

Axar.az xəbər verir ki, Duma üzvü olan müxalifət liderlərilə telekonfrans formatında görüş keçirən Putin Jirinovskinin xarici müdaxilə məsələsi ilə bağlı söylədiklərinə kəskin cavab verib. Belə ki, Jirinovski 988-ci ildə Rusiyanın Bizans xristian yolunu qəbul etdiyini deyib:

"Əvvəl kilsələr birləşmişdi, sonra parçalanacağını bilmirdik. Sonra Şərqdən "barbarlar" (türklər nəzərdə tutulur - red.) gəldi, 1453-cü ildə Konstantinopolda (Konstantinopolun fəthi - red.) hər şey dağıldı. Biz katolik və ya protestant deyilik. Xristian dünyasında yetimik. Onların dünyasında tək qaldıq".

Putin isə öz növbəsində Jirinovskinin sözlərinə düzəliş edib:

"Əlbəttə, Türkiyə də daxil olmaqla, Şərq məsələsində yüksək bilikli bir mütəxəssisiniz. "Barbarlar" Şərqdən gəldi, ortodoksal imperiyanı məhv etdi" dediniz. Ancaq yaxşı bilirsiniz ki, "barbarlar" gəlməmişdən öncə Qərbdən səlibçilər gəldi, pravoslav imperatorluğunu zəiflətdi. Daha sonra son zərbə endirildi və ələ keçirildi. Bu tarixi hadisələri heç vaxt unutmamalıyıq".

Qeyd edək ki, Putin-Jirinovski dialoqunda vurğulanan "barbarlar" sözü həqiqət deyil, daha çox, nifrətin ifadəsidir. Bizans imperiyasında yaşanan səfalətli durum osmanlıların gəlişi ilə aradan qalxdı və sabit bir düzən formalaşdı. Müsəlmanlar daxil olmaqla, digər dinin nümayəndələri də uzun əsrlər boyunca sülh və rifah içərisində yaşadılar.

09:46

44 günlük Qarabağ savaşındakı möhtəşəm qələbəmizin 100 günü tamamlandı. Dünyanın bir çox hərbi mərkəzlərinin, aparıcı paytaxtlarının hələ də Azərbaycanın qısa müddətdə, minimum itkilərlə “ildırım sürətilə” əməliyyat keçirməsinin, Ermənistan ordusunun 80 faizinin darmadağın etməsinin sirlərini öyrənməklə məşğuldurlar. Paralel olaraq bir sıra ölkələr, məsələn, dost Ukrayna öz ərazilərini azad etmək istiqamətində Azərbaycan təcrübəsindən istifadəni planlaşdırır.

Bakıdakı Zəfər paradında düşmənə məxsus hərbi texnikanın nümayişi son illərin hərb tarixində bir ilk oldu. Azərbaycanın qəhrəman əsgərinin qazandığı zəfər tariximizin ən şərəfli səhifələrindən biri oldu. 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməni imzalayan Nikol Paşinyan məğlubiyyətini etiraf etdi. Ancaq Qarabağın “erməni məhəlləsi”ndə mövcud olan terrorçular və onların başçıları, eyni zamanda Ermənistandakı revanşistlər savaşın tam bitmədiyi ehtimalını ortaya çıxarır. Bakının bölgədə yaratdığı yeni situasiya və sənədin icrasına yaradılan əngəllər getdikcə artmaqdadır. Xüsusən də erməni revanşistləri və lobbisi nəticədən məmnun deyillər, odur ki, fürsət gözləyirlər. Həmçinin xaricdəki oyundankənar vəziyyətə düşmüş müəyyən məkrli çevrələr də suyu bulandırmağa çalışır. Üstəlik, sülhməramlılara sığınan və “rus dilini rəsmi dil” elan etmək istəyən separatçıların növbəti təxribatları qaçılmaz ola bilər. Rusiya sülhməramlı qüvvələrilə bağlı lap əvvəldən yaşanan narahatlıq və bədbin proqnozlar da tam aradan qalxmayıb.

Ancaq Ağdamdakı mərkəzdə fəaliyyətə başlayan Türkiyə heyəti güvəncimizi artırır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən yüz gün ərzində Qarabağa səfərləri zamanı bir qayda olaraq xəbərdarlıq edir ki, əgər düşmən yenidən baş qaldırmaq istəsə, “Dəmir yumruq”la birdəfəlik darmadağın ediləcək.

Axar.az xəbər verir ki, QAT sədri Akif Nağı Musavat.com-a açıqlamasında deyib ki, ehtiyatlı olmaqda yalnız fayda var:

“Təbii ki, əsas məsələ qalib gəlməkdir. Amma qələbənin möhkəmləndirilməsi, geridönməzliyin təmin edilməsi daha vacibdir. Ən əsası isə qələbədən sonra irəliyə getmək bacarığıdır. 100 gün əvvəl 30 illik məğlubiyyətə, 200 illik məzlum vəziyyətimizə son qoyduq, düşmənlə yerlərimizi dəyişdirdik. İndi onlar məzlum və məğlub durumdadırlar, fəlakət içərisindədirlər. Vəzifəmiz onları bu vəziyyətdə saxlamaq, düşdükləri durumla barışmağa məcbur etməkdir. Tam qələbə o vaxt olur ki , düşmən məğlubiyyətini etiraf etsin. Düşmən isə hələ də çabalayır, əlinin dalını yerə qoymur, vəziyyətdən çıxmağa çalışır. Rusiyanın oyunları, Ermənistanın hikkəli bəyanatları, Dağlıq Qarabağdakı quldurların hələ də sərbəst gəzməsi narahatlıq mənbəyimizdir. Son günlərin hadisələri yenidən nələrinsə baş verdiyini göstərir. Azərbaycandan iqtisadi əməkdaşlıqla bağlı böyük heyətin Türkiyə səfəri, orada yüksək səviyyədə görüşlərin keçirilməsi, Türkiyə və Rusiya prezidentlərinin telefon danışıqları, Putinlə Paşinyanın telefon təmasları, xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr, baş terrorçu Araikin rus dili təşəbbüsləri, bütün bunlar yeni situasiyanın yarandığının əlamətləridir. Müşahidələr göstərir ki, Türkiyə regionda 10 noyabr proseslərinin davam etdirilməsinə çalışır, Rusiya bu məsələdə maraqlı görünmür, Ermənistan hər vəchlə prosesi yarımçıq kəsməyə cəhd edir. Azərbaycan hələlik tutduğu mövqelərin möhkəmləndirilməsi ilə məşğuldur”.

A.Nağı məsələnin hərb fazasına son qoyulduğunu güman etmir:

“Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq. Çünki Ermənistan aldığı məğlubiyyətdən düzgün nəticələr çıxarmaq, başa düşmək istəmir ki, Azərbaycanın üstünlüyünü qəbul etməlidir, ermənilərə pay verdiyimiz dövləti qoruyub saxlamaq üçün Rusiya və ya başqa birisinə yox, Türkiyə və Azərbaycana sığınmalıdır. Ermənilər düşdükləri ağır vəziyyətdən yalnız Bakı və Ankaranın köməyi ilə çıxa bilər. Bunu anlamaq, bu yöndə çalışmaq əvəzinə revanşist hisslərə güc verirlər. Rusiya da onların bu sarsaqlığından son yüz ildə olduğu kimi, yenə də yararlanmağa çalışır. Ona görə də müharibə ehtimalı realdır. Azərbaycan yarımçıq nəticələrlə kifayətlənməyəcək və tam qələbə üçün yetərincə güclüdür. Azərbaycan cəmiyyəti də yarı-yolda dayanmağı qəbul etmir. Qələbədən ruhlanmış, milli qüruru bərpa olunmuş xalq Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan bayrağının dalğalanacığı günü səbirsizliklə gözləyir. Bu, pafos deyil, millətin ruhuna hakim kəsilmiş istək, sosial sifarişdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, 44 günlük müharibədə böyük zəfər qazanıldı və ondan sonrakı günlərdə böyük işlər görüldü, amma hələ qarşımızda bəzi vəzifələr durur:

“Əsas vəzifələrdən biri budur ki, yerdə qalan əraziləri də azad etməliyik. Dağlıq Qarabağda hələ də əli silahlı separatçı-terrorçular var, onlar da tərksilah olunmalıdır. Dağlıq Qarabağın ermənilərin yaşadığı ərazilərində Azərbaycan qanunları işləməlidir, onlar Azərbaycan pasportlarını daşımalıdırlar. Biz bütün bunlara nail olmalıyıq. Düzdür, 100 gündə başqa nailiyyətlərimiz də var. Bu nailiyyətlərdən biri budur ki, Ermənistan artıq öz gənclərini ”hərbi mükəlləfiyyət" üçün Qarabağa göndərmir, bunu da Azərbaycan üçün müsbət hadisə saymaq olar. Başa düşdülər ki, bu, yeni toqquşma ehtimalını artıra bilər. Amma yenə deyirəm, hələ qarşımızda böyük vəzifələr dayanıb. Biz birinci hissəni uğurla tamamladıq, müharibədə qələbə qazandıq, “Dəmir yumruq”la düşmənin başını əzdik. Anladılar ki, ən azı qarşıdakı 30-40 il ərzində Azərbaycanla müharibə edə bilməyəcəklər".

E.Şahinoğlu Ermənistan daxilində vəziyyətin də ermənilər üçün fəlakətli olduğunu vurğuladı:

“Hazırda Ermənistanda qarışıqlıqdır. Müharibənin nəticələrinə görə, bu, anlaşılandır, çünki məğlub olublar”.

Politoloq hesab edir ki, bundan sonrakı əsas vəzifələrdən biri də sülhməramlılarla bağlı olmalıdır: “5 ilin yekununda biz rusiyalı hərbçilərin bölgədən çıxmasına nail olmalıyıq ki, daha onlara ehtiyac qalmasın, Türkiyə də bunu istəyir”.

Politoloq qeyd etdi ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı devirmək üçün növbəti mitinqini fevralın 20-nə təyin edib: “Yenə ”böyük hədəflərdən" danışırlar. Müxalifət Nikol Paşinyanı müharibədə məğlubiyyətin elanından, yəni 10 noyabrdan sonra devirə bilmədisə, 3 ay sonra bunu necə bacaracaq? Özü də mitinqin aparıcı qüvvəsi kimi Daşnaksütun partiyası çıxış edir. O partiya ki, heç parlamentdə təmsil olunmayıb və ermənilər arasında nüfuzu yoxdur".

Savaş ehtimallarından bəhs edərkən siyasi şərhçimiz maraqlı bir məlumatı bölüşdü:

“Bu arada, beynəlxalq aləmdə məşhur olan ”Gullup International Association" mərkəzinin İrəvan ofsinin Ermənistanda keçirdiyi soğrunun nəticələri diqqəti cəlb edir. Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, sorğuya qatılanların 30 faizi erkən parlament seçkisində yenə də Paşinyanın “Mənim addımım” partiyasına səs verməyə hazır olduğunu bildirib. 30 faiz əhalisi azalan Ermənistan üçün kiçik rəqəm deyil. Müqayisə üçün deyək ki, sorğu nəticəsinə görə, digər partiyalar “Mənim addımım”dan sonra gəlir. “Hansı siyasətçiyə üstünlük verirsiniz” sualına cavabda da ilk sırada Nikol Paşinyan gəlir. Soğrunun “müharibədə məğlubiyyətə görə kim məsuliyyət daşıyır” sualına cavabın nəticələri də maraqldır. Sorğuya qatılanların 32 faizi məğlubiyyətə görə keçmiş hakimiyyətlərin, yəni Robert Köçəryanın və Serj Sərkisyanın məsuliyyət daşığıdını vurğulayıblar, yalnız 28 faiz Paşinyanın günahkar olduğunu söyləyib. Yəni ermənilərin əksəriyyəti məğlubiyyətə görə hazırkı hakimiyyəti günahkar saymır. Bu aylardır Paşinyanın apardığı təbliğatın müsbət nəticəsidir. Elə bizim özümüz də deyirik ki, Azərbaycan ordusu Köçəryan-Sərkisyan ordusu üzərində qələbə çalıb. Paşinyan iki ildən bir az çoxdur hakimiyyətdədir, bu qısa zaman kəsiyində ordunu gücləndirmək imkanına malik deyildi".

E.Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, ermənilərin sorğunun digər sualına verdiyi cavab onların “nağıla” inandığını da göstərir:

“Sorğuya qatılanların təxminən 31 faizə yaxını hesab edir ki, Ermənistan Şuşanı, Hadrutu və digər 7 rayonu geri qaytarmağa çalışmalıdır (?!). Cəmi 3.1 faiz reallıqdan çıxış edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasıyla münaqişəyə son qoyulması gərəkliyini bildirib. Eybi yoxdur, zaman keçdikcə bu nisbət də artar. Əsas odur ki, Şuşa və Hadrutu ”geri qaytarmağı" gərəkli bilən 31 faiz də anlayır ki, Dağlıq Qarabağda ətrafları azərbaycanlılarla məskunlaşacaq bölgə bundan sonra reallığı qəbul etmək məcburiyyətində qalacaq".

Ekspert onu da qeyd etdi ki, ötən 100 günün müsbət nəticələrindən biri də Ağdamda Birgə Monitorinq Mərkəzinin işə düşməsidir:

“Mərkəz atəşkəsə nəzarət edir, amma bu, bizimçün azdır. Monitorinq Mərkəzi separatçı-terrorçu qruplaşmaların tərksilah olunması məsələsini də sürətləndirməlidir. Rusiya rəhbərliyi tez-tez Türkiyə ilə təmasda olur, elə 18 fevralda da prezidentlər və xarici işlər nazirləri arasında telefon danışıqları oldu. Bu da bizim xeyrimizədir ki, artıq Rusiya Türkiyə ilə hesablaşır və Ermənistan da artıq bununla hesablaşmaq məcburiyyətindədir”.

Bir sıra erməni ekspertləri də hesab edir ki, Ermənistan mövcud vəziyyəti dəyişmək gücündə deyil və yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə normal əlaqə yaradıb, ölkəni tamamilə məhv olmaqdan xilas etməkdir. Ancaq anti-paşinyançılar bu yola qarşı açıq müqavimət göstərirlər.

Regionda movcud hərbi siyasi vəziyyət Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsini deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i şərh edərkən deyib. O bildirib ki, bu əməkdaşlığın əsası 1992-də imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” ilə qoyulub:

"2010-cu il sentyabrın 15-də imzalanan "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə isə iki ölkənin hərbi sahədə əməkdaşlığını strateji səviyyəyə yüksəldib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Azərbaycan NATO təlimlərində birgə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyə SQ ilə iki və çoxtərəfli hərbi təlimlərdə iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dünən təsdiqlənən "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” mövcud münasibətlərin yeni mərhələsi hesab olunur. Saziş hər iki ölkənin müdafiə sənayesində əməkdaşlığının daha da inkişaf etdirilməsinə imkan yaradacaq. Azərbaycanın həm hərbi sahədə inkişafı, həm də coğrafi mövqeyinin güclü olması, eyni zamanda Türkiyənin də güclənməsi deməkdir".

Ədalət Verdiyev hesab edir ki, iki dövlət arasında hərbi sahədəki əməkdaşlıq, regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq:

"İmzalan sazişdən əvvəl də qardaş ölkələrin müdafiə sənayesinin istehsal etdiyi məhsullar hər iki ölkə üçün qarşılıqlı şəkildə əlçatan idi. Lakin bu sazişdən sonra birgə müdafiə sənayesi müəssislərin yaradılması üçün münbit şərait yaranacaq. Türkiyədə son illərdə yaradılan müasir müdafiə sənayesinin, o cümlədən pilotsuz aviasiya, zirehli vasitələr, radioelektron avadanlıqlar, "ağıllı” sursatlar, raket və s. istehsalının Azərbaycanın da bu sahədə yeni nailiyyətlər əldə etməsinə imkan verəcək. İşğaldan azad edilən ərazilərimizdə daha böyük həcmli müdafiə sənaye müəssisələrinin yaradılması da gözlənilir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Dəfələrlə demişəm ki, rus sülhməramlıları Qarabağ münaqişəsinin həllində əvəzedilməz bir əlaqədir və təsadüfi deyil ki, erməni quldur birləşmələri yerləşdikləri ərazilərdə təxribatlar həyata keçirməyə çalışırlar. Yəni əslində separatçılar lazımi reaksiyanın verilməməsi ümidi ilə Moskvanın səbrini sınayırlar.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, Kremldən bir reaksiya var və ermənilərin özlərinin Rusiyanı və sülhməramlı potensialını nüfuzdan salmağa çalışdıqları barədə bir anlayış mövcuddur:

“Bu niyə edilir? Əvvəlcə İrəvan politoloqlarının Rusiya və Türkiyənin Cənubi Qafqazdakı təsirlərini aradan qaldırmaq, eləcə də fransızları, amerikalıları və Qərbin digər ölkələrini sülhməramlı qismində cəlb etmək lazım olduğu barədə son açıqlamalarına diqqət yetirək. Bölgədə yeni bir qərar qəbuletmə mərkəzinin meydana çıxdığına dair anlayış mövcuddur. Rəsmi Moskva və Ankara birlikdə bölgənin təhlükəsizliyi üçün ən vacib qərarları verirlər və Azərbaycan hərbçiləri tərəfindən mühafizə olunan Ağdamdakı Monitorinq Mərkəzi Rusiya ilə Türkiyənin bütün Qafqaz və Orta Şərq bölgəsi üzərində təsir gücünü artırmaq üçün həyata keçirdiyi genişmiqyaslı ortaq planların ilk əlamətidir.

Ermənistanın Qərb sponsorları bunu bəyənmirlər və bu səbəbdən də Rusiya sülhməramlılarının fəaliyyətini ləkələmək üçün təxribatlar baş verir. Yenə təkrar edirəm, Rusiya sülhməramlılarının fəaliyyəti ilk növbədə erməni tərəfinin təxribatlarının qarşısını almağa yönəlib və gizlənən yaraqlıların kökündən təmizlənməsi barədə qərar qəbul edilərsə, şübhəsiz ki, bu, Azərbaycan tərəfi ilə əlaqələndiriləcək".

Mixaylov hazırda vəziyyətin göründüyü qədər kritik olmadığını və sülhməramlıların öz işlərinin öhdəsindən gəldiyini də vurğulayıb:

“Yenə də unutmaq lazım deyil ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də bu ərazilərdə baş verənləri təhlil edir və mənim fikrimcə, kardinal qərarların qəbulu ilə bağlı da müəyyən təhlillər edir.

Şübhəsiz ki, son illər ABŞ Cənubi Qafqazdakı vəziyyətə nəzarəti itirib və bu vəziyyət heç də keçmiş dünya hegemonunun lehinə deyil. İndi ABŞ əsas regional dövlətlər olan və nəticədə, Ermənistanın Baş naziri Paşinyanın Soros rejiminin Azərbaycanla müharibədə böyük məğlubiyyətə uğramasıyla nəticələnən Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edən Rusiya və Türkiyənin nailiyyətlərini bərabərləşdirməyə çalışacaq.

Beləliklə, Ermənistan, onunla yanaşı isə ABŞ və müttəfiqləri də məğlub olaraq bölgəni xaosa qərq edə bilmədilər. Yalnız 44 gün ərzində Azərbaycan qalıb gəldi, Rusiya və Türkiyə əsas sülhməramlılara çevrildi. Vəziyyət həyəcanvericidir və ABŞ-ın yeni hökumətindən hər cür xainlik gözləməliyik. Eyni zamanda qeyd edim ki, Moskva-Ankara əməkdaşlığının güclənməsi, eləcə də Tehranın bu tandemdə mümkün iştirakı amerikalıların regiona xaosun qayıtması planlarına mane ola bilər”.

Azərbaycanlılar on illərdir işğal altında olan Şuşada Azərbaycan bayrağının yenidən dalğalanmasını səbirisizliklə gözləyirdilər və buna nail oldular. Biz də inanırıq ki, Ukrayna bayrağının azad edilmiş Sevastopolda qürurla dalğalanacağı gün gələcək, çünki Krım Ukraynadır!

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevski deyib.

Səfirin sözlərinə görə, Ukrayna 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi və mədəni-humanitar inkişaf, qanunun aliliyinin qurulması və azadlıq və demokratiya prinsipləri üzərində dövlət quruculuğu istiqamətində inamla hərəkət etməyə başladı:

“Bir çox ölkələr üçün bu cür yanaşma təbii olsa da, qonşu Rusiyanın gözündə Ukraynanın seçdiyi vektor qəbuledilməz idi. Çünki Ukrayna dövlətçiliyinin bu cür quruluşu Kremlin imperialist xəyallarını, xüsusilə də keçmiş Sovet İttifaqı dövlətləri üzərində tam totalitar nəzarətin geri qaytarılması istəyini darmadağın edirdi.

Uzun illərdir ki, Rusiya rəsmi Kiyevin siyasi əhval-ruhiyyəsini idarə etməyə və təsir göstərməyə çalışırdı. Ukrayna nəhayət, Avropaya yaxın xarici siyasət vektoruna qərar verdikdə, Moskva “silah və zorakılıq dili”ndən istifadə etdi.

20 fevral 2014 - Rusiyanın Ukraynanın suveren ərazilərini ələ keçirmək üçün məkrli, diqqətlə planlaşdırılan hərbi əməliyyata başladığı gündür. Krım yarımadasının işğalı Rusiyanın Ukraynanı suveren dövlət kimi məhv etmək məqsədinə yaxınlaşdıracaq kiçik mərhələ idi”.

V.Kanevskinin sözərinə görə, Rusiya işğalçı ordusu Ukraynaya ölüm və arasıkəsilməyən dağılma və talan gətirib:

“Azərbaycanlılar bu dəhşəti hər kəsdən yaxşı təsəvvür edə bilirlər. Bu gün sən öz evində yaşayırsan, uşaqlarını məktəbə yola salırsan, işə gedirsən, axşam ailənlə istirahət günlərinə olan planlarını müzakirə edirsən, sabah isə əmlakını, doğulduğun və böyüdüyün doğma yurdunu gözüyaşlı tərk edərək işğaldan qaçmaq məcburiyyətində qalırsan.

Rus işğalı dövründə Krım Muxtar Respublikasında yaşayan bir çox ukraynalı ailə materik Ukraynaya qaçmaq məcburiyyətində qaldı, digərləri isə kədərli bir alternativlə qarşılaşdı.

Yarımadanın demək olar ki, bütün sakinləri üçün bu seçim çox çətin idi və çətin olaraq qalır. Bu, seçimsiz bir seçim idi. Əvvəlcə işğalı dəstəkləyənlər və “rus barışığının” firavanlıq və rifah gətirəcəyinə inananlar da var idi. Bununla birlikdə, rus nağılı tezliklə sona çatdı. Vəd edilmiş “rus qoğalı” əvəzinə, krımlılar polis və ordu qamçılarını, gələcəklərinin tamamilə qeyri-müəyyənliyini aldılar və övladlarının Kremlin imperiya maraqlarını təşviq etmək üçün Suriya, Liviya və digər qaynar nöqtələrə gedə biləcəkləri qorxusu ilə qarşılaşdılar. Rusların yarımadanı işğalı yerli xalqın - Krım tatarlarının yeni genişmiqyaslı təqib dalğasına səbəb oldu.

Beləliklə, 26 aprel 2016-cı il tarixində Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Krım Ali Məhkəməsi Krım tatarlarının nümayəndə orqanının - Məclisin fəaliyyətini qadağan etdi. Bu qərarla Rusiya irqi diskriminasiyasının bütün növlərinin ləğv edilməsi haqqında beynəlxalq konvensiya, İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, BMT-nin yerli xalqların hüquqları haqqında Deklarasiyasını pozdu.

Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərində yaradılmış Rusiyanın qanunsuz hakimiyyət orqanları Ukraynanın dövlət əmlakı və bu ərazilərdə yerləşən Ukrayna vətəndaşlarının əmlakı üzərində özbaşına sərəncam verməyə davam edirlər.

Qeyd etmək lazımdır ki, postsovet məkanında məşhur olan “Artek” beynəlxalq uşaq mərkəzi 2014-cü ildə Rusiyanın işğalçı hakimiyyəti tərəfindən mənimsənildi, daha doğrusu isə oğurlandı. Keçən ilin dekabr ayında isə “Masandra” şərab istehsalı üzrə Ukrayna konserni “hərracda satılmış kimi” mənimsənildi. Bu cür misallar çox gətirilə bilər, lakin iqtisadi xarakterli itkilər insan itkiləri ilə yan-yana dura bilməz.

20 fevral 2014-cü il tarixi yalnız Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün başlandığı tarix deyil, Rusiyanın öz hərəkətləri ilə Ukrayna xalqını sülh və dinc həyatdan məhrum etdiyi gündür. Bu gün müasir tarixə İkinci Dünya müharibəsi bitdikdən sonra qurulmuş dünya düzəni və bəşəriyyətin mədəni inkişafının məhv edildiyi gün kimi düşdü”.

Normal təfəkkürlü insanlar nikaha girərkən ilk növbədə ailə qurmağı, uşaqlarının olmasını, onları tərbiyə edib cəmiyyətə yararlı fərd yetişditməyi düşünür. Buna görə də toy işıqlı, müsbət bir təntənəli mərasim hesab olunur. Bu cür gözəl mərasimi nasist ideologiyalı bir tədbirə çevirmək həmin cəmiyyətin uçurumun bir addımlığında olmasının bariz nümunəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bir neçə gündür Xankəndidə “artsax”ın qondarma “hökuməti” tərəfindən toy mərasimi keçirilməsi və orada mehrabın qarşısında gül və hədiyyələr əvəzinə cütlüklərə odlu silahlar hədiyyə edilməsinə münasibət bildirərkən deyib.

Həmsöhbətimizin sözlərinə əsasən, nikah zamanı cütlüklərə gül əvəzinə avtomat və tapança təqdim edilməsi həmin cəmiyyətin şüurunun nə qədər çürüməsinin göstəricisidir:

“Analoji faşist düşüncəli təvəkkürlə bu və digər cəmiyyəti yaxşı heç bir şey gözləyə bilməz. Orada ailə dəyərləri əvəzinə müharibə, zorakılıq təbliğ edilir. Bu tip addımlarla onlar yaxşı heç nə əldə etməyəcək”, - deyə Korotçenko vurğulayıb.

Bizim Ermənistanı idarə edənlərlə bağlı ciddi inam problemimiz yaranıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu bəyanat Rusiya Erməniləri Birliyinin (REB) vitse-prezidenti German Ananyants tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, II Qarabağ müharibəsi zamanı Rusiya erməniləri birinci dəfə 100 milyon rubl (təqribən 1 milyon 354 min ABŞ dolları - red.) məbləğində vəsait toplayıblar.

“Lakin həmin pulların sonradan hara yoxa çıxdığı bilinmir. Bundan başqa, müharibənin gedişində bizlər döyüşçülər üçün dəbilqələr, zirehli jiletlər, yataq kisələri, həmçinin başqa hərbi avadanlıq və ləvazimatlar da yollamışdıq. Lakin onların hamısı “Zvartnots” hava limanında qaldı”, - deyə o söyləyib.

“Biz bundan sonra daha heç bir pul göndərməyəcəyik. Çünki onlar nazirlərin bank hesablarında peyda olur. Hər şeyi oğurlayırlar. Artıq təngə gəlmişik”, - deyə German Anayants bildirib.

  • Facebook 
  •  
  •  
  •