100 il öncə - 16 mart, 1921-ci il – bu gün Moskva müqaviləsi imzalandı: Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan 16 maddə və 3 əlavədən ibarət müqavilədə əsas məqamlardan biri Naxçıvanın Azərbaycanın tərkibinə saxlanılması məsələsi idi.

Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsində də (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi təsbit olunub.

Bu, türk diplomatiyasının uğuru və ermənilərin Naxçıvan iddialarına zərbə idi. Ermənistan 100 ildir bu müqavilələri Naxçıvan iddialarının qarşısında əsas əngəl hesab edir və ona xitam verilməsi istiqamətində çalışır.

Əsas kampaniya müqavilələrin 100 illiyi tamam olduqdan sonra ləğv edilə biləcəyi iddiası üzərində qurulub.

2006-cı ildə Ermənistan Elmlər Akademiyası, 2014-cü ildə Ermənistanda fəaliyyət göstərən “Naxçıvan” analitik qrupu müqavilələrin ləğvi ilə bağlı Dövlət Dumasına müraciət etmişdi. Sonuncular Yaxın Şərq probleminin Naxçıvan vasitəsilə Ermənistana da sıçraya biləcəyini iddia edir və bunun çıxış yolunun Naxçıvanı “geri almaq” olduğunu qeyd edirdi. İşğal üçün hədəf məhz 2021-ci il – Moskva və Qars müqaviləsinin 100 illiyi göstərilirdi.

Rusiyada da müəyyən qüvvələr zaman-zaman bu məsələ üzərindən çıxış edir. Rusiya Kommunist Partiyasından olan deputatlar 2016-cı ildə Prezident Putin və xarici işlər naziri Sergey Lavrova müraciət edərək, Moskva müqaviləsinə birtərəfli qaydada xitam verilməsini təklif etmişdilər. Onların fikrincə, bu müqavilə Rusiyanın maraqlarına uyğun deyil. Rusiya siyasi cameəsində belə düşünənlərin sayı kifayət qədərdir. Misal üçün, Rusiya mediasında müqavilənin 100 illiyi ilə bağlı məqalələr “Qars, Ağrı və Ərdahanın Türkiyəyə haqsız olaraq verildiyi” iddiası üzərində qurulub.

Ermənistanda isə bu iddia dövlət səviyyəsində inkişaf etdirilir. Son iki həftədə - Moskva müqaviləsinin 100 illiyi ərəfəsində bu mövzu erməni informasiya məkanına hakimdir.

Lakin ermənilərin bununla bağlı cəhdləri “böyük ermənistan” cəhdlərindən fərqlənmir:

Birincisi, Vyana konvensiyası müqavilələrin birtərəfli ləğvinə qarşıdır;

İkincisi, sözügedən müqavilələrdə tərəflədən birinin razılaşmaya xitam verməsi əksini tapımayıb;

Üçüncüsü, BMT-yə üzv qəbul olunarkən, ölkələr qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyıb və bu, ermənilərin Naxçıvan iddialarının boşboğazlıqdan başqa bir şey olmadığını göstərir;

Və ən mühüm məqam siyasi şərtlər və bu şərtlər fonunda Türkiyə və Rusiyanın qarşılıqlı maraqlarının olmasıdır.

Bu gün TBMM-də spiker Mustafa Şəntopun sədrliyi ilə “16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin 100-cü ildönümündə Türkiyə-Rusiya münasibətləri paneli” keçirilib. Erməniləri narazı salan məqamlardan biri də budur: onlar 100 ilin tamamlanmasını gözləyir, müqavilənin ləğvi məsələsinin ən azı gündəmə gətiriləcəyinə inanırdılar. Baş tutmadı və indi Rusiyanı “bir əsrlik xəyanət”də ittiham edirlər...

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde İrəvanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

ATƏT rəsmisi Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.

A.Linden Ermənistanın baş naziri Nikol Paşinyan və prezidenti Armen Sərkisyanla da görüşəcək. Görüşdə tərəflər Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, martın 14-də Ann Linde Bakıda səfərdə olub. ATƏT sədri Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a verilən məlumata görə, Dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək.

Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Yeni layihə boyu 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. 3 körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.

Yolun trassası ilk 2 km-lik ərazidə Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə layihələndirilib. Nəticədə yolun Ağsuçayınadək olan hissəsində trassa 1.1 km, Ağsuçaydan sonrakı hissədə yol mövcuddan ayrılaraq yeni trassada yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.

Belə ki, layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçayı üzərindəki körpüdən sonra qarşılaşılan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına isə yol 2.2 km qısalır.

Digər hissələrdə layihələndirilən trassa Qəbələ şəhərinədək mövcud yol oxu ilə davam edir. Yolun trassası Qəbələ şəhərinə daxil olmadan soldan yeni trassa ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud trassaya birləşəcək. Bunun hesabına yol bu hissədə 5 km qısalır.

Trassanın həm relyef, həm də geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi ilk 14 hissəsidir ki, burda sürüşməyə qarşı tədbirlər olaraq svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və s. mühəndisi tədbirlər nəzərdə tutulub.

Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb.

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfinin beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq, öz hərbçilərini Azərbaycanın beynəlxalq tanınmış ərazilərində yerləşdirmək cəhdləri ilə bağlı BMT Baş katibinə 1 mart 2021-ci il tarixində ünvanladığı məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubunda nazir Ceyhun Bayramov Ermənistan tərəfinin bölgədə qeyri-sabitliyə xidmət edən addımlarına Baş katibin diqqətini cəlb edərək, bu xüsusda Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin gizli şəkildə “Laçın dəhlizi” vasitəsilə və buradakı Rusiya sülhməramlılarının nəzarət proseduralarından yayınmaq məqsədilə mülki geyimdə və mülki nəqliyyat vasitələrində Azərbaycan ərazilərinə göndərilməsi barədə məlumatı çatdırır. Bu faktın Ermənistanda hərbçilərin ailələrinin etirazına səbəb olduğu və müstəqil media tərəfindən qeydə alındığı bildirilir.

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirilməsinin Ermənistanın beynəlxalq öhdəliklərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və riayət etmək öhdəliyinin kobud şəkildə pozulması halı olduğunu vurğulayır.

Xatırlatmaq istərdik ki, bir müddət öncə nazir Ceyhun Bayramovun Ermənistanın üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti, o cümlədən terrorçu-sabotaj qrupunun Azərbaycan ərazilərinə göndərilməsi, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsi və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair BMT Baş katibinə məktubları Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədləri kimi dərc olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırovun “Modern Diplomasi” portalında “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq” adlı məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın bütün region ölkələri üçün geniş əməkdaşlıq imkanları yaratdığı qeyd edilir. Müəllif bu bəyanatın imzalanması ilə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən, sonda Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatdığını vurğulayır.

Müəllif qeyd edir ki, bəyanatda yalnız hərbi əməliyyatların tam dayandırılması deyil, həm də Cənubi Qafqazdakı təxminən 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti səbəbindən məhdudlaşdırılmış bütün nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Bu məqsədlə bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpa ediləcəyi və Ermənistanın Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat əlaqələrinin Zəngəzur dəhlizi vasitəsilə təhlükəsizliyinə zəmanət verməsi ilə bağlı müddəa həmin bəyanatın 9-cu bəndində öz əksini tapıb.

Bildirilir ki, Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında 2021-ci il yanvarın 11-də baş tutmuş üçtərəfli görüş zamanı nəqliyyat-kommunikasiya sistemlərinin bərpası əsas müzakirə mövzusu olub. Görüş zamanı imzalanan yeni bəyanata əsasən, 10 noyabr bəyanatının 9-cu bəndinin müddəalarını icra etmək üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradılıb. Üçtərəfli işçi qrupunun iclasında isə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanatın həyata keçirilməsi, dəmir yolu və avtomobil yolunun salınmasının prioritet məsələ kimi icra olunması, eləcə də üç ölkə rəhbəri arasında razılaşdırılmış digər istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı əsas fəaliyyət istiqamətlərinin siyahısı hazırlanıb.

Vurğulanır ki, əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitənin əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.

Müəllif Zəngəzur dəhlizi ilə bağlı 2021-ci il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı zamanı söylədiyi fikirləri sitat gətirərək qeyd edir:

“Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır”.

Qeyd olunur ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin Türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Müəllif bildirir ki, Ermənistan Zəngəzur dəhlizinin qeyd olunan üstünlüklərindən yalnız öz qonşularına qarşı 30 ilə yaxındır həyata keçirdiyi təcavüzkar siyasət əvəzinə daha çox regional əməkdaşlığı seçərsə faydalana bilər:

“Ermənistan iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişaf imkanları əldə etməyi istəyirsə, bunun yeganə yolu regional əməkdaşlığa qoşulmaqdan keçir. Əks təqdirdə, Ermənistanda yüksək işsizlik səviyyəsi, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət hökm sürəcək və ölkə uzunmüddətli iqtisadi inkişaf perspektivləri fürsətini əldən verəcək”.

Müəllif Zəngəzur dəhlizinin yaradılması və bütün iqtisadi kommunikasiyaların bərpası ilə bölgənin xarici investorlar üçün cəlbediciliyini də artıracağını bildirir. Uzun illərdir Cənubi Qafqazda bir sıra mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi biznes mühitinə mənfi təsir göstərmiş və nəticədə Ermənistan özünü bütün regional layihələrdən kənarda qoymuşdur. Artıq münaqişənin başa çatması ilə bütün region ölkələri qarşısında bölgənin iqtisadi potensialından tam istifadə etmək, fərqli layihələrin həyata keçirilməsi üçün əlavə sərmayələr cəlb etmək imkanı yaranıb.

“Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə töhfə verəcək. Dayanıqlı iqtisadi inkişaf və sülh isə, öz növbəsində, gələcəkdə zərərli millətçi fikirlərin yayılmasının və yeni münaqişələrin yaranmasının qarşısını alacaqdır”, – deyə sonda müəllif vurğulayır.

Əgər Baş Qərargah öz mövqeyini dəyişməsə, Baş nazir Nikol Paşinyan ölkədən qaçmağa məcbur olacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Armen Bədəlyan Baş Qərargahın istefa tələbi və Nikol Paşinyanın xalqı meydanlara çağırması haqda danışarkən deyib.

“Bəyanatı təkcə Baş Qərargah deyil, bütün korpus rəhbərləri imzalayıb. Bu isə o deməkdir ki, bütün ordu hakimiyyətə qarşıdır. Hətta əgər Paşinyan öz tərəfdarlarına silah paylasa, yenə orduya qarşı müqavimət göstərə bilməyəcək”, - o bildirib.

Bədəlyanın sözlərinə görə, Paşinyan heç nə edə bilməyən deputatları, polisi və qvardiyası ilə məsləhətləşir:

“Onların içərisində də Paşinyanı tam dəstəkləməyənlər var. Onlar indiki hakimiyyəti öz həyatları bahasına müdafiə etməyəcək. O ki qaldı sıravi vətəndaşlara, Paşinyan başa düşür ki, onlar orduya qarşı durmaq və hakimiyyəti qorumaq hayında deyil”.

Ekspert Paşinyan tərəfdarları ilə xırda toqquşmaları da istisna etməyib:

“Əgər şəhərə ordu girsə, hamı qaçacaq, o cümlədən Paşinyanın tərəfdarları da. Onlar əlbəttə ki, ölümsüz deyillər”.

Bədəlyanın fikrincə, hakimiyyət güc yolunu seçsə, Onik Qasparyan hərbi çevrilişə qərar verəcək, bu isə Paşinyan üçün çox pis ssenaridir:

“Bu, Baş Qərargahın birdən-birə, qəfil qərarı deyil. Bu bəyanatın əvvəlcədən planlaşdırıldığı istisna deyil”.

Qeyd edək ki, az öncə Baş Qərargah Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bunun ardınca Paşinyan Baş Qərargah rəisi Qasparyanı və birinci müavinini istefaya göndərib, tərəfdarlarını isə meydanlara çağırıb.

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi İrəvan hava limanında hazır vəziyyətə gətirilib.

Axar.az xəbər verir ki, bu məlumatı erməni Teleqram kanalları yayıb.

Məlumata görə, təyyarə istənilən anda havaya qalxmaq üçün tapşırıq gözləyir.

Qeyd edək ki, Ermənistan Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bunun ardınca Nikol Paşinyan Baş Qərargah rəisi və müavinlərini istefaya göndərib, tərəfdarlarını isə 16:00-a Respublika meydanına mitinqə çağırıb.

Mitinqə Paşinyanın əleyhdarları da gəlməkdədir və iki tərəf arasında ilkin toqquşmalar baş verib.