Son xəbərlər

Bu görüntülər Latviyada çəkilib. Oqre şəhərində mərkəzi magistral yolda hərəkət iki ekstravaqant piyadaya görə dayanıb.Yolu keçənlərdən biri tikanlı, digəri qanadlı idi. Başqa sözlə kirpi ilə qarğa.

Öncə insana elə gəlir ki, qarğa balaca kirpini ovlamaq istəyir. Lakin sonra məlum olub ki,o avtomobil yolunu keçməkdə kirpiyə kömək edir, onu arxadan itələyərək hərəkətini sürətləndirməyə çalışır.

Sosial şəbəkə izləyicilərinin bir çoxları hər şeyin əslində göründüyü kimi olmadığını, vəhşi qarğanın kirpinin başını tikanları altından çıxarması üçün cəhd etdiyini yazırlar.Lakin bir başqa qrup bu ağıllı quşların 7 yaşlı uşaq kimi düşünə biləcəklərini, onun bu hadisədə kirpiyə sadəcə kömək etdiyini deyiblər.Niyyət hər nə olsa da kirpi qarğanın köməkliyi ilə yolu keçə bilib.

Sözügedən görüntüləri təqdim edirik. Bəs siz bu barədə nə düşünürsünüz?

/Bizimyol.info/

Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) əziyyət çəkən insanların mütəmadi olaraq maska taxması tövsiyə olunmur.

TASS-ın məlumatına görə, Rusiyada LOR-Klinikanın rəhbəri, tibb elmləri namizədi, ali dərəcəli həkim Vladimir Zaytsev bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, maska taxmaq nəfəs almaqda çətinlik yaratdığına görə, bəzi şəxslər üçün bu təhlükəli ola bilər.

“Bunlar bronxospazm, yüngül dərəcəli asfiksiya, təngnəfəslikdən əziyyət çəkən insanlardır. Ümumiyyətlə, nəfəs alma problemləri olan pasiyentlərdir”, – deyə V.Zaytsev bildirib.

Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlara bir neçə dəfə istifadə edilən maskalar xüsusən təhlükəlidir.

Tibb işçisi AXOX-dan əziyyət çəkənlərə sərt özünütəcrid rejiminə riayət etməyi məsləhət görüb. (oxu.az)

Dünyanın ən yaşlı kişi sakini vəfat etdi
Böyük Britaniyada dünyanın ən yaşlı kişi sakini vəfat edib.

Qafqazinfo xəbər verir ki, bu barədə “Yorkshire Post” xəbər verib.

Britaniyanın Qempşir qraflığının Alton şəhərində “qocalar evi”ndə yaşayan Bob Ueytonun 112 yaşı var idi. Onun ölümünə səbəb onkoloji xəstəlik olub.

Uzunömürlü 1908-ci ilin martın 29-da Kinqston-apon-Hall şəhərində anadan olub. Keçmişdə mühəndis və müəllim işləyib. Onun iki oğlu, bir qızı, on nəvəsi və iyirmi beş nəticəsi var.

Ueytonun ölümündən sonra dünyanın ən yaşlı kişi sakini tituluna namizədlər arasında Rumıniyadan olan 110 yaşlı (08.11.1908) Dumitru Komanesku və 111 yaşlı (08.02.1909) ispan Saturnino de la Fuente var.

TƏBİB və Bakı Media Mərkəzindən koronavirusla bağlı VİDEOÇARX

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan “METODİKİ GÖSTƏRİŞLƏR”lə daha yaxından tanış olması üçün TƏBİB və Bakı Media Mərkəzi animasiya şəklində videoçarxlar hazırlayıb.

“İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” əsasında hazırlanmış videoçarxı diqqətinizə çatdırırıq.

Çox sadə gigiyenik qaydalara riayət etməklə, özünüzün və sevdiklərinizin sağlamlığını qoruya bilərsiniz. Unutmayın, sağlamlığınız öz əlinizdədir!

Azərbaycanda keçmiş nazir tanınmaz hala düşüb...
Azərbaycan Baş nazirinin sabiq müavini İsmət Abasov imicini dəyişib.

Gununsesi.org xəbər verir ki, hazırda YAP Siyasi Şurasının üzvü kimi fəaliyyətdə olan Abasov bığ saxlamağa başlayıb.

Yeni görkəmi baş nazirin sabiq müavininin xarici görünüşünü xeyli dəyişib.

İsmət Abasovun yeni görkəmdə olan fotosunu təqdim edirik:

Mövsümi istilər koronavirusu yox edəcək?
“Hazırda şimal yarımkürəsində yay ayları başlayır və hava isinir. Buna baxmayaraq, Azərbaycanda virusun yayılması çoxalır”.

Oxu.az məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O qeyd edib ki, Rusiyada da çox sayda yeni virusa yoluxma aşkarlanıb:

“Virusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq,bbunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümi isti havalar virusu yox etməyə də bilər”.

“Buna görə də insanlar əl gigiyenasına, sosial məsafəyə diqqət edilməlidir, maska taxmalıdır”, - deyə nümayəndə qeyd edib.

Azərbaycanda qadın sünnəti ilə bağlı iddialara cavab

Əsasən, Afrika və Yaxın Şərqdə yerləşən ölkələrdə müşahidə olunan qadın sünnətinin hazırda Azərbaycanda da həyata keçirilməsi ilə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, ictimai fəal, deputatlığa keçmiş namizəd Nurlana Cəlil ölkənin şimal-qərbində, Zaqatala-Balakən rayonlarının bəzi kəndlərində belə bir adətin olması məsələsinə diqqət çəkib. Qeyd edib ki, Zaqatalanın Danaçı, Car və Balakənin bəzi kəndlərində qadınlar uşaq yaşlarında sünnət olunur: 

“Bu sünnətin normal qadın sünnətində olduğu kimi klitorisin və ya vulvanın kəsilməsi ilə deyil, klitorisi çərtərək azca qan çıxardılması ilə tətbiq edildiyi deyilir”.

N. Cəlilin paylaşımından sonra xeyli insan sözügedən bölgədə belə bir adətin olmasından xəbərdar olduğunu və həmin ərazidə yaşayan avar milləti tərəfindən davam etdirildiyini bildirib. Hətta uşaq yaşında sünnət olunduğunu iddia edən bir qadın ictimai fəalla əlaqə saxlayaraq anonim paylaşılması şərti ilə iddianı təsdiqləyib:

“Zaqatalanın Danaçı, Yolayrıc, Makov, Car, Matsex kəndlərində qadın sünnəti var, amma Afrikada olduğu kimi deyil. O sünnət işgəncəlidir, amma bizim sünnət çox adi formada olur. Çox vaxt 2-3 yaşlarında edilir. Uşaq onu heç hiss də etmir. Niyə edilir, səbəb nədir, din ilə bağlıdırmı biz də bilmirik. Şəxsən mən özüm də olunmuşam. Xəyal kimi yadıma gəlir. Heç ağlamamışdım da. Hiss də etməmişdim heç nə”.

Adını açıqlamayan xanım söhbətin davamında əlavə edib ki, bölgədə qadınlar sünnətlə bağlı məsələni kişilərdən gizlədirlər:

“Bacılarım, bacım qızları, tanıdığım bütün qızlar, onların qız uşaqları da sünnət olunub. Biz çoxumuz bunu öz həyat yoldaşlarımızdan da gizli edirik. Heç bir qadın yoldaşına deməz ki, qızı sünnət olunub. Bax beləcə davam edir bu adət. Məncə çox lüzumsuz bir adətdir. Təki bu adət yox olsun”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda qadın sünnətinin olması ilə bağlı Komitəyə indiyə kimi hər hansı müraciət və ya şikayət daxil olmayıb:

“Dünya üzrə statistikaya baxsaq, qadınların sünnəti məsələsi, qadınların cinsi orqanları ilə bağlı hər hansı əməliyyatların aparılması daha çox Afrika ölkələrində yayılıb. Nə əvvəllər, nə də indi ölkəmizdə belə bir fakt öz təsdiqini tapıb. Həmçinin, dövlət qurumları tərəfindən də inzibati, cinayət halı kimi belə bir fakt qeydə alınmayıb. Buna baxmayaraq Komitə tərəfindən cinsi ayrı-seçkiliyin aradan qaldırılması, cinsi ayrı-seçkilik, gender üzrə bərabərliyin təmin edilməsi, sağlamlıq haqda təlimlər keçirilir”.

E. Səfərov qeyd edib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılması üçün zorakılığa məruz qalan şəxs özü müraciət edərək fakt təqdim etməlidir: 

“Araşdırma o vaxt aparılır ki, faktı, əsası olsun. Sosial şəbəkələrdə bir qrup insan bu mövzunu müzakirəyə çıxarıb. Hətta qurbanlar bunu müzakirə etmir, qıraq şəxslər müzakirə edir. Heç özləri belə bir halın olub-olmadığını bilmirlər”.  

Qeyd edək ki, qadın sünnəti (Female Genital Mutilation - FGM) yəni, klitorisin kəsilməsi, qadın cinsini şikəst etmələrinin ən məşhur üsuludur. Məqsəd qadında cinsi zövq orqanını korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir. Bu əməliyyat yüngül formada qanaxma, ağır formada isə ölümlə nəticələ bilər. 

Birləşmiş Millətlər Təşkilatı hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadının sünnət edildiyini açıqlayıb. UNİCEF tərəfindən açıqlanan hesabatda Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi bildirilib. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasına əsasən, qadın sünnəti ciddi zorakılıq forması adlandırılaraq 1247 (2001) saylı Qətnamə qəbul edilib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı qadın cinsiyyət orqanında deformasiyaya səbəb olacaq hər hansı digər fiziki dəyişikliklərin edilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu qeyd edib.

İki tanınmış xanım jurnalist – Ləman Ələşrəfqızı və Afət Telmanqızı yeni internet televiziyası qurur.

İnternet tv-nin yayımı üçün bütün texniki işlər başa çatdırılıb.

Xəbəri Gununsesi.org-a təsdiq edən Ləman Ələşrəfqızı kanalın adını da söyləyib: “Kanalımız “LAF” TV adlandırılacaq. Tamaşaçılarla görüşə mayın 28 də – Respublika Günü gələcəyik”.

Bu gün insanları narahat edən əsas məsələlərdən biri də onların Votsap, Messencer kimi platformalarında olan məlumatların kimlərsə tərəfindən ələ keçirilməsidir. Belə hallarla rastlaşmamaq üçün nə edilməlidir və hansı proqramdan istifadə təhlükəsiz ola bilər?

Məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, mesajlaşma proqramlarında məlumatlar data mərkəzə toplanırsa, onlar təhlükəsiz hesab edilmir:

“Mesajlaşma proqramlarında tərəflər arasında söhbətlər şifrəliənubsə, bu onun təhlükəsiz olmasını göstərir. Məsələn, bu cür proqramlar arasında Votsap daha təhlükəsizdir. Çünki kiminləsə mesajlaşan zaman söhbətin əvvəlində sarı lentdə danışıqların şifrələnməsi barədə istifadəçiyə məlumat verilir. Bu şifrələnmə yazışan iki nəfər arasında olur. Yəni informasiyalar heç bir yerdə toplanmır. Bu gün Votsapın bu cür yanaşması onun təhlükəsizliyini xeyli möhkəmləndirmiş olur. Votsap 3-cü tərəfə bu mesajları istəsə də verə bilmir. Elə informasiya sistemləri də var ki, bizim göndərdiyimiz məlumatlar bir data mərkəzdə toplanır və sonra göndərilir. Məsələn, Feysbukun messenceri və s. Əgər məlumatlar haradasa toplanıb, sonra göndərilirsə, həmin mərkəzdə problemlər ola bilər. Mesajlaşmanın göndərildiyi data mərkəz varsa, bu, artıq orada risk olduğu deməkdir və mesajlar ələ keçə bilər. Votsapda bununla bağlı hansısa bir məsuliyyət yoxdur. Votsapla yanaşı, Teleqram və Siqnal da təhlükəsiz hesab olunur”.

O.Gündüz onu da qeyd edib ki, cihaza müdaxilə edilməklə şifrələnmiş söhbətlərlə yanaşı istənilən məlumatlar əldə edilə bilər:

“Votsap və digər təhlükəsiz proqramlarda yazışmalarının ələ keçirilməsi o deməkdir ki, həmin şəxsin telefonuna kiminsə girişi olub. Bu yolla telefondakı şəkilləri, mesajları oxumaq mümkün olur. Bunu uzaqdan da proqramla etmək olur. Bunun üçün qarşı tərəf ona göndərilən hansısa “geydirmə” proqramı qəbul etməlidir. Telefon sahibinin xəbəri olmadan həmin proqram lazımi məlumatları kopyalayıb ötürə bilir. Burada Votsap və digər təhlükəsiz proqramların heç bir günahı olmur. Votsapın kompüter variantı da var və kompüterə elə proqram yazıla bilər ki, klaviaturada yığılan bütün məlumatlar ötürülər. Buna görə cihazın özü də qorunmalıdır. Bəzən də elə proqramlar olur ki, onlar zəif olur və onların özünə müdaxilə edilərək, telefondakı məlumatları oxuya bilirlər. Bəzi tətbiqlər vasitəsi ilə bunun qarşısı alına bilər. Yəni cihaza virus göndərilən zaman o, sahibinə bu haqda siqnal verir”.

Azərbaycanda bu günə qədər 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2055 nəfər müalicə olunaraq sağalmış, 40 nəfər vəfat etmiş, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda koronavirusa yoluxanlar daha çox 50-59 yaşlı insanlardır. Ümumi yoluxma üzrə yaş bölgüsü isə belədir: 0-9 yaş 5%, 10-19 yaş 16%, 20-29 yaş 14%, 30-39 yaş 18%, 40-49 yaş 16%, 50-59 yaş 22%, 60-69 yaş 13%, 70-79 yaş 4% və 80 yaşdan yuxarı 2%.

Ölkədə COVID-19 virusuna yoluxanlar arasında qadınlar 57%, kişilər isə 43% təşkil edir.

Vəfat edən 40 nəfər arasında yaş bölgüsü isə belədir: 40-49 yaş 6%, 50-59 yaş 22%, 60-69 yaş 36%, 70-79 yaş 25%, 80 yaşdan yuxarı 11%.

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı rəsmi rəqəmlərə görə, bu günə kimi ölkə ərazisində koronavirusdan vəfat edənlərin siyahısı belədir: 1961-ci il, 1932-ci il, 1956-cı il, 1965-ci il, 1977-ci il, 1949-cu il, 1961-ci il, 1943-cü il, 1949-cu il, 1942-ci il, 1944-cü il, 1956-cı il, 1958-ci il, 1969-cu il, 1969-cu il, 1957-ci il, 1951-ci il, 1944-cü il, 1960-cı il, 1935-ci il, 1963-cü il, 1940-cı il, 1946-cı il, 1961-ci il, 1933-cü il, 1955-ci il, 1935-ci il, 1960-cı il, 1949-cu il, 1953-cü il, 1956-cı il, 1957-ci il, 1951-ci il, 1961-ci il.

Qeyd edək ki, koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırırıq.

/baku.ws/