ARB TV-də koronavirusa yoluxanların sayı açıqlanıb – RƏSMİ

ARB TV-də koronavirusa yoluxanların sayı açıqlanıb.
ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Qazet.az-a açıqlamasında bildirib ki, 2 əməkdaşda koronavirus aşkarlanıb.
“Biri sonradan test verib nəticə neqativ çıxıb. Digəri 3-4 gün öncə koronavirusa yoluxub. Hazırda karantindədir. Əməkdaşlarımızla danışırıq. Vəziyyətləri yaxşıdır. ARB-də mütəmadi dezinfeksiya işləri aparılır. Yenidən əməkdaşlar test verib. Testlərin cavabları hələ ki, çıxmayıb. Ümid edirik ki, hər kəsdə neqativ çıxar. Tədbirlər almışıq. Bir otaqda az sayda işçi olur. Maskasız otaqda əyləşmirlər. Spirtdən mütəmadi istifadə edilir. Binaya daxil olanda hərarət ölçülür”, – deyə Ozal İbrahimli bildirir.

ARB TV-nin əməkdaşlarının test nəticələri yaxın vaxtlarda açıqlanacaq.

Azərbaycanda daha bir cərrah koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Qafqazinfo verdiyi xəbərə görə, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb.
Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb.

Angioloji Mərkəzdən məlumatı təsdiqləyiblər.

Azərbaycanda polis rəisi, atası və qardaşı virusa yoluxdu

Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Firdovsi Hüseynəliyev, eləcə də atası və qardaşı koronavirusa yoluxub.
Hurriyyet.org xəbər verir ki, F.Hüseynəliyevlə yanaşı, atası və qardaşı da polis işçiləridir.

Hər üç şəxs və təmasda olduğu insanlar karantinə alınıb. Onların səhhəti ilə bağlı dəqiq məlumat verilmir.

Qeyd edək ki, Firdovsi Hüseynəliyevin uzun illərdir, Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsində çalışdığı bildirilir.

Koronavirusa yoluxan deputatdan xəbər var

Koronavirusa yoluxan deputat Sahib Alıyev səhhəti barədə məlumat yayyıb.
Bu barədə öz Facebook səhifəsində məlumat verib:

“Əziz dostlar, tanışlar, yaxınlar və doğmalar, diləklərinizə, haqqımdakı xoş sözlərinizə, dəstəyinizə, dualarınıza görə hər birinizə təşəkkür edirəm! Tanrı sizi və doğmalarınızı qorusun!
"Mən artıq sağalmaq üzrəyəm",- deyə bilərəm. Və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir.

Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışlarıyla doğmadan da doğmaplanetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəsətələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstəylə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!”.
P.S. Paylaşdığım bu şəkildə bəlkə də, məndən qayğılarını əsirgəməyən tibb işçiləri yoxdurlar, amma bilirəm ki, onlar da növbənin sonunda belə bir vəziyyətdə olurlar. Hər birinə bir daha öz minnətdarlığımı bildirirəm, haqlarını halal etsinlər!

İcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi
Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs edilib.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

"Qafqazinfo" A. Əliyevin saxlanılarkən görüntüsünü əldə edib. Həmin fotonu təqdim edirik:

FACİƏ! Ana 37 yaşlı oğlunun doğum günündə koronavirusdan ölməsinə dözmədi
Azərbaycanda 37 yaşlı şəxs koronavirusdan vəfat edib və bu xəbəri eşidən anasının ürəyi dayanıb.

Baku.ws xəbər verir ki, COVİD-19-a görə xəstəxanada müalicə alan Ramin Qurbanov virusla mübarizənin 9-cu günü məğlub olub.

Ürək ağrıdıcı məqam budur ki, Ramin doğum günündə vəfat edib. Sosial şəbəkədə təbriklər alan Ramin öldüyü gün səhər saatlarında hər kəsə təşəkkür etmişdi.

Başqa bir məlumatda Raminin ölüm xəbərini eşidən anasının da vəfat etdiyi bildirilir. Teymur Hacıyev adlı "Facebook" istifadəçisi yazıb ki, Ramin Qurbanovun anası oğlunun ölümünə tab gətirməyib.

Allah rəhmət etsin.

AzTV-də koranavirusa tutulanların sayı artdı
Bir müddət əvvəl AzTV-nin əməkdaşları arasında daha bir neçə nəfərin koronavirusa yoluxduğu barədə məlumat vermişdik.

“Ölkə.Az” xəbər verir ki, verilən məlumata görə, Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının prorektoru Ülfət Rəhimova da yoluxanlar arasındadır. Hazırda 45 yaşlı aparıcı xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, televiziyanın bəzi departamentlərinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var. Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb,  mütəmadi olaraq şirkətdə dezinfeksiya işləri aparılır.

Sabah 35 dərəcə isti olacaq

Azərbaycanda iyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Siyavuş Novruzov da koronavirusa yoluxub?

Milli Məclisin deputatları arasında COVID-19 infeksiyasına yoluxanların sayının artdığı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə yayılan həmin xəbərlərdə xəstəliyə yoluxan deputatlar arasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun da adı çəkilir. Buna səbəb kimi, Siyavuş Novruzovun parlamentin sonuncu iclasına qatılmaması göstərilir.
Modern.az xəbəri dəqiqləşdirmək üçün YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovla əlaqə saxlayıb.

Siyavuş Novruzov saytımıza açıqlamasında parlamentin 19 iyundakı iclasına qatılmamasının səbəbini açıqlayıb:

"Keçən iclasa qatılmamağımın səbəbi vardı. Yeni Azərbaycan Partiyasının müşavirəsi keçirildiyindən hörmətli sədr Sahibə Qafarovadan icazə almışdım. Öncədən planlaşdırmışdıq ki, deputat Kamran Bayramov qanun layihəsini sessiyanın iclasına təqdim edəcək. Bir həftə öncədən deputat Kamran Bayramova bu işi həvalə etmişdik. O, qanun layihəsini həm komitədə razılaşdırdı, həm də plenar iclasa təqdim etdi”.
YAP icra katibinin müavini xəstəliyə yoluxanlar üzərində şou düzəldənlərə də səslənib:

"İstənilən şəxs bu virusla qarşılaşa bilər. Kimsə bu virusdan sığortalanmayıb. Böyük Britaniyanın, Rusiyanın, Kanadanın Baş nazirləri koronavirusa yoluxub. İranda parlamet sədrinin müavinləri, deputatlar dünyasını dəyişib. Bu xəstəlik insanları peşəyə bölmür ki! Baxmır ki sən müəllimsən, həkimsən, fəhləsən, deputatsan, fərq etməz!

Bizdə qəribə ənənə yaranıb. İnsan övladı xəstələnə də bilər, əməliyyat da oluna bilər, avtomobil qəzasına da düşə bilər. Burada nə var ki?! Xəstəlikdən şou düzəltmək yersizdir. Əgər hansısa deputatda koronavirus aşkarlansa, bunu şouya çevirmək olmaz axı... Allah hər kəsə şəfa versin. Bu qədər insanlar virusa yoluxur, dünyasını dəyişir... Deputat da insandır”.

Sosial şəbəkələrdə bu gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) 20-ə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb. İddia olunur ki, orada olan şəxslər 20 meyitin xəstəxanadan çıxarıldığının şahidi olublar.
Axeber.az məsələni dəqiqləşdirmək üçün xəstəxananın baş həkimi Ədalət Dadaşovla əlaqə saxlayıb. Ə. Dadaşov açıqlamasında bu informasiyaların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, dünən xəstəxanada 3 nəfər koronavirusdan dünyasını dəyişib:

"Necə ola bilər ki, 20 insan vəfat etsin, amma bunu gizlədək?! Bu doğru deyil. Biz bəzən vəziyyəti orta-ağır olan xəstələri “Atletlər kəndi” ərazisinə göndəririk. Bildiyiniz kimi, burada yalnız ağır xəstələr müalicə olunur. Ola bilər ki, həmin informasiyanı yayan şəxslər də “Atletlər kəndi”nə aparılan xəstələri görüb və səhv anlayıblar".
Məlumat üçün bildirək ki, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Mərkəzə xəstə qəbulu dayandırılıb.

Qeyd edək ki, ötən gün Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib. Son məlumatlara görə, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.