Torpaqdan pay olmaz, torpaq bağışlanılmır. Torpaq mübadilə də edilə bilməz. Uğrunda şəhidlərimizin, qazilərimizin canlarını, qanlarını fəda etdikləri torpaq, məhz uğrunda ölən olduğu üçün vətəndir. Vətən isə ümumiyyətlə, xalqımız üçün heç bir xalqın təsəvvür edə bilmədiyi qədər müqəddəsdir. Doğrudur, ermənilərin son vaxtlar Qarabağ ərazilərinin, işğaldan azad etdiyimiz torpaqların müqabilində dünya birliyindən 200 milyard vəsait istəməsindən belə məlum olur ki, haylar üçün vətən və torpaq anlayışı alınıb-satılan hesab olunur və bizim xalqımızla onların kəskin fərqləri də məhz bundadır. Heç şübhəsiz ki, hayların torpaq iddiaları ilə bağlı yanlışlıqlarının səbəbi də məhz torpaq, vətən anlayışını dərk etməmələrindən qaynaqlanır.

Köçəri hay tayfaları Cənubi Qafqazda “peyda olduqları” dövrdən etibarən başqalarına məxsus hər şeyi, ələlxüsus torpaqları, əraziləri mənimsəmək üçün bütün imkanlarını səfərbər ediblər. “Böyük Ermənistan” mifini yaradan ermənilər ilk növbədə Azərbaycana məxsus əraziləri hədəfə alıblar və əfsuslar olsun ki, zaman-zaman öz məkrli niyyətlərini reallaşdıra da biliblər. Yəni, xalqımıza məxsus olan əraziləri hansısa yolla ələ keçiriblər. Fürsətdən namərdcəsinə istifadə etməkdə tayı-bərabəri olmayan haylar məhz Gülüstan, Türkmənçay müqavilələrinin bağlanıldığı dövrdə çar Rusiyasından istifadə edərək, Cənubi Qafqazda məskunlaşıblar. Daha doğrusu məskunlaşdırılıblar. Özü də bu gün üzlərinə “bozardıqları” ruslar tərəfindən məskunlaşdırılıblar və onların sayəsində hansısa ərazidə daimi məskunlaşma əldə ediblər. İndi vətən kimi sırımağa çalışdıqları ərazilərin onlara qətiyyən aid olmadığını təsdiq edən xronoloji faktlar yetərincədir. Hər halda, bununla bağlı tarixi faktların olmasını təkcə biz yox, elə haylar özləri də yaxşı bilirlər, sadəcə olaraq, reallığı, həqiqəti nə dərk etmək istəmirlər, nə də torpaq və vətən anlayışını anlamadıqlarından bunu dərk edə bilmirlər.

Hər dəfə torpaq istəyinə düşən, torpaq, ərazi ələ keçirmək aruzusunda olan haylar, həyasızlıqla, özlərinə məxsus utanmazlıqla bu istəklərini açıq şəkildə bəyan da ediblər. Düz 70 il ərazində SSRİ hakimiyyətinin başını xarab edərək, Azərbaycanın Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi üçün Kremli bezdirən ermənilərin məqsədi ölkəmizə məxsus olan torpaqları ələ keçirmək olub. Sovetlər ittifaqının “odlu-alovlu” illərində məhz mərkəzi hakimiyyətin təsir imkanlarından istifadə edərək, Azərbaycana, ölkəmizin o zamankı rəhbərliyinə bununla bağlı tələblər irəli sürülməsinə də nail ola bilmişdilər. Ötən əsrin sonlarında SSRİ-nin dağıldığı dövrlərdə mərkəzi hakimiyyətdən son şans kimi istifadə etməyə çalışan ermənilər həmin dövrdə hakimiyyətdə olanların deyil, xalqımızın ciddi narazılığı ilə qarşılaşdılar və başa düşdülər ki, Azərbaycan xalqı bir qarış torpağı belə düşmənə güzəştə getmək niyyətində deyil. Düzdür, həmin dövrdə bir-birini əvəz edən Azərbaycan hakimiyyətinin hər birinin özünəməxsus səriştəsizliyindən namərdcəsinə istifadə edərək, bizə məxsus olan torpaqları ələ keçirə bildilər. Amma dərk edə, başa düşə bilmədilər ki, hansısa hakimiyyətin səhvindən və yanlışlığından istifadə etməklə, ələ keçirilən torpaqlar onların ola bilməz. Bu şəkildə torpaq iddiasında olmağın absurd olduğunu görünür, hələ də dərk etməyiblər.

Qeyri-ordinar davranışı ilə insanların yaddaşında qalan Əbdürəhman Vəzirovu Azərbaycana, eyni zamanda Suren Papikyanı Ermənistana rəhbər təyin edən SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçov Ermənistanda qaynamaqda olan millətçilik hərəkatlarına bacardıqca “töhvə” verməyə çalışdı və buna nail oldu da. Çünki millətçilik hərəkatının başladığı dövrdə Azərbaycana qətiyyətsiz, siyasi iradəyə malik olmayan bir rəhbər təyin etdi və bununla da ermənilərə öz “xidmətini” göstərdi. Təbii ki, qətiyyətsiz bir ölkə rəhbərinin olmasından da ermənilər bacardıqca istifadə etməyə çalışdılar, buna nail də oldular və millətçilik dalğasını daha da alovlandıra bildilər. Ələlxüsuz, haylar Azərbaycana məxsus ərazilərin guya onlara məxsus olması barədə fikir formalaşdırmaq üçün münbit şərait əldə etdilər və çirkin kampaniyalara da start veridilər. O zaman Azərbaycanda hakimiyyətdə olan Abdurahman Vəzirov isə bunun fərqində deyildi. Regionda mürəkkəb ictimai-siyasi vəziyyətin yarandığının fərqində belə olmayan Vəzirov gülünc fikirlərlə, platformalarla çıxış edirdi. Torpaqlarımızın itirilməsi təhlükəsi ilə üzləşildiyi bir dönəmdə onun cəfəng fikirləri ortaya atmasından bəlli idi ki, Abdurahman Vəzirov heç başa da düşmür ki, xalqımız, ölkəmizin əraziləri böyük təhlükə ilə üz-üzədir. Sözsüz ki, haylar da bunu görürdülər və vəziyyətdən elə məhz namərdcəsinə istifadə etməyə başlamışdılar. Ermənilər belə bir vəziyyəti “göydəndüşmə” hesab etsələr də dərk edə bilmirdilər ki, hansısa bir özünə belə hörmət qoymayan dövlət başçısının belə uyğunsuzluğundan istifadə etməklə, yararlanmaqla müvəqqəti də olsa əldə edəcəkləri torpaqlar onların demək deyil və ola da bilməz. Dərk edə bilmirdilər ki, kimdənsə istifadə sayəsində bir xalqın, bir toplumun torpağı ola bilməz. Torpaq ya həmin xalqa tarix boyu məxsus ola bilər, ya da müxtəlif çirkin yollarla qanunsuz şəkildə müvəqqəti ələ keçirilə bilər ki, bunu da qaytarmaq lazım gəlir, necə ki, dəmir yumruq sayəsində qaytarıldı...

Torpaqlarımıza sahib çıxmaq üçün aktiv fəaliyyətə keçdikləri bir dönəmdə Ayaz Mütəllibovun hakimiyyətə gəlməsi də haylar üçün əvəzsiz oldu. Beləki, qoçu dəstələri ilə hakimiyyəti ələ keçirən, dövlətin güc strukturlarının mühafizəsi ilə deyil, həmin dəstələrlə özünü mühafizə edən bir şəxs üçün torpaq anlayışının heç də vacib olmaması da hayların işinə yaradı. Qeyd etdiyimiz kimi, vəziyyətdən namərdcəsinə istifadə edən ermənilər məhz Ayaz Mütəllibovun hakimiyyətdə olduğu illərdə artıq əməli fəaliyyətə keçmişdilər və kəndlərimizə qarşı hücumlar edərək, həmin ərazilərə ələ keçirirdilər. Qarabağdan 100 km-lərlə uzaqda, aralıda yerləşən Qazax rayonunun kəndləri 1990-cı illərin əvvəlindən, artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Rayonun milis şöbəsində cəmi 7 ədəd avtomat saxlanıldığı halda həmin rayonun müdafiəsinin mümkünsüz olacağını, kəndlərinin taleyinin necə olacağını elə bil ki, Ayaz Niyaz oğlu dərk edə bilmirdi, yaxud da heç onu bu məsələ maraqlanmırdı da. Silahın olmaması yerli milislərin tədbir görməsini əngəlləyirdi. O vaxt Yuxarı Əskipara və Aşağı Əskipara olmaqla, ətraf kəndlərə hücuma görə Sovet ordusu burada qondarma hərbi əməliyyat da keçirmişdi, çoxlu sayda erməni yaraqlısı da ələ keçirilmişdi və sirli olan məqam ondan ibarət oldu ki, ələ keçirilənlərin cəzalandırıldığının şahidi olan belə olmadı. Belə bir vəziyyətdən namərdcəsinə istifadə edildiyi üçün Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qaldı və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edildi. Məhz Bağanıs Ayrım kəndi ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü. Daha dəqiq desək, həmin kəndin ələ keçirilməsi ilə işğala başlanıldı. Mütəllibov hakimiyyəti isə, elə bil ki, bunun heç fərqində də deyildi. Ancaq öz “kürsüsünü” möhkəmləndirməyə çalışan birinin əlbəttə ki, ərazilərimizin, kəndlərimizin bir-bir əldən çıxmasına laqeyidlik etməsi nə başadüşülən deyil, nə qəbul edilən, nə də bağışlanan. Məsələ burasındadır ki, heç ermənilər də anlaya bilmirdilər ki, ələ keçirdikləri əraziləri hansısa yolla mənimsəyiblərsə, bunun onlara aid olduğunu sübut edə bilməyəcəklər və hazırki kimi çətin vəziyyətdə qalacaqlar. Kimə isə deyə bilməyəcəklər ki, Ermənistan tərəfindən işğal edilən kəndlər, məhz işğal edildiyinə görə Ermənistana məxsusdur və belə olan halda nə qədər absurd iddiada olduqlarını yaxşı başa düşməlidirlər.

Sözsüz ki, ölkəmizin ərazilərinin itirilməsi, xalqımızın min-bir məşəqqətə düçar olması, soyqırımlara məruz qalması, bir milyondan çox məcburi köçkünün məhz köçkün həyatı yaşaması baxımında ən böyük zərbəni bizə vuran ötən əsrin 90-cı illərində xalqa vədlər verərək, hakimiyyətə gələn səriştəsizlər oldu. Məhz Mütəllibovun hakimiyyət zəifliyindən istifadə edərək, eləcə də xalqımıza vədlər verərək hakimiyyətə gələn “bəylər” torpaqlarımızın əldən çıxmasında ən böyük günaha sahibdirlər. Həmin illəri çox yaxşı xatırlayırıq. Hakimiyyətə gəlməmişdən öncə “bəylər” vəd etmişdilər ki, hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycan ərazilərini 8 santimetr qalınlığında qızılla örtəcəklər. Amma biz onların nəyə səbəb olduğunu gördük və ölkəmizin səmasını qara buludla ötrdüklərinin şahidi olduq. Şahidi olduq ki, sərhəddə qanlı vuruşma getdiyi zaman kəsiyində onlar Bakıda vəzifə bölgüsü aparırdılar. Əli silah tutan vətəndaşlar döyüş sursatları ilə təchiz olunaraq, cəbhə bölgəsinə yollanılmalı halda, paytaxtda mitinqlərə toplanılırdılar. Həmin hakimiyyətin bacardığı yeganə şey mitinq keçirmək idi və torpaqların taleyi həll olunarkən öz şakərinə, ənənələrinə uyğun olaraq onların Bakıda mitinq keçirməsi ikrah doğururdu. Hətta, bir faktı da qətiyyən unutmaq olmaz ki, o zaman müdafiə naziri olan Rəhim Qazıyev özü belə paytaxtda keçirilən həmin mitinqlər zamanı bildirmişdi ki, insanlar bura, mitinqə yox, cəbhə xəttində tolaşmalıdırlar. O, hətta silahlıların bir qisminin cəbhə xəttini buraxıb respublika paytaxtına gəlməsinin fəlakətli olduğunu etiraf edirdi. Amma həmin dövrün səriştəsiz hakimiyyəti bunu nə başa düşə bilirdi, nə də başa düşmək fikrində idi. Çünki, onların fikri yalnız hakimiyyət bölgüsünə cəmlənmişdi. Nə torpaqları düşünən var idi, nə də insanların taleyini. Belə bir vəziyyətdə isə haylar tam qüvvə ilə hücuma keçərək, ərazilərimizi işğal edirdilər. Bir-birinin ardınca soyqırımlar törədən, ərazilərimizi zəbt edərək, ələ keçirən ermənilər müvəqqəti də olsa bütün niyyətlərini gerçəkləşdirə bildilər. O zamankı hakimiyyətsizlikdən, səriştəsizlikdən, xaosdan, hərcmərcilikdən istifadə edən bədnam qonşularımız ölkəmizin ərazisinin düz 20 faizini işğal etdilər və əsrin üçdə birinə yaxın müddət ərzində işğal altında da saxladılar. Həmin ərazilərin sərvətlərindən istifadə etsələr də, ərazilərimizi dağıtdılar, viran qoydular, fauna və floraya ciddi zərbə vurdular. Əraziləri tərk etdikləri zaman da tikililəri, meşələri yandırdılar və bununla sübut etdilər ki, onlar heç zaman həmin əraziləri vətən hesab etməyiblər və torpaqları da, nə qədər deyirlər-desinlər, özlərininki bilməyiblər. Elə də bilməli idilər. Çünki, ələ keçirilən, zəbt edilən, işğal edilən torpağa iddialı olmaq, həmin ərazini özününkü saymaq ağılsızlığın son həddidir və bunu son illər müşahidə etdiyimizdə fikirlərimizin həqiqət olduğuna əmin olduq. Əmin olduq ki, əgər bir toplum, bir xalq hansısa yolla müvəqqəti müddətə qanunsuzluqla torpaq əldə edirsə və bunu özününkü saymağa çalışırsa, böyük yanlışlıq edir. Məhz haylar bu reallığı nə qədər tez başa düşsələr, bunun absurd olduğunu nə qədər tez anlasalar ziyanın yarısından bir o qədər tez qayıtmış olarlar.

 

Tarixə ekskursiya etdiyimiz zaman da görürük ki, ermənilər həqiqətən də ancaq fürsətdən namərdcəsinə istifadə etməklə torpaqlarımızı ələ keçiriblər. Hələ ötən əsrin əvvəllərində, Cümhuriyyət dövründə belə, çar rusiyasının, eləcə də yenicə yaranan SSRİ-nin mövcudluğundan istifadə edərək, torpaqlarımıza sahib çıxmaları bir reallıqdır. Həmin dövrdə kövrək addımları olan Azərbaycan Cümhuriyyətinə müxtəlif təsirlər göstərməklə, hayların İrəvanı necə ələ keçirdiyini yaxşı bilirik. Doğrudur, indi özünü həmin Cümhuriyyətin varisi kimi elan edən “bəylər”, radikal müxalifətin “başbilənləri” bəhanə gətirirlər ki, həmin dövrdə bizə qarşı təzyiqlər, təhdidlər olduqca çox idi. Bir tərəfdən SSRİ-nin, digər tərəfdən də bir sıra missionerlərin ölkəmizə qarşı hücumlarını, bolşevik-daşnak birləşmələrinin təzyiqlərini qeyd edənlər az deyil. Bəli, həqiqətən də həmin dövrdə Azərbaycana qarşı müxtəlif təsirlər olub, amma sual oluna bilər ki, ölkəmizə qarşı həmin təzyiqlər nə zaman olmayıb axı? Məgər hal-hazırda belə hansısa təsirlər yoxdurmu? Var, amma bu təsirlər bundan əvvəlki hakimiyyətlərin müti şəkildə tabeçiliyi ilə deyil, siyasi iradə ilə, qətiyyətlə qarşılanır. İstər torpaqlarımızın işğalı dövründə, istər 44 günlük müharibə dönəmində, istər bir sutkalıq əməliyyat zamanı və istərsə də ondan sonrakı, yəni, suverenliyimiz bütün ərazilərimiz böyunca təmin edildikdən, ərazi bütövlüyümüz tam təmin edildikdən sonra ölkəmizə qarşı hansı təsirlərin olduğunu hamımız yaxşı bilirik. Ermənipərəst qüvvələrin, erməni dəyirmanına su tökən güclərin Azərbaycana qarşı haqsız, ədalətsiz hücumlar etdiyinin də şahidiyik. Onun da şahidiyik ki, Qərb və Avropa ölkələrindən, xüsusən də Fransa kimi bir ölkədən rəsmi Bakıya qarşı təsirlərin heç ardı-arası da kəsilməyib. Avropa İttifaqında ölkəmizin nümayəndəliyinin səs hüququnun dayandırılması kimi bir sanksiya tətbiqi də deyilənləri təsdiq edir. Təsdiq edir ki, hələ də ölkəmiz ikili yanaşma sərgiləyən təşkilatların da, dövlətlərin də, qüvvələrin də hədəfi olub və bizə qarşı haqsız şəkildə, ədalətsizliklə davranılır. Amma bütün bunlara ölkəmiz, dövlətimiz, Azərbaycan hakimiyyəti, ələlxüsus da ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev özünün qətiyyəti və siyasi iradəsi sayəsində güclü müqavimət göstərir və istənilən təsirlərə məhəl qomadan milli maraqlarımızı hər şeydən üstün tutur. Ali Baş Komandanın 44 günlük müharibə dönəmində də, ondan sonrakı dövrdə də xalqımıza məxsus olanlar uğrunda, bizə məxsus olanın geri qaytarılması üçün necə qətiyyətlə mübarizə apardığını hər birimiz yaxşı görmüşük və hələ də görməkdəyik. Məhz öz qətiyyəti, siyasi iradəsi ilə Ali Baş Komandan cənab İlham Əliyevin adı Azərbaycanın 200 illik, iki əsrlik tarixində törpaqları geri qaytaran qalib sərkərdə, ölkə başçısı olaraq şanlı tariximizə qızıl hərflərlə yazıldı.

Tarixi faktlardan məlum olur ki, 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında həmin dövrdə Azərbaycan Milli Şurası qərar verdi. Azərbaycan və Ermənistan sərhədləri haqda Ermənistan Milli Şurası ilə aparılan danışıqların nəticələrini elan edən Fətəli Xan Xoyski məruzəsinin sonunda hətta bildirmişdi ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. Bu fikrini də belə əsaslandırırdı ki, İsgəndəriyyə şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər və guya buna görə də İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür. Daha sonra məsələ ilə bağlı səsvermə də keçirilib. Milli Şuranın 28 üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb, digərləri səsverməyə qatılmayıb. Daha sonra isə ermənilərlə konfederasiya yaradılması məsələsi müzakirə olunub. Qısa fikir mübadiləsindən sonra məsələ səsverməyə qoyulub. Səsvermədə iştirak edən hər kəs Azərbaycan və Ermənistan konfederasiyasının yaradılmasının lehinə səs verib. Azərbaycan Cümhuriyyəti hökumətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da Xarici İşlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və muharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik". İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul edilməsi, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə baxmayaraq, bu, siyasi cəhətdən tamamilə səhv addım idi. Erməni hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırım törətdi. İrəvan azərbaycanlıları 1918-20-cı illərdə həm daşnak, həm də 1920-91-ci illərdə Sovet hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qaldı, İrəvanda azərbaycanlılara məxsus maddi mədəniyyət abidələri dağıdıldı, onların erməniləşdirilməsi bütün çirkin əməllərə əl atıldı. 1980-cı illərin sonlarından başlayaraq azərbaycanlılar İrəvan şəhərindən tamamilə çıxarıldı. Bir sözlə, belə bir siyasi səhv heç də bağışlanılmadı və məhz elə eləmənilər özləri öz mənfur əməlləri ilə bunun səhv olduğunu sübut etdilər. Bütün bunlar tarixi faktlar, reallıqlardır. Bunu təkzib etmək, bu faktların olduğunu inkar etməyə heç ermənilərin də gücü çatmaz. Çünki ortada həmin faktları təsdiq edən sənədlər var və bundan böyük sübut və dəlil ola bilməz.

Diqqət çəkən ən maraqlı məqam ermənilərin onlara səhv addım olaraq verilən torpaqları özlərininki hesab etmələridir. Məntiqi yanaşma belə həmin torpaqların haylara məxsus olmadığını isbatlayır. Əgər yanlışlıq olaraq, səhv addım olaraq, bir ərazi, hansısa torpaqlar ermənilərə güzəştə gedilibsə, onlara verilibsə, deməli, həmin torpaqlar ermənilərin olmayıb ki, onlara verilib. Ya da, məntiqi cəhətdən bəlli olur ki, əgər bir ölkə, qonşu ölkəyə ərazi, torpaq güzəştə gedirsə, verirsə, deməli, həmin ərazi onun özünə məxsus olub ki, bunu edə bilib. Niyə Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da məhz İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında qərar verdi? Sual oluna bilər ki, niyə İrəvanı deyil, Sibir ərazilərini, yaxud, Moskvanı, Londonu, Parisi həmin dövrdə Milli Şura ermənilərə güzəştə getmədi? Ona görə ki, sadalanan ərazilər, şəhərlər deyil, məhz İrəvan şəhəri Azərbaycana məxsus idi deyə, Milli Şura həmin şəhərin verilməsi barədə qərar qəbul etmək iqtidarında idi. Buradan da aydın olur ki, haylar istənilən halda həmin torpaqların sahibi olduqlarını iddia edə bilməzlər. Hansısa hökumətin səhvi, yanlışlığı səbəbindən ələ keçirilən torpaqların onlara məxsus olduğunu məhz həmin səbəbi əsas gətirərək iddia edə bilərlərmi? Nə deyə bilərlər, hansı iddia ilə çıxış edə bilərlər? Beynəlxalq ictimaiyyətə deyəcəklər ki, səhv olaraq hansısa hakimiyyətin güzəştə getməsi torpaqların onlara məxsus olması deməkdir? Bu absurddur axı və buna ancaq gülmək olar, həmin fikri ciddiyə belə almaq yox...

Tarixin istənilən dönəmində torpaqları, Azərbaycan torpaqlarını ələ keçirdikləri variantlar bir daha göstərir ki, hayların torpaq iddiaları absurddur. Məhz həmin variantlar özü belə sübut edir ki, həmin torpaqların sahibi ermənilər deyil. Əvvəlcə, Qarabağ ərazilərini dörd əllə tutub saxlayacaqlarını, verməyəcəklərini, qaytarmayacaqlarını iddia edənlər, Ali Baş Komandanın rəhbərliyi, siyasi iradəsi, qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi, Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində həmin ərazilər işğaldan azad edildikdən sonra, gah bir neçə kəndi, məhz bizə məxsus olan bir neçə kəndi verməmək üçün əldən-ayaqdan gedirlər, gah da Zəngəzurla bağlı qorxu kompleksi keçirirlər. Amma başa düşə bilmirlər ki, həmin ərazilərin təhvil verilməsindən başqa çarələri yoxdur. Necə ki, 44 günlük müharibə bitdikdən sonra kapitulyasiya sənədinə imza ataraq, bizə məxsus olan əraziləri qoyub qaçmalı olduqları kimi, yenə də eyni şəkildə ərazilərimizi, kəndlərimizi təhvil verməlidirlər. Onsuz da Ermənistan hakimiyyəti bəzən ölkə ictimaiyyətini buna hazırlamağa çalışır, amma hərdən də reallıqları unudur. Unudur ki, hayların torpaq iddiaları absurddursa, deməli, başqa yolları qalmayıb və ərazilərimizi bizə təhvil verməlidirlər.


Yaz gözəlliklər fəslidir. Torpaq oyanır ,aləm canlanır ,ruh təzələnir Bu gözəl ay təkcə bayramlarla deyil, mənim üçün bir neçə dəyərli insanların dünyaya gəlişi ilə də əlamətdardır.

Belə insanlardan biri də el oğlum, həmyerlim, şəxsiyyətinə böyük hörmət bəslədiyim Mübariz Mənsimovdur.

Kimsəsizin kimsəsi, kasıbın ,fağırın arxası, dayağı, yüzlərin ,minlərin ümüd-güman yeri-Mübariz Mənsimov! Əməlləri ,ideyası, amalı ilə xalqına ,vətəninə, elinə bağlı - əsl vətəndaş, əsl azərbaycanlı - Mübariz Mənsimov!

Ər babalarımızdan ərmağan qalan comərdliyi ,alicənablığı yaşadan və daha da yüksəldən qürurumuz, vüqarımız - Mübariz Mənsimov!

Novruz bayramınız və yeni yaşınız mübarək! Rəbbimiz sizi var etsin! Hər iki cahanda məqamınız uca olsun. İnşallah.

Müşfiq Kişiyev


İtaliyanın “Kmetro0” saytı Novruz bayramı haqqında məqalə dərc edib. SİA xəbər verir ki, yazıda Novruz bayramının ilk gününün yaz fəslinin başladığı günlə bağlı olduğu və həftə ərzində Azərbaycanda müxtəlif şənliklərin keçirildiyi bildirilir. Mənəvi dəyərlərimizi və adət-ənənələrimizi özündə yaşadan Novruz bayramının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığı, ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğu diqqətə çatdırılır. Vurğulanır ki, otuz illik işğaldan sonra bu il ilk dəfə olaraq bütün Azərbaycan vətəndaşları, o cümlədən işğaldan azad edilmiş Qarabağa qayıdan keçmiş məcburi köçkünlər bayram şənliklərini öz doğma yurdlarında qeyd edirlər.

Novruz bayramının Cənubi Qafqazda Azərbaycanla yanaşı, Gürcüstandakı müsəlman icmalarında, eləcə də Mərkəzi Asiya ölkələrində, İran və türk xalqlarında ənənəvi bayram kimi qeyd olunduğu diqqətə çatdırılır. Yazıda Novruz bayramının tarixindən, qeyd edilən çərşənbələrdən, adət-ənənələrindən və keçirilən şənliklərdən bəhs olunur.

Müxalifət düşərgəsində təmsil olunmaq, müxalifətçi olaraq siyasi fəaliyyətlə məşğul olmaq heç də dövlət əleyhinə fəaliyyət göstərmək demək deyil. Yaxud, dövlətə xəyanət yolunu tutanlar bunu müxalifətçilik fəaliyyəti hesab edirlərsə, bərk yanılırlar və ciddi səhvə yol verirlər. Dəfələrlə qeyd edilib və xatrladılıb ki, dünya təcrübəsindən də göründüyü kimi, heç bir ölkə müxalifəti dövlət əleyhinə fəaliyyət göstərməyib və göstərmir də. Əksinə, hər bir ölkə müxalifəti öz proqramı, öz təklifləri ilə çıxış edir və əməli fəaliyyəti ilə dövlətə dəstək olmaq, cəmiyyətin inkişafına öz töhvəsini vermək üçün fəaliyyət göstərir. Sözsüz ki, həmin ölkənin vətəndaşları da bu fəaliyyətləri görürlər və lazım olduğu məqamda qiymətləndirirlər. Təəssüf ki, Azərbaycanda bəzi radikal müxalifətçilər hələ də bunu başa düşə bilmirlər, ölkəmizə, dövlətimizə, cəmiyyətimizə qarşı düşmən mövqedən çıxış edirlər və məhz bu səbəbdən də haqlı olaraq, ictimai rəydə onlara qarşı yalnız nifrət hissinin olduğu müşahidə edilir.

Uzun illərdir ki, ölkəmizdə radikal müxalifətin hansı mahiyyət kəsb etdiyini cəmiyyətimiz çox yaxşı bilir. Radikal müxalifətin “nəyin uğrunda”, “nəyin naminə” çalışdığını və cəmiyyətimiz, dövlətimiz üçün heç bir səmərəli fəaliyyət göstərmədiyini xalqımız hələ ötən əsrin sonlarından yaxşı xatırlayır. Ölkə daxilində xaos, hərcmərcilik, qarışıqlıq salmaq üçün əlindən gələni edənlərin özlərini müxalifət adlandırması və əslində isə, belə yanlış və xəyanətkar mövqeləri, fəaliyyətləri ilə düşmən dəyirmanına su tökmələri bizə çoxdan bəllidir. Özlərini pafoslu şəkildə xalq üçün çalışan kimi göstərənlərin əslində, Azərbaycan əleyhinə olan qüvvələrin marioneti kimi fəaliyyət göstərdikləri dəfələrlə öz təsdiqini tapıb. Azərbaycan əleyhinə olan hansısa xarici qüvvələrin qrantlarına, ayırdıqları vəsaitlərinə görə əldən-ayaqdan gedən, dövlətimiz, ölkəmiz əleyhinə bütün xəyanətlərə əl atanlarla bağlı kifayət qədər faktlar var və bütün bunlar cəmiyyətimizə də bəllidir. Ölkəmiz, cəmiyyətimiz, dövlətimiz əleyhinə belə xəyanətkar mövqedən çıxış edənlərdən biri də Qubad İbadoğlu kimi tanıdığımız, qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Demokratik Rafah Partiyasının (ADRF) sədri Bayramov Qubad İbad oğludur və onun fəaliyyətinin də məhz düşmən dəyirmanına su tökməkdən ibarət olduğu dəfələrlə üzə çıxıb.

Qubad İbadoğlu kimdir?

Müsavat Partiyasının divan üzvü olan, 2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olan, 2015-ci il fevralın 6-da Müsavat Partiyasından xaric edilən Qubad İbadoğlu radikal müxalifətçilərin ən uğursuzudur. O, müxalifət düşərgəsində belə heç vaxt birincilər sırasında olmayıb. İbadoğlu öz fəaliyyətinin əsas istiqamətini Müsavat partiyası üçün iqtisadi konsepsiyalar hazırlamağa həsr edib. Bunun müqabilində isə partiyada nəinki birinci və ikinci postları tuta bilməyib, heç sabiq başqanın 8 müavinindən biri olmağı da bacarmayıb. Qubad İbadoğlunun ən böyük “mükafatı”, ən böyük “nailiyyəti” Müsavat Partiyasının Divan üzvü seçilmək olub. Sabiq Müsavat başqanı İsa Qəmbər o vaxtlar xeyli gənc olan həmyerlisi Qubadı müavin postuna irəli çəkməyi belə heç vaxt ağlına da gətirməyib.

Müsavat başqanı postundan 2014-cü ildə istefa verəndən sonra İsa Qəmbərlə İbadoğlu arasında ziddiyyətlərin açıq müstəviyə keçdiyini də yaxşı xatırlayırıq. Onu da yaxşı xatırlayırıq ki, İsa Qəmbər tərəfsizliyini qoruyacağını bəyan etsə də, partiyanın 27 sentyabr 2014-cü il tarixində keçirilən Qurultayında müavini Arif Hacılını, yəni, şəxsən Qubad İbadoğlunun əsas rəqibi sayılan şəxsi dəstəkləyib. Çox gözəl bilirik ki, Arif Hacılı da öz növbəsində, Müsavat başqanı seçiləndən sonra rəqibinə, Q.İbadoğluna qapını göstərib və o partiyadan qovulub. Partiyadaxili intriqalara, çəkişmələrə meylli olan həmin o qovulan şəxs də ətrafına Vurğun Əyyub, Adil Qeybulla, Səxavət Əlisoy kimilərini toplayaraq, Müsavat Partiyasının sosial bazası hesabına yeni siyasi təşkilat yaradacağına dair proqnozlar səslənməyə başlayıb. Amma onun pul qazanmaq üçün müxtəlif xarici ölkələrə üz tutması bu proqnozların doğrulmasını mümkünsüz edib və 2-3 il əvvəl ADRP-ni elan edən həmin o İbadoğlu onlayn iclaslar keçirməkdən başqa addım ata bilmədiyi, başqa işlər görə bilmədiyi üçün partiyasını da irəli apara bilməyib. İnternet televiziyası resurslarında vaxtaşırı hakimiyyət əleyhinə sərt çıxışlar etməklə gündəmdə qalmağa çalışan bu uğursuz, zəif təşkilatçı olduğu üçün ətrafındakı adamları da qoruyub saxlaya bilməyib və onlar da həmin uğursuzu davamlı olaraq, tərk etməkdədirlər. Qubad İbadoğlunun rəhbərlik etdiyi və qeyri-rəsmi fəaliyyət göstərən partiyanın cəmi 5-6 nəfərdən ibarət olan rayon təşkilatları isə iclas adı ilə hansısa bir məkanda, bəzən də çayxalanada oturub “məşvərət” etməklə işlərini bitmiş, “öhdəliklərini” başa vurmuş hesab edirlər, hansıki, sosial şəbəkələrin Azərbaycan seqmentində bunu sübut edən kifayət qədər foto və videogörüntülər də mövcuddur.

Qərb niyə indi də Qubad İbadoğlunu sırımağa çalışır?

Qərb artıq belə bir qənaətə gəlib ki, Azərbaycandakı Qərbyönümlü şəbəkə onların “ümidlərini” doğrulda bilmir. Görünür, şəbəkənin başında dayanan AXCP sədri Əli Kərimlinin son 20 ildə heç bir ciddi siyasi uğur qazana bilməməsi Qərb dairələrində onun perspektivsizliyi barədə ciddi rəy formalaşdırıb. AXCP sədrinin də uğursuzluğu artıq donor təşkilatları tərəfindən qəbul edilib və bu arada yeni bir xəyanətkarı “işə cəlb etmək” planı ortaya çıxıb. Amma, sual yarana bilər ki, niyə məhz Qubad İbadoğlu? Başda ABŞ olmaqla Qərbin məhz İbadoğluna diqqəti yönəltməsinin əsas səbəbi nədən ibarətdir? Təbii ki, bunun səbəbləri olmaya bilməz və biz bilirik ki, səbəbsiz yerə Qərb belə bir fikrə düşməz.

Şəxsən Qubad İbadoğlunun tərəfdarları iddia edirlər ki, AXCP sədri Əli Kərimlidən fərqli olaraq, ADRP sədri AXC-Müsavat iqtidarının "şinel"indən çıxmayıb və onunla bağlı Qərbə qarşı hansısa ittihamlar yersiz sayıla bilər. Bununla yanaşı iddia edilir ki, Qubad İbadoğlunun məhz Əli Kərimlidən fərqli olaraq, xarici dil bilgiləri yetərincədir. Hətta zənn edilir ki, Əli Kərimlinin xarici dil bilgilərinin yetərsiz olması fonunda, İbadoğlu rus və ingilis dillərini akademik səviyyədə bilir və məhz buna görə də o, Qərb dairələri üçün daha cəlbedici görünür. Üstəlik, qeyd olunur ki, ADRP sədri iqtisadçıdır, Qərbyönmülü liberal dəyərləri guya yaxşı mənimsədiyi üçün gələcəkdə onunla əməkdaşlıq etmək perspektivləri daha böyükdür.

Sözsüz ki, bütün bunlar İbadoğlunun 3-5 nəfər tərəfdarının şişirtməsindən başqa bir şey deyil. Onun hansısa xüsusi qabiliyyət sahibi olduğu barədə kimdəsə bir məlumat yoxdur. Heç də onu digər xəyanətkarlardan fərqləndirən, üstün edən bir məqama ən azından biz rast gəlməmişik. Məsələ burasındadır ki, artıq Əli Kərimli, Cəmil Həsənli kimi fiqurlardan istifadə etməyin mənasız olduğu qənaətinə gələn Qərb indi də şəbəkəsini Qubad İbadoğlu üzərindən qurmaq niyyətinə düşüb. Burada Əli yox, Qubad olmasının Qərb üçün bir o qədər də fərqi yoxdur. Qərb üçün fərq edən ancaq onların hansının daha xəyanətkar olması və pul, vəsait müqabilində fəaliyyət göstərməyə maraq etməsidir. Həm də Kərimlini bu vaxta qədər alət edən Qərb üçün məhz İbadoğlu kimi başqa bir aləti də ələ keçirmək cəhdi başadüşüləndir. Üstəlik, AXCP sədrinin rəhbərliyi altında Qərbin bu qədər cəhdlərinin fiaskoya uğraması fonunda daha bir cəhdini başa düşmək heç də çətin deyil. Heç şübhəsiz ki, Qubad İbadoğlunu da alət olaraq seçən Qərb tezliklə yenə də ifşa olunacaq, amma qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Demokratik Rafah Partiyasının sədri daha böyük nifrət qazanmış olacaq.

 

Qubad İbadoğlu ilə əlaqədar paradoks

Bir neçə nəfərdən ibarət tərəfdarının onu guya “beynəlxalq miqyaslı alim, dünya şöhrətli iqtisadçı” kimi göstərməsinə baxmayaraq, başladılan petisiyadan iki ay keçdiyikdən sonra belə, hələ o dövrdə Qubad İbadoğlu ilə bağlı petisiyanı imzalamaq üçün 1500 adam belə tapılmamışdısa, bunun nəyi “dünya şöhrətli” ola bilər axı? İki ay ərzində 1500 tərəfdar toplaya bilməyən biri haqqında bu qədər şişirtmələr ancaq gülünc səslənə bilər. Sosial şəbəkələrin yerli və xarici seqmentində qoparılan “hay-küyün” artıq “anatomiyası” da bizə billidir. Bir neçə pafoslu söz yığınından ibarət rəyin sosil şəbəkədə bildirilməsi hələ heç də Qubad İbadoğlu ilə bağlı fikir formalaşdırmağa kifayət etmir. Əksinə, İbadoğlu ilə bağlı dezinformasiya kononadası təsdiq edir ki, onu şişirtmək üçün bütün vasitələrə əl atılır və bu heç də hansısa bir siyasi fiqur üçün arzuolunan hesab edilə bilməz.

Dünyamız artıq elə bir inkişaf dövründədir ki, təkcə internet resursları ilə istənilən məlumatı almaq imkanımız var. Belə bir şəraitdə, yəni informasiya əldə etmək imkanlarının “əl atında” olduğu məqamda qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Demokratik Rafah Partiyasının sədri Qubad İbadoğlu ilə bağlı apologiyaları yoxlamadan keçirməyin nə dərəcədə asan olduğunu hər kəs çox yaxşı başa düşür. Elə isə nəyə görə həmin uğursuz bu qədər şişirdilir və həmin “şişirtmə” ilə reallıq arasındakı paradoks heçmi görünmür? Çox yaxşı görünür, amma ən çox görünən odur ki, Qərb dairələri özləri bunu görməməzliyə vurmağı məqbul hesab edirlər. Çünki, hesab edirlər ki, bu dəfə onların işində məhz İbadoğlu yaraya bilər, amma bu dəfə də bərk yanılırlar. Hər halda, öz dövlətinin, öz ölkəsinin, öz xalqının şanlı Zəfərindən sonra Qərbin öz düşmən mövqeyini necə artırdığını görməyən, yaxud, görməməzliyə vuran, hətta ermənilərin beynəlxalq miqyasdakı mütəşəkkil şəkildə anti-Azərbaycan fəaliyyətinə alət olmağı qəbul edəndən hansısa gözlənti ağılsızlıqdır.

İbadoğlunu süddən çıxan ağ qaşıq kimi göstərmək istəyənlərin də nəzərinə çatdırmaq istərdik ki, onların “bəzəmələri”, “şişirtmələri” ilə bəzi məqamlar qətiyyən üst-üstə düşmür. Məsələn, onun kimi digər alim və tədqiqatçılar da təsdiq edə bilərlər ki, bir tədqiqatçı əmək haqqısı ilə Qubad İbadoğlu Novxanıda bağ evi ala bilməz. Hazırda onun ranqında olan bir çox təqdiqatçı hələ də şəxsi ev arzusundadır və bunun fonunda isə qeyri-rəsmi fəaliyyət göstərən partiya sədrinin şəxsi evi də, bağ evi də var. O zaman sual oluna bilər ki, hardandır bu vəsaitlər. Əgər ortada qrantlar olmasa idi İbadoğlu hansı vəsaitlər hesabına bunları əldə edə bilərdi axı? Üstəlik, Qubad İbadoğlu axı professor da deyil və heç vaxt da olmayıb. Elmi ad və dərəcələri necə gəldi, buna əsas verən müvafiq rəsmi sənədə malik olmadığı halda özünə aid etməklə mənimsəməyə çalışıb və bu da əlbəttə ki, bir şəxsin mənəvi-etik prinsiplərə “münasibətindən” xəbər verir. Rəsmi sənəd olmadan Qubad İbadoğlunun özünə “mən professoram” deməsi, nəinki saxtakarlıq göstəricisi, həm də görünməmiş qeyri-etik davranışdır. Professor adını almaq üçün illərlə zəhmət çəkən və həqiqi alim əməyinin nə olduğunu bilənlər fərqindədirlər ki, onun etdikləri hiyləgərlikdir. Belə hiyləgərin də əlinə keçirdikləri, özünün-özünə qoyduğu adlar da saxtakarlıq nümunəsidir, hansıki, bu nümunə onun haqqında uydurullanlarla birbaşa paradoks deməkdir.

FETO və erməni təşkilatları ilə birlikdə fəaliyyət xəyanətkarlıq nümunəsidir

Bilirik ki, Daxili İşlər Nazirliyinin açıqlamasında da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Həmin tədbirlər zamanı saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında onun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Diqqətə çatdıraq ki, Qubad İbadoğlu 2008-2009-cu tədris ilində ABŞ-ın Şimali Karolina Universitetində çalışıb və bu universitetin adı daim FETÖ üzvlərinə yaxınlığı ilə tanınıb, hallanıb. Üstəlik onun fəaliyyətində məhz FETO ilə əlaqələrin olmasını təsdiq edən faktlar ortaya çıxıb. Belə çıxır ki, Qubad İbadoğlu heç də yerində dinc dayanmayıb və terrorçu təşkilata da qoşulmağa imkan tapıb. Onun hətta erməni təşkilatları ilə, hansısa digər Azərbaycan əleyhinə olan təşkilatlarla əlaqələri də müəyyən olunub. Belə olan halda, onun “kimliyi” artıq özünü biruzə vermiş olur.

İbadoğlunun kimliyi heç də onun barəsində uydurulanlarla üst-üstə düşmür. Əksinə, olduqca paradoksal görünür. Qubad İbadoğlunun təkcə Azərbaycan əleyhinə olan qüvvələrlə deyil, həm də ümumiyyətlə türk dünyasının əleyhində olanlarla əlaqələri onun düşmən mövqeyindən xəbər verir. Həmçinin, onun satıldığını, vəsaitlər, qrantlar müqabilində özünə xəyanəti rəva bildiyini göstərir. Belə birindən Qərbin istifadə etməsini sözsüz ki, başa düşməmək artıq mümkün deyil. İslamafobiyanın, türkofobiyanın artdığı bir məqamda, Azərbaycana qarşı Qərbin öz imkanlarını səfərbər etdiyi bir zamanda Qərb üçün Qubad İbadoğlu kimi xəyanətkarlar göydən düşmə hesab olunur. Buna görə də ona Qərbin meyl etməsi tamamilə başadüşüləndir. Amma başa düşülməyən onun vətənini satması, bütün bunları, sadalananları qəbul etməsi, düşmən dəyirmanına su tökən xəyanətkarlığıdır...