Son xəbərlər

Dünyada baş verənlər, münaqişə ocaqları, bir sıra ölkələr arasında davam edən müharibələr təsdiq edir ki, bu, artıq Üçüncü Dünya müharibəsinin başlanması deməkdir. Rusiya-Ukrayna, İsrail-Fələstin, İsrail-İran müharibələri, Afrikada gərginliklər və eləcə də Qərbin məhz münaqişə ocaqlarını qızışdırması, onların sayının günbəgün artması artıq Üçüncü Dünya müharibəsinin başladığını bir daha təsdiq edir. Qarşıdurmaların dərinləşməkdə olduğu artıq göz önündədir və bütün bunların fonunda deyilənlərin əksini fərz etmək belə mümkün deyil.

Qlobal müharibənin olacağı barədə əminlik getdikcə artmaqdadır

Hazırda dünyada 100-ə yaxın aktiv münaqişə ocağının olması cərəyan edən mürəkkəb proseslərin əsasını təşkil edir. Həmin münaqişə ocaqlarının reallığa çevrilmə təhlükəsinin günbəgün artmasını təsəvvür edəndə isə bütün dünyada vəziyyətin düşünüldüyündən də kritik olma ehtimalı qənaətinə gəlinir. Məhz bu səbəbdəndir ki, qlobal müharibənin olacağı barədə əminlik artıq getdikcə artmaqdadır. Nümunə üçün qeyd edək ki, Amerikalıların 64, britaniyalıların isə 61 faizi gələcəkdə yeni qlobal müharibənin olacağına tam əmindirlər. Hər halda “yeni dünya düzəni” ifadəsi son zamanlar təsadüfi işlədilmir və bu ifadənin artıq elə qlobal miqyasda mütəmadi şəkildə istifadə edilməsi deyilənləri bir daha təsdiq edir. Təsdiq edir ki, tezliklə həqiqətən də dünyanın tamamilə yeni düzəni ilə qarşılaşmalı və hər kəs də bunu qəbul etməli olacaq.

“İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir”

Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin də bu barədə, məhz dünyada baş verən mürəkkəb proseslər barədə iqtibasları da tam yerinə düşür və reallığı əks etdirir. “İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır, Birinci Dünya müharibəsindən də, İkinci Dünya müharibəsindən də fərqlənir”, deyə yerli kanallara müsahibəsində bildirən cənab Prezident İlham Əliyev dünyada mövcud vəziyyəti uzaqgörənliklə təhlil edib və reallıqların nədən ibarət olduğunu ictimaiyyətin diqqətinə çatdırıb. Ölkə rəhbərimiz dünyanın qütbləşdiyini və qarşıdurmaların dərinləşməkdə olduğunu da bildirib. Sözsüz ki, dövlətimizin başçısının dedikləri zərrə qədər şübhə doğurmur və həmin reallıqlar artıq çoxdandır ki, göz önündədir.

İranın İsraillə müharibə vəziyyətində olması fonunda gərginlik bir qədər də artıb və hələ də artmaqdadır

İranın İsrailə 300-ə yaxın raket və pilotsuz uçuş aparatı atması heç də sıradan bir hadisə deyil. Doğrudur, brifinq zamanı İsrail ordusunun nümayəndəsi Daniel Hagari onların 99 faizinin zərərsizləşdirildiyini bildirib, amma bu, heç də vəziyyətin nə dərəcədə ciddi olduğuna zərrə qədər də şübhə yarada bilməz. Çünki artıq iki ölkə arasında vəziyyətin kritik həddə olduğu qətiyyən təkzib edilmir. Onsuz da Qərbin Ukraynanı qızışdırması və Rusiyaya qarşı qoyması, illərdir iki ölkə arasında davam edən müharibə fonunda narahatlıq kifayət qədər idi və bu məqamda bir tərəfdən də İranın İsraillə müharibə vəziyyətinə gəlməsi artıq ciddi şəkildə narahatlıq doğurur. Ona görə ki, belə bir məqamda daha bir müharibə dünyada xaosun, qarşıdurmaların, itgilərin, tələfatların artmasına əsaslı zəmin yaradır. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi və Qərbin ruslara təzyiqləri fonunda nüvə silahından istifadə təhlükəsi indi də qalmaqdadır, deməli, faciəli nəticələrə səbəb ola bilən məqamlar qətiyyən aradan qaldırılmayıb. Əksinə, İranın İsraillə müharibə vəziyyətində olması fonunda gərginlik bir qədər də artıb və hələ də artmaqdadır. Sadalananlar elə Üçüncü Dünya müharibəsinin elementləri olaraq qəbul olunur və vəziyyətin təhlili göstərir ki, həmin müharibə artıq başlayıb.

Dünyadakı gərginliyin, qanlı toqquşmaların fonunda Azərbaycan təhlükəsizliyin, sabitliyin təminatçısı kimi tanınır

Öz gücü, öz potensialı ilə ən qısa zamanda, cəmi 44 gün ərzində ərazilərini işğaldan azad edən və dünya miqyasında mövqeyini daha da möhkəmləndirən Azərbaycan regionda yeni reallıqlar yaratmaqla yanaşı, sülhün, sabitliyin tam bərqərar olunması istiqamətində mühüm adımlar atmaqdadır. Bütün dünyada müşahidə olunan gərginliyin, mürəkkəb proseslərin, qanlı toqquşmaların fonunda Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin təminatçısı kimi tanınır. Sözsüz ki, ölkəmizin təhlükəsizlik, sabitlik adası kimi tanınması Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş balanslı siyasət sayəsində mümkün olub və bunu bütün dünya liderləri də çox yaxşı bilirlər, eləcə də etiraf edirlər. Onu da etiraf edirlər ki, Azərbaycan özünün ən sabit, ən dayanıqlı inkişaf mərhələsindədir. Görünür elə buna görə də bəzi Qərb dairələri ölkəmizə qarşı qısqanclıq hissi keçirir və açıq-aşkar rəqib kimi çıxış edirlər. Həmin dairələr işğalçı ölkə olan Ermənistanı silahlandırmaqla vəziyyətə müdaxilə etmək, hətta təhlükəsizliyə, sabitliyə xələl gətirmək istəyirlər. Təbii ki, onlar bunu öz maraqları naminə edirlər və guya dırnaqarası “təhlükəsizlik zəmanəti” adı altında bütün çirkin əməllərə əl atırlar və ölkəmiz tərəfindən yaradılan, təmin edilən təhlükəsizliyə də, sabitliyə də zərbə vurmağa çalışırlar. Avropada da belə çirkin əməllərdə maraqlı ölkələr, ölkə rəhbərləri var. Məsələn, Fransa dövləti, şəxsən prezident Emmanuel Makron Azərbaycanın uğurlarını həzm edə bilmir və ölkəmizin istənilən istiqamətdə inkişafına, nailiyyətlərinə mane olmaq üçün bütün gücünü səfərbər edir. Rəsmi Paris artıq Cənubu Qafqaza müdaxilələr etmək üçün bütün imkanlarından istifadə etməyə çalışır. Amma buna nail ola bilmir və ölkəmiz qətiyyətlə, əzmlə təhlükəsizliyin, sabitliyin təminatçısı olaraq çıxış edir.

 

Ölkəmizin nailiyyətlərini həzm edə bilməyənlər çirkin niyyətlərini həyata keçirmək üçün Ermənistanı alət etməkdədirlər

Ölkəmizin əleyhinə olan dairələr şərti sərhəddə NATO funksiyasını yerinə yetirən Aİ-nin dırnaqarası “mülki” missiyanın, əslində isə hərbi əməkdaşlarının sayını artırır, bununla da təcavüzkar ölkənin əli ilə regionda yeni müharibə ocağı yaratmaq üçün əldən-ayaqdan gedirlər. Ümumiyyətlə, ölkəmizin istər 44 günlük müharibə dönəmindəki, istər 23 saatlıq anti-terror tədbirlərindəki, istərsə də ondan sonrakı dövrdə uğurlarını həzm edə bilməyənlər Ermənistanı yenidən münaqişəyə, müharibəyə sürükləyirlər. Bütün dünyanın düz üçdə bir əsr müddətində həll edə bilmədiyi məsələni Azərbaycanın cəmi 44 gün və bir də 23 saat ərzində həll etməsini hələ də həzm edə bilməyənlər ölkəmizə qarşı hansısa çirkin niyyətlərini həyata keçirmək üçün Ermənistanı alət etməkdədirlər. Ermənistan artıq marionet ölkə kimi tanınmaqdadır və rəsmi İrəvanın alət olaraq istifadə edilməsi ilə Cənubi Qafqazda müharibə ocağı saxlamaq niyyətində olanlar öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Onların səylərinin 5 aprel tarixində Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransından sonra daha da intensivləşdiyi də müşahidə edilməkdədir. Sərti sərhəddə Ermənistan tərəfindən son günlərdə törədilən təxribatların belə, Qərbin fəallığının nəticəsi olduğu zərrə qədər şübhə doğura bilməz, çünki 44 günlük müharibədən və 23 saatlıq anti-terror tədbirlərindən sonra bu təxribatlara Ermənistanın özbaşına cəsarət edə bilməyəcəyi bəlli məsələdir. Baxmayaraq ki, bütün sualların və problemlərin iki ölkənin birgə müzakirələri ilə həll olunmalı olduğunu Azərbaycan dəfələrlə bəyan edib, üçüncü dövlətlər və özlərini guya vasitəçi kimi sırımağa çalışanlar məsələyə müdaxilə edirlər və bilərəkdən vəziyyəti gərginləşdirirlər. Xatırladaq ki, cənab Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Blinkenlə telefon danışığı zamanı qeyri-şəffaf hazırlanan, qeyri-inklüziv xarakter daşıyan və Azərbaycanın haqlı iradlarına səbəb olan görüşün təxirə salınmamasının bölgədə gərginliyin artmasına səbəb olacağını bildirmişdi. Amma Qərb, Avropa İttifaqı öz bildiyini etməkdə israrlıdırsa, deməli, qətiyyən bölgədə sülhə, tərəflər arasında etimad mühitinə, inteqrasiyaya heç biri maraqlı deyil və destruktivliyə, eləcə də sülh danışıqlarını sıradan çıxarmağa hər biri can atır.

“Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”

Qeyd edək ki, hansısa qüvvələr, hansısa ölkələr Azərbaycana mane olmaq üçün nə qədər can atsalar da buna nail ola bilməzlər və bilmirlər. Əksinə, Azərbaycan artıq mütəmadi olaraq, bir-birinin ardınca istədiyinə nail olmaqdadır. Çünki ölkəmizin keçdiyi yol, inkişaf sürəti, əldə edilən nəticələr bizi daim nailiyyətlərə doğru aparır. Bu yolda real hədəf də bəllidir və milli maraqlarımızın təmin edilməsi istiqamətində istər siyasi, istər iqtisadi, istər hərbi, istərsə də diplomatik imkanlarımız yetərincədir. Ölkəmizdə olan sabitlik, təhlükəsizlik mühiti artıq tam əminlik yaradır. Dövlətimiz daxili risklərin hamısını aradan qaldırıb və xarici risklərdən də qoruna bilib. Xatırladığımız kimi, cənab Prezident İlham Əliyev andiçmə mərasimində bu barədə xüsusi vurğulayıb və uğurlarımızın əsas şərti barədə də diqqətə çatdırıb. “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”, deyə bəyan edən dövlət başçımız bununla bütün dünyaya çox ciddi mesaj ünvanlayıb. Bu mesajda bildirilir ki, dünyanın ayrı-ayrı ölkələrində qarşıdurmalar, gərginliklər, silahlı münaqişələr, toqquşmalar müşahidə edildiyi bir zamanda Azərbaycan bütün beynəlxalq aləmdə sabitlik məkanı kimi tanınır. Bildirilir ki, ölkəmiz bütün istiqamətlərdə inkişaf edən ölkə olaraq qəbul edilir. Sözsüz ki, o da qəbul edilir ki, bütün bunlar, bu nailiyyətlər, daxili sabitlik məhz cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində reallaşıb. Məhz bu nailiyyətlər, bu imkanlar, bu potensial və bu siyasət sayəsində, milli birliyimiz, xalq-iqtidar birliyi sayəsində Azərbaycan bütün müdaxilələrə cavab vermək, öz təhlükəsizliyini, sabitliyini, stabilliyini qorumaq əzmindədir və ölkəmiz Qərbin, hansısa dairələrin regionu müharibəyə sürükləməsinə hər zaman kəskin etirazını bildirir.

Qonşu dövlətlər də regionda vəziyyəti gərginləşdirmək istəyənlərə davamlı olaraq etiraz edirlər

Təkcə ölkəmiz deyil, Türkiyə, Rusiya kimi ölkələr də Qərbin Cənubi Qafqazı müharibəyə sürükləməsinə öz etirazlarını, narazılıqlarını hər zaman bildiriblər. Türkiyə də, Rusiya da regionda vəziyyəti gərginləşdirmək istəyənlərə davamlı olaraq yenə də etiraz edirlər. Çünki regionda vəziyyətin gərginləşməsinin heç də yaxşı nəticələr vəd etmədiyi, təhlükəsizliyə, sabitliyə təhdid olduğu bəlli məsələdir. Ona görə də həmin ölkələr yeni status-kvo və hərbi paktın yaradılmasına yönəlmiş 5 aperl görüşü ilə bağlı rəsmi mövqelərini açıq şəkildə ortaya qoymaqdan çəkinmirlər. Doğrudur, qonşu dövlətlər arasında kəskin şəkildə mövqe birdirməkdən çəkinən təkcə İrandır və bu ölkənin məqsədi də təcavüzkar Ermənistanla əməkdaşlığı getdikcə dərinləşdirmək, Zəngəzur dəhlizinin açılmasına maneələr törətməkdir. Amma bununla belə İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti belə öz müsahibəsində qeyd edib ki, Avropa İttifaqı, ABŞ və NATO-nun Cənubi Qafqazla bağlı son qərarı heç bir halda həyata keçməyəcək və bu cür hərəkətlər dünyanın kritik bölgələrində gərginlik yaratmaqdan və məhv etmək bahasına hərbi mövcudluğa bəhanə axtarmaqdan başqa məqsəd daşımır. Bir sözlə, İran özü də xəfif şəkildə də olsa öz etirazını bildirib. Çünki gərginlik heç də yaxşı nəticələr vəd etmir və xüsusən də region ölkələri üçün bu məqam daha böyük diqqət tələb edir.

Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış etdiyini bəyan edir

Region üçün mənfi nəticələr vəd edən istənilən addım və planlara qarşı Azərbaycanın qəti şəkildə narazılığının bütün dünya dəfələrlə şahidi olub. Çünki ölkəmiz Cənubi Qafqazda istənilən çirkin niyyətlərə, ələlxüsus da sülhün, sabitliyin, stabilliyin pozulmasına hesablanan bütün əməllərə qarşıdır. Ona görə də bununla bağlı öz mövqeyini də açıq şəkildə ortaya qoyur və buna iradəsi də, əzmi də çatır. Hətta Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış etdiyini belə açıq şəkildə bəyan edir və bu da o deməkdir ki, heç bir qüvvə Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə nail ola bilməz. Nə qədər müdaxilə etmək cəhdləri olsa belə Azərbaycan sülh və sabitlik naminə bütün imkanlarını səfərbər edərək, istənilən arzuolunmaz halın, xüsusən də sabitliyin pozulması hallarının qarşısını almaq əzmindədir.