Son xəbərlər

 

Kult.az-ın “Xatirə dəftəri” layihəsinin budəfəki qonağı şərqşünas-alim Nəriman Qasımoğludur. O, layihədə atası, şair, ədəbiyyatşünas Qasım Qasımzadə ilə bağlı xatirələrini bölüşür.

 

Əvvəli burada

- Bəs ailə başçısı olaraq necə, sizə, ailəyə vaxt ayıra bilirdimi?

- Əlbəttə, ailə başçısı kimi də əvəzsiz idi. Bizə, bəzən də yaxınlarımıza görə ayırdığı vaxta heyfsilənirdim, deyirdim, “yaradıcılığından qalırsan, işindən-gücündən olursan. Biz heç - sənin övladların, qardaş-bacı uşaqlarınıq, başa düşürəm ki, qayğılanırsan, istəyirsən hər işimiz yoluna düşsün. Bəs üzünü illərlə görmədiklərinin, bəzən də heç tanımadıqlarının hər müraciətinə dərhal reaksiya verib qabağa düşürsən, məsələlərini həll etməkdən ötrü nə qədər vaxtın gedir, hələ onu demirəm ki, aralarında naxələf çıxanlar da var”. O da özünə belə bəraət qazandırırdı ki, yaxşılığı et, at dəryaya, balıq bilməsə də, Xaliq bilər... Bir neçə il öncənin söhbətidir, küçədə bir nəfər mənə yaxınlaşıb salam verir, ardınca da deyir: “Sizin atanız Qasım Qasımzadə mənə bir yaxşılıq edib”. Kimliyini soruşuram, deyir, “Azneft” tərəflərdə Mənzil İstismar İdarəsinin müdiridir, bizimlə heç qohumluğu-filan da yoxdur. Tələbəlik vaxtı imiş, imtahandan kəsilibmiş, “İstiqlal” küçəsi ilə ovqatı təlx yol gedirmiş. Təsadüfən qarşı səkidə Qasım müəllimi görür. Səkini keçib ona yaxınlaşır, üzünə salıb sıravi bir vətəndaş kimi ona dərdini açır, yardım istəyir. Qasım müəllim də onu Akademiyanın yanında saxladığı avtomobilinə tərəf aparıb deyir, min gedək. Gedirlər BDU-ya. Qasım müəllim orada çalışan dekana tanımadığı birisinin xahişini edir, tələbənin kəsirini düzəldirlər... Bunu mənə danışandan sonra gülə-gülə soruşuram: “Heç olmasa, “çox sağ ol” dedinmi ona?” Bildirir ki, harasa çox tələsirdi, imkan vermədi əməlli-başlı təşəkkürümü bildirim, dedi, sənin məsələni həll etdim, maşını sürüb getdi, indi də fürsətdir o zaman dilə gətirməyə macal tapmadığım “çox sağ ol”u sizə deyirəm...

- O vaxt senzura, təqib, təhdid, ehtiyatlı olmaq instinkti və sair var idi. Heç təzyiqlərə məruz qalmışdımı?

- Əlbəttə. Xüsusən də gənclik illərində. Vaxtilə Azərbaycan Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisinin müavini işləmiş Şahsuvar bəyin nəvəsi olduğuna görə onu 1950-ci ildə aspiranturadan xaric etmişdilər. Ancaq az sonra o zaman Ali Sovetin sədri Nəzər Heydərovun müdaxiləsi ilə aspiranturaya bərpa edilmişdi. Həmin dövrün sıxıntıları barədə özü bir müsahibəsində bildirirdi ki, əlinə qələm götürdüyü məqamda gözünün qarşısında həmişə Qlavlitin (Senzura İdarəsinin), DTK-nın məşum fiquru boyaboy dayanıbmış. Ürəyində tutduqlarını sətiraltı, rəmzi obrazlarda, ifadələrdə çatdırmağa çalışırmış. O zamanlar cürətli sayıla biləcək cüzi addımlarına görə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin töhmətdən başlamış işdən çıxarılmaya qədər cəza payına layiq görülmüşdü. “Ədəbiyyat” qəzetində baş redaktor işləyəndə “Novruz bayramı” sərlövhəsinə görə, Dərbənddə açılmasına icazə verilən Azərbaycan dilində teatra kömək məqsədilə material dərc etdiyinə görə Mərkəzi Komitədə ona “milli həddini aşmaq” damğası vurulmuşdu. Xəlil Rzanın bir qədər üsyankar şeirlərinin dərci üstündə töhmət almışdı, nəhayət, vəzifədən xaric edilmişdi. Həmin müsahibəsində deyirdi ki, onda da, indi də bu cəzaları mükafat kimi qarşılayır...

O dövrü səciyyələndirən bir xatirəni mənə Qasım müəllim də danışıb, bunu eynilə mətbuatda Bəxtiyar Vahabzadə də səsləndirib. Deməli, bir gün Bəxtiyar müəllimlə yol gedirmişlər və vətən-millət-azadlıq söhbətləri edirmişlər öz aralarında. B.Vahabzadə bədbinliyə qapılıb deyir ki, nə vaxtsa millətimizin azad olacağına heç inanmağım gəlmir. Qasım müəllim isə gənclik ehtirası ilə nikbin-nikbin deyir ki, millət azad olacaq, özü də kişi kimi azad olacaq. Belə söhbət edə-edə o vaxtkı Kommunist, indiki İstiqlal küçəsiylə enirlər aşağı. Sabirin heykəlinə çataçatda yerdə kibrit qutusu görürlər. Bəxtiyar müəllim deyir ki, bax, o qutunun içində bir dənə salamat varsa, sən deyən olacaq, yoxdursa, mən deyən. Götürüb baxırlar ki, kibrit yanmamış çöplərlə dopdoludur. Bəxtiyar müəllim kibriti cibinə qoyub deyir: “O azadlıq günü gəlsə, bu kibritlə sənin siqaretini özüm öz əlimlə yandıracam”. Qasım müəllim də siqaret çəkən deyildi, nadir hallarda çəkərmiş. Azərbaycan müstəqillik qazananda Bəxtiyar müəllim ona bir siqaret uzadır, cibindən həmin o kibrit qutusunu çıxardıb deyir: “Bax, bu qutunu o gündən indiyədək saxlamışam”. Həmin qutudan bir kibrit çöpü çıxarır və Qasım müəllimə verdiyi siqareti yandırır…

Qasım müəllim milli mənafe naminə yaranan hər fürsəti də sanki özünə aid mükafat kimi qarşılayırdı. Bu mənada ümummilli lider Heydər Əliyevə münasibəti haqqında danışmaq da elə bilirəm, yerinə düşər. 1981-ci ilin may, yaxud iyun ayı idi. Liviyadan Bakıya məzuniyyətə qayıtmışdım. Yazıçıların Şüvəlan yaradıcılıq evində Heydər Əliyevlə görüş keçirilmişdi. Qasım müəllim bu görüşün bəzi təfərrüatlarından danışanda açıqca büruzə verirdi ki, onun üçün vacib məqam Heydər Əliyevin “Nə olar, qonşularımız kimi millət yolunda siz də bir yol cızığınızdan çıxın, uzaqbaşı bir partiya töhməti alarsınız, sonra da bu töhməti üstünüzdən silərik, gedər” sözlərilə Azərbaycan yazıçılarını “milli qeyrətə” çağırışları idi. Sonra Heydər Əliyevlə şəxsi söhbətlərindən bəzi epizodları da mənə danışdı. Azərbaycanın rayonlarına onu səfərləri zamanı müşayiət edərkən aralarında bir neçə dəfə maraqlı söhbətlər olmuşdu və bu söhbətlərin başlıca mövzusu millət məsələsi imiş. Yüksək partiya və dövlət postunu tutan rəhbərlə bu təmaslarından Qasım müəllim o dərəcədə təsirlənmişdi ki, mənə deyirdi, “H.Əliyevi qorumaq lazımdır, Moskvada bizi gözü götürməyən o qədər adam var ki...”

Az müddət sonra Liviyaya qayıtdığımda Qasım müəllim mənə göndərdiyi məktubda yazırdı: “…Buradakı hadisə və yenilik Yazıçılar İttifaqının qurultayı oldu. Təəssüf ki, açılışında iştirak edə bilmədim. İkinci gün çıxışlar maraqlı keçdi. Məruzələr o qədər də sanballı deyilmiş. Elçininkini tərifləyirlər. Mənim də bir neçə dəfə adımı çəkibmiş (müsbət mənada). Sənin adın da ərəbcədən yeganə tərcüməçi kimi məruzəyə düşüb, təbrik edirəm. Gərək bu etimadı doğruldasan. İkinci gün Heydər Əliyev bütün günü, gecə seçki qurtaranadək, qurultaydan getmədi. Kaş onun çox böyük müdrikliklə dediyi sözləri, replikaları eşidəydin. Dedi ki, millətin, xalqın mənafeyi yolunda yazıçılar, xüsusən adlı-sanlı sənətkarlar gərək fədakarlıq göstərsinlər. Füzulinin qəbrinin İraqda sökülüb sümüklərinin bir küncə yığılması ilə əlaqədar çox qəzəbli danışdı, dedi ki, orda-burda millətdən danışırsınız, ancaq işə gələndə fəaliyyət göstərmirsiniz (Q.Qasımzadə məktubunun bu yerində H.Əliyevin müraciət etdiyi bir neçə xalq şairi və yazıçının adını çəkir – N.Q). Hamıda böyük ruh yüksəkliyi yarandı. Başqa vacib mətləblərdən də ehtirasla danışdı…”

Müstəqillikdən öncə yenidənqurma dövrü senzuradan yan keçmək imkanları baxımından Qasım müəllim üçün göydəndüşmə olur. Bir dəfə yaxşı xatirimdədir, “Bakı” qəzetinin əməkdaşı Ağəddin Mansurzadə Qasım müəllimə məqalə sifariş vermişdi. Qasım müəllim də ona telefonda “Yazaram, amma necə və nə yazsam, gərək redaktəyə-filan məruz qalmadan dərc edəsiniz, əks təqdirdə, yazmağımın mənası yoxdur, razısansa yazım”. Ağəddin də söz vermişdi: “Arxayın olun, Qasım müəllim, sizin yazdığınıza kim əl vura bilər ki?! Narahat olmayın...” Məqalə mənəviyyat məsələrinə dair ciddi və sərt publisistik məzmunda imiş. Baş redaktor Nəsir İmanquliyevlə də Qasım müəllimin xoş münasibəti varmış. Nəsir müəllim məqaləni bəyənir, “əla yazıdır” deyir, həm də xahiş edir yazıda bəzi ixtisarlar aparılsın. Ağəddin boynuna götürmür, deyir ixtisara, düzəlişə yol versək, daha bizimlə əməkdaşlıq etməyəcək. Nəsir müəllim müəllifi dəvət edir redaksiyaya. Mehriban dost kimi görüşürlər. Həmişəki kimi dərhal çay dəstgahı düzəlir. Səmimi, şirin söhbətləri başlayır. Sonra Nəsir müəllim mətləbə keçib deyir: “Bilirsən, sənin xətrini nə qədər istəyirəm. Mənə hörmət naminə, gəl məqalənin bəzi sərt yerlərini yüngülləşdirək. Çünki son vaxtlar məni yaman “qurdalayırlar”. Vallah, bilsəm ki, sənin məqalən qəzetimizdə dərc olunandan sonra Azərbaycanda hər şey düzələr, qanun-qayda hökm sürər, çəkinmədən, heç kimdən ehtiyat etmədən yazını olduğu kimi verərəm. İnan mənə, sonra başım ağrıyar”. Qasım müəllimin cavabı hazırmış. “Qurban olsun sizə!” deyib Nəsir müəllimin ehtiyat etdiyi yerləri təzədən gözdən keçirir, daha doğrusu, məqalənin sərt yerlərini “rəndələyir”, sonra da “Ancaq gərək redaktorun başı hərdən ağrısın, “Ədəbiyyat” qəzetinin redaktoru işlədiyim illərdə mənim də başımı çox ağrıdıblar. Qəzet çıxan gecəni isə mən demək olar ki, yatmamışam”, - deyir. “Allah səni saxlasın, sən həftədə bir qəzet buraxmısan, bir gecə yatmamısan, onda mən gərək heç yatmayım. Ona görə ki, qəzetin həftədə on iki nömrəsi çıxır, altısı azərbaycan, altısı da rus dilində. İndi özün mənim vəziyyətimi başa düş...”, - deyə Nəsir müəllim cavab verir. Bu xatirə daha ayrıntılı olaraq Ağəddin Mansurzadənin “Nəsir İmanquliyev məktəbi” kitabında da gedib.

Və nəhayət, bir vacib məqamı da qeyd edim. Sovet senzurası Qasım müəllimə baha başa gəlib. Bir neçə il əvvəl təsadüfən əlyazmaları arasında onun dərc edilməmiş bir poemasına rast gəldim, bunu 23 yaşında qələmə alıbmış. Kosmosa, gələcəyə, keçmişə səyahət səpkisində, elmi bədiiyyat janrında maraqlı əsərdir. Poemada zadəgan törəmələri üç qəhrəman var: Adil xan, İstiqbal və Azər. Sovet dövrünün siyasi konyukturasına xeyli dərəcədə zidd poemadır, çap oluna bilməzdi deyə, arxivində qalıb. Həm də elmi bədiiyyat janrında dünya poeziyasında ilk nümunədir.

- Gənclərə xüsusi qayğısı, diqqəti olub, onlara görə olubmu ki, kimlərləsə üz-üzə gəlsin, haqqı nahaqqın ayağına vermədiyinə görə əl-ayağına dolaşsınlar?

- İstərdim bu barədə vaxtilə qayğı göstərdiyi Nüsrət Kəsəmənlinin müsahibəsindən bir parçaya müraciət edim. Qasım müəllimin sağlığında “Yol” qəzetində dərc edilib:

“Mənim üçün birinci amil yaxşını görüb etiraf etməkdir, qolundan tutub ayağa qaldırmaqdır. Elə ki, ayağı yer tutdu, əgər istedadı varsa, “yeriməyə” başlayacaq. “Yeriyə” bilmirsə, himayədarlıq edib arxanca sürüməyə dəyməz. Bu mənada şəxsiyyətinə ən çox hörmət etdiyim Qasım Qasımzadənin adını çəkmək istəyirəm. Bu şairin şəxsiyyəti ilə yazıları arasında “ciddilik” deyilən bir oxşarlıq var. Buraya qətilik və sözübütövlüyü də əlavə etsək, şəxsiyyət tamamlanar. Şair huşsuz, sadəlövh görünəndə, yaxud görünmək istəyəndə yazıları nə qədər ciddi olsa da, özü gülməli görünür. Şairin xeyirxahlığından, ağsaqqal kimi xalq üçün gördüyü işlərindən, şeirlərinin yüksək bədii keyfiyyətlərindən danışarlar, ağsaqqal adamın uşaq hərəkətlərini lətifəyə çevirib söyləməzlər. Gərək sənətkarın özü buna imkan verməsin. Qasım Qasımzadə sözün böyük mənasında şəxsiyyətdir. Ramiz Rövşəni, Seyran Səxavəti, məni heç kimin tanımadığı, redaksiyalardan kor-peşman qayıtdığımız bir vaxtda Qasım müəllim “Uğur olsun” yazdı, bizi geniş oxucu kütləsinə tanıtdı. Və nə yaxşı ki, sonralar himayədarlıq etmədi. Elə indinin özündə “mənim yetirmələrimdir” deyib öyünmür. Hərçənd Qasım müəllimin buna haqqı var...”

Bir dəfə olub ki, siz demiş, çalışıblar haqqı nahaqqın ayağına versinlər. Həyatdan çox erkən getmiş bir qəzəl ustası vardı – Elnarə Buzovnalı. Həqiqətən, çox istedadlı bir qız idi. Qasım müəllim həmin qızın filologiya fakültəsinə daxil olmasına törədilən əngəllərdən, müəllimlərin rüşvət istəməsindən, atasının da imkansız birisinin olduğundan qəzəblə danışdı və nəhayət, dedi, onu imtahandan kəsən vicdansızların heç onun qədər ədəbiyyat bilgisi də yoxdur. Bir neçə gündən sonra bu gənc istedad haqqında bir yazı yazıb “Ədəbiyyat” qəzetində dərc etdirdi, ardınca da həmin fakültə müəllimləri ilə görüşüb onları utandıraraq vicdana dəvət etdi. Beləcə Elnarə instituta daxil oldu, qısa müddətdə məşhurlaşdı, Abşeron qəzəl məclislərinin tanınmış, sevilən üzvlərindən birinə çevrildi. Əfsus ki, ailə qurandan az sonra avtomobil qəzasında həlak oldu.

- Ümumiyyətlə, Qasım Qasımzadə xatirələrdə daha şirin, xoş, sevilən, yadda qalan idi, yoxsa həyatda?

- İnanın ki, hər ikisində. Xatirələrdə necədirsə, həyatda da elə idi: şirin və sevimli, mülayim və sərt, ipək kimi yumşaq və möhkəm, zadəganlığından da heç zaman qalmayan şair-alim Qasım Qasımzadə.

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü