Bu 27 ildə Ağdama, yəni təmas xəttinədək bəlkə beş yüz dəfədən çox getmişəm. Hətta bəzən əsgərlərin sözünü eşitməyib təmas xəttini də keçib sonuncu postumuzadək gedirdim. «Çadırda Üzeyir Hacıbəyov doğula bilməz» romanımda yazmışam, Məllimlə bizim əsgərlərin davası. Əslində o Məllim mənəm və əsgərlərlə davam həqiqətdir. Qadağan olunmuş təmas xəttindən keçəndə ("Dolu" filmində həmin yeri görmüsünüz) əsgərlər məni saxlayırdılar ki, olmaz.

- Hara gedirsiz?

- Evimizə.

- Olmaz!

- Niyə?

- Öndə ermənilərin postu var.

- Ay oğul, mən evimizə gedirəm, indi məni buraxmayacaqsan Ağdama? Ermənilər var? Mən bilərəm, ermənilər bilər.

Və keçib gedirdim. Erməni postuna az qalmış day gopa basmayım, keçməyə gücüm çatmırdı. Oturub siqaret çəkirdim və ağlayırdım.

Baxırdım ki, əsgərlər komandirlərini çağırıblar, qayıdanda komandirlər hamısı məni tanıyırdı deyin, qucaqlaşıb öpüşərdik və deyərdilər:

- Aqil müəllim, əsgərləri qınama.

- Qınamıram, amma Komandir, darıxma, inşallah, tezliklə bu səngərləri keçib gedəcəyik Ağdama.

2012-ci ildə "Dolu" filmi çəkilərkən yenə həmin bağlanmış yola getdik və oranı da keçib getdik. Özü də əliyalın, ruhlar və millətimiz. Ermənilər çaşıb qalmışdı. Və mən həmişə inanmışam və inanırdım ki, biz bu yolla Ağdama, ordan da Şuşaya gedəcəyik. Və bütün çıxışlarımda da, yazılarımda da qeyd edirdim ki, bizi Ağdama və Şuşaya Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev aparacaq. Elə də oldu!

Ağdam şəhərində, İmarətdə Pənah xanın məqbərəsi önündə Seyid Lazım ağanın nəvəsi Seyid Yusif ağa Prezidentin köməkçisi Hikmət Hacıyevə dedi ki:

- Hikmət müəllim, vallah, Aqil də seyiddi və ona vəhy gəlib. Hələ neçə il əvvəl bunu "Dolu" filmində çəkmişdi. Biz həmin filmdəki kimi keçdik gəldik Ağdama.

20 noyabrdan bir neçə gün əvvəl yenə cəbhə xəttindəydim, bu dəfə bağlanmış yolu açmışdılar və imkan yaratdılar düz sonuncu səngərimizə qədər getdim, təxminən əvvəlki qadağan olunmuş ərazidən dörd kilometr. Ordan Dəmiryol vağzalına təxminən 2-3 kilometr qalmışdı, yəni bizim son səngərimizə qədər. Və bizim son səngəri də Azərbaycanın Xalq Qəhrəmanı, polkovnik Raquf Orucov Ağdamda briqada komandiri olanda qurub.

Sonra Ağdam şəhərinə gedəndə gördüm ki, Raquf Orucovun qurduğu səngər erməni səngərlərindən də daha güclü, daha etibarlıdı. Və həm Raquf Orucovun qurduğu səngəri, həm də ermənilərin qurduğu üç istehkamı keçəndə (Ali Baş Komandan İlham Əliyev Ağdamda dedi ki, üç istehkamı keçdim və hərbçilər bildirdilər ki, beş istehkamdı, yəni gizlədilmiş istehkamlar) Raquf Orucovun ruhuna, bütün şəhidlərimizin ruhuna dualar oxudum.

Bu da Ağdam şəhəri.

Həmişə çıxışlarımda demişdim ki, Ağdama gedərkən birinci Pənah xanın məqbərəsini ziyarət edəcəm, sonra anamın və qardaşımın, sonra gedəcəm evimizə.

Sürücümüz Vüqara dedim ki, birinci İmarətə sür. Ağdamın icra nümayəndəsi və Ağdamın ağsaqqallarından biri və vaxtilə Ağdamı tikənlərdən biri Zülfü Qasımov deyir ki, əvvəl məscidin önünə gedək. Dedim Zülfü müəllim, İmarətə gedəcəyik.

Səhər saat 11-in yarısıdı. Ağdamın gözəl kişilərindən, vaxtilə raykom katiblərindən olmuş Məmməd Əliyevin nəvəsi, Ağdam notariusu Məmməd Əliyev biz şəhərə yaxınlaşdıqca mikroavtobusdakılara ərazini izah edir. Mikroavtobusda kim var: "Qarabağ" komandasının vaxtilə futbolçusu və kapitanı olmuş məşhur futbolçu Elbrus Abbasov xanımı ilə, Ağdamın ağbirçəklərindən Məlahət xanım, Ağdamın Nəqliyyat İdarəsinin rəisi Tariyel müəllim və bir də ağsaqqalımız Zülfü müəllim.

Şəhərə girəndə birinci oğluma zəng elədim və dedim ki, Ağdamdayam. Sonra danışa bilmədim, telefonu söndürdüm.

Və təbii ki, yuxarıda qeyd etdiyim kimi, birinci İmarətə getdim və Pənah xanın məqbərəsini öpdüm göz yaşlarıyla. Dedim, Məmməd, bunları çəkmə.

Getdik məscidə. Ermənilər bu məscidi bilirsiniz niyə saxlayıblar? Minarələrdən şəhərə nəzarət etmək üçün, hətta kameralar qoyublar. Şəhəri gəzərkən bir neçə yerdə də ermənilərin qurduğu kameraları gördüm.

Təbii ki, məscidi oxşadım, məscidin qapısını oxşadım, öpdüm və bu müqəddəs ziyarətgaha daxil olub bütün şəhidlərimizin ruhuna bir "Fatihə" surəsi oxudum.

Vədimə əməl edə bilmədim, yəni Qarağacıda anamın və qardaşımın qəbirlərini ziyarət edə bilmədim. Qarağacının təxminən uzunluğu 2-3 kilometr, eni də 1,5-2 kilometr olar, yəni normal bir kənddən böyükdü. Yolun sol tərəfindəki qədim hissəsi təmiz dağılıb və taxıl əkilib. Sağ tərəfi də yenə tam dağılıb, bir başdaşı da yoxdu. Bunu videolarda görmüsünüz. Kimsə əzizlərinn basdırıldığı yeri yalnız fəhmlə tapa bilər. Həm də ərazi minalanıb. Ona görə də Qarağacı qəbiristanlığına girmədik.

Dövlət Dram Teatrının qabağında maşından endim. Və getdim evimizə. Məmməd də mənlə gedirdi. Onların evləri «Dostluq» kinoteatrının qabağında, Ağdamın ağsaqqallarından biri Zeynal Məmmədovun rəhbərlik etdiyi Həmkarlar Təşkilatının arxasındaydı. Bu evdə Məmmədin atası Nizami Əliyevlə o qədər yeyib-içib, dərdləşmişdik ki.

Məmməd dedi ki, Aqil əmi, sən get, mən gəlirəm arxanca. Və tək yola düşdüm. Heç demə, Məmməd məndən xəlvət ANAMA-ya qulaq asmayıb gedib girib həyətlərinə və vaxtilə anasının ona qayqanaq bişirdiyi tavanı da tapıb, bir dənə də sapılca.

Mən də gedirəm məhləmizə.

Ağdamın bütün küçələrinin hər iki tərəfini qazıblar. Kanalizasiya turbalarını, su kəmərlərini, qaz turbalarını söküb apardıqlarından mənim getdiyim Nizami küçəsinin vaxtilə 20 metrlik eni indi olub 5-6 metr.

Və ən maraqlı hadisə o idi ki, onların bütün qazdıqları yerlərdə nar və əncir ağacları bitib. Və bunların hər ikisinin adı «Quran»da adı keçir. Narlar paçallayıb. Həm əsgərlər, həm də ANAMA bildirir ki, yoldan çıxmayın, çünki yolları təmizləyiblər. Dedim əşi, cəhənnəm ey, bu şəhərin ölən oğullarından artıq deyiləm ki! Və keçib bir paçal nar üzdüm. Adi nardı da. Amma mən həyatımda bu qədər dadlı meyvə yeməmişdim. Üstüm-başım da batdı. Qayıdanda dostlar dedi ki, Aqil müəllim, üst-başın nara batıb. Dedim, ə, şəhidlərimizin üstündə güllələr nar açmışdı, nolsun.

Və bir də gözləyirəm Məmməd gəlib çıxmır. Biz məhləmizə çatanda Məmmədi uzaqdan gördüm ki, qaça-qaça gəlir. Məmmədgillə bizim evimizin arası olar 500 metr. Tərs kimi telefonumun şarjı bitib. Heç nə çəkə bilmirəm. Məmməd gəldi çıxdı. Getdim evimizə. Həm əsgərlər, həm polis, həm də ANAMA xahiş etmişdi ki, həyətinizə girməyin, tələ ola bilər. Hasarımızın yanında, daha dəqiq desək, təxminən 10 metrliyində dayandım və həyətimizə baxdım. Dağılıb – bilirik də, daş-qalaqdı – bilirik də.

Çox qəribədir ki, 1963-cü ildə Ağdama köçəndə bizim həyətdə bir dənə də ağac yoxuydu. Bütün ağacları ya Bayatdan gətirib əkmişdim, ya da Ağdamdakı Kənd Təsərrüfatı Texnikumunun həyətindəki şitilliklərdən oğurlamışdım, ya da şəhərin küçələrindəki küçükləyən gilasları, gilənarları və digər ağacları çıxarıb həyətimizdə basdırmışdım. Həyətimizdəki bütün ağacları kəsiblər, amma bircə mənim 1963-cü ildə əkdiyim gilas ağacı dururdu. Həmin gilas ağacı böyüyüb yüksək gərginlikli elektrik xətlərinə çatmışdı. Atama gəlib deyirdilər ki, təhlükəlidi, bu ağacı kəsin, atam da heç vaxt onu kəsmədi ki, oğlum əkib . Və həmin ağac dururdu.

Həyətimizdəki bütün ağacları özüm əkmişdim, bircə fındığı atam Zaqataladan gətirib əkmişdi.

Durdum və xeyli əkdiyim ağaca baxdım və gördüm ki, həyətimizin bərəklti qaçmayıb.

İndi atamın evini tikəcəm, həyətdə yeni ağaclar əkəcəm. Yenə Bayatdan gətirəcəm və Ağdamın küçələrində küçükləyən gilas və gilənarların küçüyündən gətirib əkəcəm. Övladlarım və nəvələrim o meyvələri dadacaqlar və ata yurdumda məni yad edəcəklər. Düzdür, ölməyə həvəsim yoxdur, ola bilər ki, həmin ağacların meyvəsindən özüm də yedim, inşallah.

Sonra məktəbimizə tərəf getdim – Əli müəllimin məktəbinə. Sonra Surxay müəllimin məktəbinə baxdım - 3 nömrəli məktəbə. Biz iki məktəbin ortasında yaşayırdıq.

Məktəblə üzbəüz Cəmilə xalamgilin eviydi. Dünən 82 yaşında vəfat etdi, amma əsas odur ki, eşitdi ki, mən xalamgilin həyətinə getmişəm.

Və qayıtdım məscidin önünə. Gördüm ki, prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə xarici ölkələrin nümayəndələri, Azərbaycandakı xarici səfirliklərin attaşeləri (nə isə bu sözdən xoşum gəlmir, heç dilim də tutmur) məscidin önündədilər.

Ordan gəldik yenidən İmarətə. Yenidən məqbərələri ziyarət elədik. Yekəlik olmasın, Ağdamın tarixi haqqında və İmarətdəki bu məqbərələr və İmamzadələr haqqında məndən yaxşı bircə tarixçi alim, arxeoloq, professor, həm də mənim kolanım Rəşid Göyüşov bilirdi. Təbii ki, xaricilərə müəyyən məlumatlar verdim.

İmarətdə Xan nəsliylə bərabər həm də vaxtilə Ağdamın məşhur, tanınmış şəxslərinin məzarları vardı. Bəzi ağdamlılar yekəxanalıqlarından öz dədə-babalarını da aparıb orda dəfn edirdilər. İli yadımdan çıxıb, ola bilər 1962, ya 63-cü iliydi Ağdam Rayon İcraiyyə Komitəsi həmin İmarətdə dəfn mərasimini qadağan elədi. Orda təxminən 100-150 (saymamışam) məzar vardı. Oranı da düzləyiblər.

Pənah xanın sandıq sinə daşını çıxarıb atıblar bir kənara, içində heyvan saxlayıbmışlar, hətta taxta qapısı varıydı. İbrahim xanın məqbərəsini dağıdıblar, görünür onun əlindən çox yanıqlıymışlar. Mehdiqulu xanın məqbərəsi yerindədi, onun da sinə daşını çıxarıblar. Məmməd bəy Cavanşirin və Natəvanın qəbirlərini ümumiyyətlə, siliblər. Sadıq Murtuzayev Natəvanın məzarı üstə qranitdən büstünü qoydurmuşdu, o da yoxdu.

İmamzadə bir az durur, onu niyə dağıtmayıblar, başa düşmədim. Ya orda yaşayıbmışlar, ya da nə bilim nə…

Orda yatan seyidlərin cəddi sizi tutsun, necə ki tutdu. Deyirlər Allahın 40 il səbri var, amma bu dəfə Allahın səbri 30 il çəkdi.

İmarətdə stadion durur. Amma Natəvanın öz əliylə əkdiyi 40-dan çox çinarı kəsiblər. Onu da qeyd edim ki, həmin çinarlardan birində ikinci mərtəbə düzəltmişdilər və orda futbolçuların soyunub-geyinmə otağı vardı. Fikirləşin ki, çinar nə boydaydı? Bizim məhlədə ən böyük şərəf «Qarabağ»ın məşhur hücumçusu Şəfəq Hümbətəliyevin çantasını İmarətə daşımaq idi.

Orda «Qarabağ» komandası rəmzi 20 dəqiqəlik oyun keçirtdi. Şərait də yaratdılar ki, Hikmət Hacıyev bir qol vursun. Komandanın sponsoru Tahir Gözəl orda Kuboku qaldırdı, «Qarabağ» komandasının bayrağını qaldırdı. Bütün komanda ordaydı, bircə bu komandanı bütün dünyaya tanıdan Qurban Qurbanov səhhətində yaranan problemlə bağlı iştirak etmirdi. İçi mən qarışıq, hamımız onunla telefonla danışdıq.

Mən demişəm, yazmışam və sözümün üstündə də dururam. Ağdam şəhərində həyat qaynayanda İmarətin qarşısında iki heykəl tikəcəyik – biri Allahverdi Bağırova (ölümündən sonra), biri də sağlığında Qurban Qurbanova.

Demək olar ki, Ağdam şəhərini gəzdim.

Mən «Kent 8» siqareti çəkirəm. Siqaretim qalıb məni mikroavtobusa minənə qədər gətirən dayım oğlu Ceyhunun maşınında. İndi siqaret axtarıram, hamı nazik siqaret çəkir.

Deyirəm:

- Kent səkkiz çəkən yoxdu?

Bir polis zabiti deyir:

- Ə, yekə kişisiniz, qaçın bazardan Məllimə bir siqaret alın.

Görəydiniz onda göz yaşları içində necə güldüm.

Şəhər tam nəzarətimizdədi. Yuxarıda dediyim kimi, hərbçilərə, Ağdam polisinə və Daxili Qoşunların nəzarətinə verilib.

Bir xalam nəvəsi Nişad Allahverdiyev Ağdam polisində baş leytenantdı. Götürüb evə zəng edib ki, dayını görürəm. Mən də səhər zəng edirəm ki, bəs niyə gəlib mənlə görüşmədin? Deyir ki, mənə təhvil verilən postu tərk edə bilməzdim. Yəni görün ki, Ağdam polisi nə qədər dəqiq işləyir. Polis rəisi, polkovnik Pərviz müəllimə deyirəm ki, on gündən sonra bir də gələcəm Ağdama, məni gətirərsən şəhərə.

Deyir:

- Məllim, bütün ağdamlılar və mən səni çox istəyirik. Amma Daxili İşlər Nazirliyinin icazəsi olmadan heç atamı da şəhərə buraxmaram. Xahiş edirəm, gələndə nazirlikdən icazə al.

İnanın, polisimiz belə ayıq-sayıqdı. Geri qayıdarkən ANAMA-nın bir gənc rəhbəriylə tanış oldum. O, məni tanıdı, özü də çox qəribədi ki, Aqil Abbas kimi yox, Məmməd Arazın kürəkəni kimi.

Və dedi:

- Məllim, mən də bəstəkar, dirijor Tofiq Əhmədovun nəvəsiyəm. Sizə söz verirəm ki, gələn dəfə gələndə məhlənizi də, həyətinizi də tam təmizləyəcəyik .

Və onu bağrıma basdım.

Bu mənim Ağdam şəhərinə ilk səfərim oldu. Yəqin on-on beş gündən sonra bir də gedəcəm. Və dediyim sözü tuturam, dövlət icazə verəndən sonra Ağdamdakı ata evimi də tikəcəyəm və ən gözəl ağacları da əkəcəyəm.

Və sonda. Allahverdi Bağırovun qəbrini ziyarət etdik. Yəqin videolarda və şəkillərdə görmüsünüz.

Ağdamda üç şəhidlik qəbiristanlığı vardı. Qarağacıda, Böyük Vətən Müharibəsi abidə kompleksində və bir də Uzundərədə. Allahverdinin məzarı Böyük Vətən Müharibəsi abidə kompleksindədi. Orda 1200-dən artıq şəhid məzarı var. Dəhşətə baxın ey, şəhidlərin qəbirlərini qazıb nəşlərini çıxarıblar, yalnız yerlərində çala qalıb. Onları neyləyirmişlər, ilahi? İnsan bu qədər vəhşi olarmı?

Və yenə sonda. Bu gün sosial şəbəkədə oxudum ki, 6 yaşlı bir uşaq deyib ki, Ağdamın bugünki vəziyyəti Bakı şəhərindən gözəldi və yenidən tikəndə Nyu-Yorkdan da gözəl olacaq.

Yavrum, Ağdam həmişə Nyu Yorkdan gözəl olub. Bir az böyü, «Dolu» romanını oxuyarsan və Ağdam haqqında daha dolğun təsəvvürə malik olarsan.

Və yenə sonda. Xalq artisti Mənsum İbrahimov (qardaşı oğlu da Vətən müharibəsində şəhid oldu) ilıq, yumşaq bir Məcnun səsiylə (Leylinin Məcnunu yox, Qarabağın, Ağdamın Məcnunu kimi) bir «Qarabağ» şikəstəsi oxudu, keçmiş Mədəniyyət sarayının önündə. Ondan sonra da sözü verdi təxminən 12-13 yaşlarında Kənan Bəşirli adlı bir uşağa, o da «Bayatı Şiraz» oxudu. Bu o demək idi ki, nəsillər kəsilmir, davam edir. Ağdam yaşayıb, yaşayır və yaşayacaq!

Bəndəniz də babat bir rəqs elədi. Ağdamın məşhur futbolçusu Vovanın (Vaqifin) oğlu və «Qarabağ» komandası ilə. Bu rəqs havası deyildi, amma sümüyümə elə qəşəng düşdü ki.

Ağdam Qarabağın toy otağıdı. Qoy pandemiya qurtarsın görün yaraları hələ sağalmamış Ağdamda necə gözəl toylar edəcəyik.

Mənim toyum 1981-ci ildə olub Ağdamda, mayın 16-da. İnşallah, 40 ildən sonra - 2021-ci ildə mayın 16-da Ağdamda özümə yeni bir toy edəcəm, özü də kim istəyir gəlsin, pul-zad yazdırmaq olmayacaq.

Özü də toy içkisiz olacaq, necə ki 40 il bundan qabaq atam həyətimizə içki buraxmadığı üçün toyumuz içkisiz olmuşdu. Və qonşuda xalam oğlu, özü də uşaq idi, rəhmətə getdiyinə görə musiqisiz keçmişdi toy. Amma bu dəfə Arif Babayev başda olmaqla, Mənsum İbrahimov başda olmaqla, Rəmiş başda olmaqla, Qədirin səsi başda olmaqla, Ramiz Quliyevin də tarı öz yerində möhtəşəm bir toy edəcəm. Özü də bu, təkcə mənim yox, Ağdamın toyu olacaq!

Hamınız dəvətlisiniz!

Ağdam – Qarabağın toy otağısan!

Qədirlərin, ariflərin, mənsumların oxuduğu

Gül yatağısan!

18 Mart 2024 Bayram günü hava necə olacaq?
18 Mart 2024 Sərhəddə buraxılış məntəqələrinin sayı artdı
18 Mart 2024 Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi
18 Mart 2024 Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
18 Mart 2024 Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
18 Mart 2024 Azərbaycan-İraq əlaqələri müzakirə olundu
18 Mart 2024 Stoltenberq: Onun həyatını azərbaycanlılar xilas etdi!
18 Mart 2024 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 Mart 2024 Sevinc Osmanqızı AXCP-nin “Qabil TV”-sini ağ yuyub, qara sərdi ANALİZ
18 Mart 2024 Novruz əvvəl yaxşı keçirilirdi, yoxsa indi? - VİDEO
18 Mart 2024 Stoltenberq Bakıdan Tiflisə getdi
18 Mart 2024 Rus ordusu 24 saatda 370 hədəfi vurdu
18 Mart 2024 Erməni peyki fotolar çəkir, istifadə edirik - Ayrapetyan
18 Mart 2024 Dördüncü dəfədir, bayram tonqalını... - Prezident
18 Mart 2024 Əfsuslar olsun ki, bu, Ermənistana dərs olmadı - Əliyev
18 Mart 2024 Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı
18 Mart 2024 Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır
18 Mart 2024 Şeytan yuvası yerlə-yeksan edildi - Prezident
18 Mart 2024 Rusiya ABŞ-ın bu sözlərilə qətiyyən razı deyil
18 Mart 2024 Putin Navalnının ölümündən danışdı: Həyat belədir...
18 Mart 2024 Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
18 Mart 2024 Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
18 Mart 2024 Kamal Abdulla Türkiyə universitetinin professoru seçildi
18 Mart 2024 Növbəti köç karvanı Füzuliyə çatdı
18 Mart 2024 Qarabağda tapılan insan qalıqlarının sayı...
18 Mart 2024 Ölkəmizdə gələn həftədən bu maşın istehsal olunacaq
18 Mart 2024 Novruz bayramı təsviri sənətdə
18 Mart 2024 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir
18 Mart 2024 Yaz bayramı ənənəvi olaraq bütün türk millətlərinin nümayəndələrini birləşdirir
18 Mart 2024 Novruz bayramının mənşəyi, tarixi və adətləri