Son xəbərlər

 

Ailə onun ad gününü onsuz qeyd etdilər. Hər il ad gününə bişirilən tortun üstünə yaşın mübarək yazılırdı.

Bu il doğum günü tortunun üstünə isə ''31 yaş şəhadətin mübarək.'' yazıldı. Bu gün Goranboy sakini vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Elgün Xıdırovun ad günüdür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Qayıtsam da ,qayıtmasam da ,şəhiddə olsam dik durun. Mən burda sizlər üçün, hamı üçün ,vətən üçün varam". Mesajlarını yazmışdı sonuncu dəfə.

Bu gün 31 yaşı, onsuz, lakin onun şəhadəti ilə qeyd edildi igidin. Elgün Xıdırov 23 dekabr 1989-cu ildə Goranboyun Xoylu kəndində dünyaya gəlir. Vətən müharibəsi başlayan gündən isə Füzuli istiqamətində gedən gərgin döyüşlərdə iştirak edir. Leytenant Elgün Xıdırov bölük komandiri olaraq yaralı halda, hərbçiləri xilas etmək üçün digər texnikaya keçərək düşməni məhv edir.

Günel Xıdırova qardaşı ilə sonuncu dəfə əlaqə saxlayarkən, Elgün atasından narahat olduğunu bildirir. Amma şəhid olarsa məğrur dayanmağı istəyir ailə üzvlərindən. Bacısı 31 yaşını cənnətdə qeyd edən yeganə qardaşı ilə fəxr edir.

Elgünün yadigarı olan Davud atasının şəhidlik zirvəsinə ucalmasından xəbərsizdi. Hələ ki, onu şəkillərdə axtarır. Böyüdükcə isə kitablardan oxuyub, doğmalarının dilindən eşidib atasının 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti, qəhrəmanlığı yaddaşına yazacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: